Bazar ertəsi , May 20 2019
Ana səhifə / Şou Biznes / General-polkovnikin qohumu vətəndaşı bankla üz-üzə qoyub

General-polkovnikin qohumu vətəndaşı bankla üz-üzə qoyub

Rüfət Ramazanov: “Himayə olunan İbrahim Axundova heç kim heç nə edə bilmir”

 
“Hesab edirəm ki, bütün qanunlar mənim kimi köməksiz, kimsəsiz və kasıb adamlara tətbiq olunur” – Xəzər rayonu, Binə qəsəbəsi, Əfəndiyev küçəsi ev 66 ünvanında yaşayan Rüfət Ramazanov redaksiyamıza ünvanladığı müraciətində belə yazır. Baş prokuror Zakir Qaralov və daxili işlər naziri Ramil Usubovdan kömək istəyən R.Ramazanov yazır ki, özünü Xüsusi Mühafizə İdarəsinin rəisi general-polkovnik Vaqif Axundovun yaxın qohumu kimi təqdim edən İbrahim Əkrəm oğlu Axundov onu aldadıb.
“Salyan şəhəri, T.Xəlilbəyli küçəsi ev 170 ünvanında qeydiyyatda olan İbrahim Axundovu mənimlə yaxın dostu olan Orxan Əliyev tanış edib. İbrahim Axundov Bakı qeydiyyatında olduğumu bildiyindən xahiş etmişdi ki, özünə ”Kapital Bank” ASC vasitəsilə kreditə aldığı  “Range Rover” markalı maşını adıma rəsmiləşdirsin. Beləliklə,  maşının texniki pasportu mənim adıma rəsmiləşdirildi, maşın bankda girovda qaldı. 48 saylı notariat kontorunda qara rəngli, 2003-cü il buraxılışlı “Range Rover” markalı, Az 90 FO 989 minik maşınını idarə etmək üçün İbrahim Axundova etibarnamə verdim. 3 ay sonra isə bankdan zəng edib dedilər ki, krediti niyə ödəmirsiniz. Belə olduqda bankın “Rabitə” filialına gedib oranın rəhbərliyindən tələb etdim ki, maşını geri alsınlar. Dedilər ki, narahat olma, maşın İbrahim Axundovdadır, heç bir problem yoxdur. İ.Axundova verdiyim etibarnamənin ləğv olunması üçün ərizə ilə müraciət etdim. Oradan Daxili işlər Nazirliyi Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat və İmtahanlar Şöbəsinə və İbrahim Axundova məktublar göndərərək 13 avqust 2010-cu il tarixli 7E-22378 reystirdə qeyd olunan etibarnamə ləğv olunduğu haqda məktub göndərdilər”.
 
Rüfət Ramazanov yazır ki, etibarnamənin ləğvi İbrahim  Axundova nəqliyyat vasitəsini digər şəxsə satmasına maneçilik törətməyib: “Mülkiyyətimdə olan ”Range Rover” markalı maşını saxtakarlıqla başqa şəxsə saxta etibarnamə ilə satdı. Ancaq nə özü, nə də satdığı şəxs maşının banka olan borcunu ödəmədilər. Bu gün də maşının texniki pasportu məndədir. Amma həmin şəxslər maşınımı özlərində saxlamaqda davam edirlər. General Axundovun qohumluğu altında himayə olunan İbrahim Axundova heç kim heç nə edə bilmir. Belə ki, sonuncunun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci  -dələduzluq maddəsi ilə cinayət işi başlanıb. Bakı Şəhər Baş Polis İdarəsinin istintaq şöbəsində guya araşdırma gedir. Ancaq Xəzər dənizində hətta balıqlarında yerini bilən polisimiz general Axundovun qohumudur deyə İbrahim Axundovu polisə gətirə bilmirlər. İbrahim Axundov adıma yazdırdığı “Range Rover” markalı minik maşınını Kənan Quliyevə, sonuncusu da avtosalon işlədən Elxan İmanova satıb. Elxan İmanov isə başqa dövlət qeydiyyat nömrəsi taxaraq maşınını işlədir. Bütün qanunlar mənim kimi köməksiz, kimsəsiz və kasıb adamlara tətbiq olunur. Baş prokuror və daxili işlər nazirindən xahiş edirəm ki, maşın saxlanılaraq banka təhvil verilsin, İbrahim Axundov barəsində qanuni ölçü götürülsün”.
Musavat.com

Həmçinin oxuyun

Natavanla bağlı təklifə “yox” cavabı – Video

Aparıcı Zaur Kamal Əməkdar artist Röya Ayxana küsülü olduğu müğənni Natavan Həbibi ilə bağlı sual …

Bir cavab yazın