Ana səhifə / Şou Biznes / Gəlinlik donu uçurumda xilas etmir…

Gəlinlik donu uçurumda xilas etmir…

Gələcək həyat yoldaşımızı düzgün seçməyi bacaraq
Lap tutaq ki, gəlinliklə də toy etdin, lap bəzək-düzəkli. Hamı da orda oldu. Hər növ hazırlıq da yüksək səviyyədə. Hətta rəqqasələr də əsrarəngiz performans göstərdilər. Amma bunların heç biri sonrakı uçurumdan səni qurtara bilmir. Daşıdığı adətlərlə yükləndiyi üçün kimisə qınamıram mən, yanlış anlamayın. Bu qədər hədsiz mərasim hazırlıqları edəcəyimiz yerinə, insan münasibətlərini qurmağı öyrənməyə hazırlıq edə bilməyi deyirəm. Bəyəndiyimiz estetik görünüşləri tapmaq üçün hər bir xarici ölkəyə sifariş verə bilirik, onların gətirilməsini təşkil edirik. Lakin, özümüzü, həyatımızı birlikdə daşıyacağımız insanı kəşf etməyə, öyrənməyə, dil tapmağa bu qədər hazırlaşmır, bunun üçün enerji xərcləmək istəmir və ya bilmirik. Bəzən bunun kökündə “nə deyərlər?!”, “ayıbdı”lar durur. Əslində, bu, evimizdəki həddindən artıq qonaqpərvərlik qayğısından da qaynaqlanır. Qonağı lazımınca qarşılayıb hörmət-izzətlə yola salmaq üçün yaxşı təşkilatçılıq edək, süfrəyə ən gözəl qablarda təamlar düzək, əks halda ayıbdı, filən-bəsməkanlar…
Nə qədər kəskin fərqliliklərdi, insan ayrımıdır. Hörmətin ən lazımsız, yüksək həddə olması. Uşaq dinməsin, qonaq danışır ayıbdı, özümüz istifadə etmədiyimiz əşyalar qonağa qoyulsun ayıbdı… Biz də qonağın yediyi eyni qab növlərində yeyib içməli olduğumuzu da, uşağın danışdıqca harda nə danışacağını öyrənməklə böyüməsi lazımlığını da unuduruq bu söhbətlərdən dolayı. 
“Ayıbdı” dan gəlib bizim o xoşbəxtlik rəmzi daşıyan ağ gəlinliyə qayıdım. Nədən sonrakı böhranlı həyatımızı xilas etmir o gəlinlik?! Övladların çəkdiyi əziyyətlərə göz yumulur, uçurum gəlir. Atasızlıq, anasızlıq…. Gələcəyin başı bəlalı həyat hekayələri yazılır. Niyə kimsə xilas edə bilmir o uçurumdan övladları?! Gəlinlik seçməklə məşq edə bildiyimizdən daha çox gələcək həyat yoldaşımızı özümüzə seçməyi bacaraq. “Əlini at bir ovuc torpaqdı götür”, – deyən qonşunu da, “Çox çək-çevir etmə, onsuz da nə olacaqsa axırda o olacaq”, “Adamları seçib-seçib evdə qalacaqsan, sənin də ağ gəlinlik geyinən vaxtındır”, “Qismət elə şeydi ki, gələndə gözünü bağlayır görə bilmirsən”, – deyənləri də yalnız “gəlin toyda nə gəlinlik geyinmişdi?”, “hansı qızıllarla bəzənmişdi?”, – sualları maraqlandırır. Yaxud da, “qıza nə cehizi verdilər?”, “toyda hansı yeməkləri verdilər?”, – və sairə, ilaxır. Amma atasız, anasız böyüyən uşaqların həm mənəvi, həm maddi sıxıntıları ilə təkcə aliment məhkəmələri maraqlanır. Mərdləri namərdə çevirdiyi o toy təşkilatçılığı və başqa ənənələri dəyişdirən də bizik, hazırkı “ənənəyə” döndərib etməyənə xor baxan da… Bizim balalarımızı uçuruma aparan toy, şadlıq evi, əmlak xərclərini məhkəmələrdən eşitmək istəmirəm mən. Heç o gəlinliyi də istəmirəm…
 

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın