Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Gədəbəydə sahibkar-başçı davası davam edir… – ŞİKAYƏT VAR

Gədəbəydə sahibkar-başçı davası davam edir… – ŞİKAYƏT VAR

Azərbaycan iqtisadiyyatının bundan sonrakı inkişafı proqramında məhz orta və kiçik sahibkarlığın inkişafı məsələsinin ön plana çəkilməsi, ölkə rəhbərliyinin məhz bu istiqaməti prioritet məsələ kimi diqqət mərkəzində saxladığına bir daha dəlalət edir.

Ölkə prezidenti cənab İlham Əliyev tərəfindən son çıxışlarında bu məsələnin hər dəfə xüsusilə vurğulanması, məmurlara, xüsusən də icra başçılarına yerlərdə sahibkarlığın inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması məqsədilə müvafiq şəraitin yaradılması barədə tövsiyyə və göstərişlərin verilməsi də, bu məsələnin vacibliyindən xəbər verir. Bütün bu proseslərin fonunda isə, bəzi icra başçılarının hələ də öz şəxsi mənfəətləri naminə rəhbərlik etdikləri rayon və bölgələrdə sahibkarlığın inkişafını əngəlləmələri, dövlət başçısının tapşırıqlarına tam etinasızlıq sərgiləmələri bu yüksək çinli dövlət məmurlarının hansı mövqeylərdən çıxış etdiklərini tamamilə anlaşılmaz edir. Bununla belə, açıq-aşkar görünən bir məqam varsa, o da bundan ibarətdir ki, həmin məmurlar öz fəaliyyətlərində qətiyyən heç bir dönüş yaratmaq niyyətində deyillər.

Ən azından Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun vəzifəyə gəldiyi ilk gündən bəri rayonda yerli sahibkarlara, iş adamlarına qarşı sərgilədiyi yolverilməz münasibətində heç bir dəyişiklik etmək niyyətində olmadığı redaksiyamıza bu rayondan daxil olan bütün məlumatlarda öz təsdiqini birmənalı olaraq tapmaqdaır. Ramiz Yediyarovun fəaliyyətində diqqəti cəlb edən əsas məqam isə bundan ibarətdir ki, o, sadəcə rayonda sahibkarlığın inkişafına şərait yaratmamaqla da kifayətlənmir. Əksinə, öz güclərinə, öz vəsaitləri hesabına müəyyən biznes qurmaq istəyən iş adamlarının obyektləri, hətta özəl mülkləri belə icra başçısı tərəfindən dağıdılır və ya zəbt olunur. Təbii ki, bütün bu əməllər tamamilə qeyri-qanuni olaraq həyata keçirilir. Demək olar bütün hallarda, sahibkarlar icra başçısının bu kimi özbaşınalıqları xüsusunda məhkəmələrə müraciət etdikləri zaman, çıxarılan məhkəmə qərarları da Ramiz Yediyarovun əməllərinin qanuna zidd olduğunu təsdiq etmiş olur. Lakin bu məmurun birbaşa dövlət başçısının göstəriş və sərəncamlarına etinasızlıq nümayiş etdirməsinə rəğmən, onun məhkəmə qərarları ilə hesablaşacağını gözləmək qətiyyən ağlabatan deyil.

Qəzetimizin səhifələrində Gədəbəydə mülk və obyektləri dağıdılmış, əmlakları talan edilmiş, torpaq sahələri zəbt olunmuş iş adamları və ya sadəcə vətəndaşlar tərəfindən müxtəlif instansiyalara ünvanlanan çoxsaylı şikayət ərizələrinin mətni dəfələrlə dərc olunub. Vaqif Səfərov, Oktay Qara oğlu, Müzəffər Həsənov, Oktay Əliyev, Rasim Həziyev… Ramiz Yediyarovun özbaşınalıqlarından maddi və mənəvi ziyan çəkmiş, icra başçısının təqiblərinə məruz qalmış sahibkarların siyahısını hələ çox uzatmaq olar. Həm də başçı özü də bu siyahının daima genişlənməsi üçün müəyyən tədbirlər görməkdə davam edir. Bu günlərdə redaksiyamıza daxil olmuş növbəti şikayət ərizəsində də bu hal öz təsdiqini bir daha tapır. Xəyyam Əzimzadə bu yaxınlara qədər Gədəbəydə özünün biznesi olmuş iş adamlarından biridir. Lakin bir çox digərləri ki, onun da biznesi Ramiz Yediyarovun qəzəbinə tuş gəlib.

Öz ərizəsində sahibkar yazır: “Gədəbəydə Heydər Əliyev prospekti 11 “a” ünvanında mənim yanacaqdoldurma məntəqəm vardı. İcra başçısı əvvəlcə məntəqəni əlimdən almaq üçün ən müxtəlif yollara əl atdı. Alınmadı. Bundan sonra icra başçısının göstərişi ilə qanuni obyektim dağıdıldı, məni də, işçilərimi də işsiz, gəlirsiz qoydular. Orada çalışan işçilərimdən biri də Qarabağ veteranı Əli Adıgözəlov idi. Sadəcə obyektimi dağıtdılar. Dedilər ki, guya yol çəkirlər. Sonra dedilər ki, guya park salırlar. Aydın oldu ki, park 100 metr kənarda salınacaq. Bundan sonra da dedilər ki, məktəb tikirik. Lakin bu da yalan çıxdı. Bir də eşitdik ki, yanacaqdoldurma məntəqəsinin olduğu yeri icra başçısı zəbt eləmək istəyir. Qalmışıq məhkəmələrdə. Dövlət orqanlarının verdiyi sənədlər də torpağın, üzərindəki tikililərin mənə aid olduğunu və tam qanuni fəaliyyət göstərdiyini sübut edir. Yanacaq doldurma məntəqəsi 5 il idi ki, fəaliyyət göstərirdi.

Bu məsələ dəfələrlə məhkəmə iclaslarında araşdırılıb və bütün məhkəmlər mənim xeyrimə qərar qəbul edib. Əvvəlki məhkəmədə icra hakimiyyətinin yanacaqdoldurma məntəqəsini sökməsinin qanunsuz olduğu təsdiqləndi. Bundan sonra yeni bir iddia ilə məhkəməyə müraciət etdik. Bizə söküb dağıtdıqları iş yerimizi bərpa edib vermələrini və ya kompensasiya ödəmələrini tələb edirik. Necə ki, qanunsuz olaraq iş yerimizi söküblər, elə də zəhmət çəkib bərpa eləsinlər. Lakin bu günə qədər icra hakimiyyəti tərəfindən heç bir konpensasiya ödənilməyib. İcra hakimiyyəti tərəfindən hədələr alıram və mənə təzyiqlər olunur. Hətta qanuni sənədlərimi göstərdiyim halda icra başçısı bunları göz ardına vurur. Mən sahibkaram, Ramiz yediyarov isə, zəhmətlə qurduğum iş yerimi dağıdıb. İcra başçısının məni, mənim kimi yüzlərlə adamı işsiz qoyması qanuni ola bilməz. Komissiya yaradılsın, gəlib yoxlasınlar, görəcəklər ki, tam qanunsuz olaraq Gədəbəydə sahibkarlara qarşı qərəzli addımlar atılır.

Mən sahibkar olaraq ölkə başçısına üzümü tuturam və xahiş edirəm ki, nazir Fazil Məmmədova güvənən Ramiz Yediyarov barəsində ciddi tədbir görülsün”. Bütün bu baş verənlərdən heç bir nəticə çıxarmayan Ramiz Yediyarov isə, yenə də Gədəbəy sakinlərinə divan tutmaqda, rayonu isə talan etməkdə davam edir. Rayondan aldığımız çoxsaylı məlumatlarda bu da vurğulanır ki, bu gün Gədəbəyə ayrılan dövlət vəsaitləri də həyasızcasına mənimsənilir. Faktiki olaraq rayonun kəndlərində tibb məntəqələri, klub və kitabxanalar, digər dövlət müəssisələri tamamilə fəaliyyətsiz olduqları halda, bu gün həmin obyektlərin “ehtiyaclarına” hər ay külli miqdarda vəsaitlər silinməkdədir. Təsəvvür edin ki, bu gün Gədəbəydən başqa elə bir rayon tapmaq mümkün deyil ki, ordan dövlət başçısına, ölkənin bütün hüquq mühafizə orqanlarına və hətta xarici ölkə səfirliklərinə bu qədər kütləvi müraciətlər olunsun, vətəndaşlar başçının özbaşınalıqlarına etiraz əlaməti olaraq, intihara belə cəhd etsinlər.

Nə qədər ziddiyyətli səslənsə də, bu gün ölkə prezidenti cənab İlham Əliyev işğalçı Ermənistanla üzbəüz mövqelərdə yerləşən Gədəbəy rayonunda quruculuq-abadlıq işlərinin görülməsi, əhalinin sosial rifahının yüksəldilməsi və işsizlik probleminin aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirdiyi halda, yerli məmurların özbaşına əməlləri vətəndaşların güzəranının pisləşməsinə, o cümlədən sosial problemlərin ağırlaşmasına yol açır. Daxil olan məlumatlarda xüsusi olaraq vurğulanır ki, məhz 2012-ci ildən etibarən rayonda məmur özbaşınalıqları daha dözülməz həddə çatıb. Belə ki, Ramiz Yediyarov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin ediləndən sonra yerli əhalini narahat edən problemlərin sayı sürətlə artmağa başlayıb.

Gədəbəy rayonunda cərəyan edən son hadisələr də bunu deməyə əsas verir ki, Ramiz Yediyarov yerli sahibkarlara qarşı hər zaman nümayiş etdirdiyi qərəzli mövqeyini bu gün də olduğu kimi qoruyub saxlamaqdadır. Bu münasibət isə eyni zamanda bir neçə müxtəlif parametrlər üzrə rayonun həm iqtisadiyyatına, həm də ictimai-siyasi həyatına ciddi zərbələr vurur. Hətta bəzi mənbələr haqlı olaraq belə fikir də yürüdürlər ki, Gədəbəy RİH başçısının hərəkətlərində ölkədə sahibkarlığın inkişafını nəzərdə tutan dövlət siyasətinə qarşı yönəldilmiş qərəzli məqamlar aşkar müşahidə olunmaqdadır.

dia.az

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın