Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Füzuli Rayon Təhsil Şöbəsində xoşagəlməz hallar yaşanır  

Füzuli Rayon Təhsil Şöbəsində xoşagəlməz hallar yaşanır  

Rayon təhsilinə qayğısız yanaşan Almaz Həşimovanı niyə durduran yoxdur?

Rayon təhsil şöbələriylə bağlı şikayətlərin kökü kəsilmir. Müstəqil media olaraq həmişə bizə göndərilən şikayətləri araşdıraraq aidiyyəti qurumların diqqətinə çatdırmışıq. Təvazökarlıqdan uzaq olsada qeyd etmək istərdik ki, bu günə qədər işıqlandırdığımız problemlərin çoxunun həllinə nail olmuşuq.

Bu gün isə Füzuli Rayon Təhsil Şöbəsində baş verən neqativ olaylar haqqında müvafiq qurumları məlumatlandırmağı özümüzə borc bilirik. Dəfələrlə regionlardakı təhsil sahəsində vəziyyətin qənaətbəxş olmadığını diqqətə çatdırsaq da, təəssüf ki, bölgələrdəki təhsilin bugünkü vəziyyətiylə maraqlanan yoxdur. Bu səbəbdən də regionlarda təhsilin keyfiyyəti günü-gündən aşağı düşməkdədir.

Füzuli rayonunda da təhsilin keyfiyyətindən söhbət belə gedə bilməz. Belə ki, Füzuli Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri Almaz Həşimovanın yol verdiyi nöqsanlar rayon camaatının təhsilə olan marağını heçə endirib. Çünki RTŞ müdiri fəaliyyətində ciddi nöqsanlara yol verir. Etibarlı mənbələrin verdiyi məlumata görə, Almaz Həşimova icra başçısının adından istifadə edərək rayonda at oynadır. Rayonun icra başçısının himayəsinə söykənərək işlərini yoluna qoyur. Vəzifədə olduğu müddətdə xeyli sayda özbaşına işə imza atan şöbə müdiri külli miqdarda büdcə vəsaitini təyinatı üzrə xərcləməyib.

Şöbə rəhbərinin bu günə qədərki fəaliyyəti yoxlansa, onun xoşagəlməz işlərə imza atması üzə çıxacaq. Belə olan halda isə bu şəxsin məsuliyyətə cəlb olunması qaçılmaz olacaq. Mənbə qeyd edir ki, Almaz Həşimova Füzuli Rayon Təhsil Şöbəsinə işçi götürərkən müvafiq qanunları yaddan çıxarır. Təhsil sistemindən başı çıxmayan adamları işlə təmin edir. Öz yaxın adamlarına təhsil şöbəsində iş verir. Savadlı kadrlar isə işsiz qalır. Ona görə rayon təhsilinin keyfiyyətindən narazı olanların sayı durmadan artır. Bundan başqa rayon məktəblərində çalışan müəllimlərin çoxu da ali təhsili olmayanlardır. Hansısa kursu bitirmiş şəxslər müəllim adıyla orta məktəblərdə çalışırlar. Adi kursda bir neçə ay təhsil almış şəxslər şagirdlərə nə öyrədə bilərlər. Əlbəttə ki, heç nə.

Bütün bunlar isə təhsil şöbəsinin müdirinin işləridir. Şöbə müdiri nəyinsə müqabilində bu cür şəxslərin təhsil sahəsində çalışmalarına şərait yaradır. Bütün bunların hamısı onu göstərir ki, şöbə müdiri öz maraqlarına xidmət etməklə məşğuldur. Rayon sakinlərinin istəkləri Həşimovanı narahat eləmir. Dəfələrlə sakinlər təhsil şöbəsinə müraciət ediblər ki, məktəblərə savadlı kadrlar təyin etsinlər. Hər özünü müəllim adlandıran şəxsləri təhsil sahəsinə gətirməsinlər.

Belə gedərsə, Füzuli rayonunda təhsilin keyfiyyətindən söz belə getməyəcək. Bizə verilən məlumata görə, Almaz Həşimova hər il müəllimləri işdən çıxaracağı ilə hədə-qorxu gəlir. Onlardan nəsə tələb edir. Həmin müəllim və direktorlar işsiz qalmamaları üçün şöbə rəisinin tələbləri ilə oturub-dururlar. Lakin bu vəziyyət artıq müəllim heyətini də bezdirib. Bizə verilən məlumata görə, bəzi müəllimlər işsiz qalmamaq üçün heç bir quruma şikayət etmirlər. Lakin bəzi müəllimlər var ki, artıq bu vəziyyət onların səbr kasasını daşırıb. Artıq vəziyyət elə yerə çatıb ki, şagirdlər orta məktəbə getməyin mənasız olduğunu düşünürlər. Qızlar 9-cu sinifdən sonra məktəbə getmirlər. Oğlanların da əksəriyyəti orta məktəbə oxumağa yox, gün keçirməyə gedir. Ona görə də Füzuli təhsilinin keyfiyyətindən əsər-əlamət qalmayıb. Qarşı tərəfin münasibətini dərc edə bilərik.

gundelikbaku.com

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın