Ana səhifə / Şou Biznes / Focebookda qeyri-əxlaqi… -Hekayə

Focebookda qeyri-əxlaqi… -Hekayə

Mənə noutbuk lazımdır – deyə, Bahar müəllimə üzünü həyat yoldaşına tutdu.
̶ Noutbuku neyləyirsən?
̶ Tədris üçün, dərsə hazırlaşmaq üçün.
̶ Bu da indi görünüb?
̶ Ay Rəhman, İKT-nin tətbiqi ilə bağlı komputersiz yaxşı müəllim olmaq mümkün deyil.
Onların söhbətinə səkkizinci sinifdə oxuyan qızları Günel mane oldu.
̶ Anacan, nolar, inanc yerimiz , ibadətgahımız barədə danış?
̶ Neynirsən, qızım?
̶ Məktəb psixoloqu tapşırıb.
̶ Yadındadır, atan xəstəlikdən qalxanda Seyid Aydın Ağanın ocağına getmişdik?
̶ Hə, hə, ana!
̶ Nə üçün getmişdik?
̶ Qurban aparmışdıq.
̶ Niyə?
̶ Ocaq atama kömək olsun deyə.
̶ Ay sağ ol! Bax , elə o ocaq məkanca bizə ən yaxın olan inanc yerimizdir.
̶ Hə, biri Seyid Aydın Ağanın ocağı, sonra?
Bahar müəllimə gördü ki, qızı Günel söhbəti uzadır. Odur ki, qızına:
̶ Telefonumu gətir – dedi. İstədi telefonda sosial şəbəkələrdən ibadətgahlarımız barədə ətraflı məlumat tapıb, qızına versin.
Söhbəti müşahidə edən ata − Rəhman müəllim müdaxilə etdi:
̶ Qızım, telefonu yox, mənim noutbukumu gətir.
Onlar yazı masasında noutbukun önünə keçdilər. Ata Googleyəgirdi və“İbadətgahlarımız” yazdı. Ekranda siyahı açıldı. Mausu irəli fırladı ki, qızı Günel ziyarətində olduğu , özü ilə ibadətgaha getdiyi tanış bir ibadət yeri gəlsin. Ekranda Beylaqan rayonu ərazisində ibadətgahımız olan Həzrəti Cərciz Peyğəmbərimizin məlumat və fotoları öz əksini tapdı.
̶ Hə qızım – deyib, ata məlumatları oxudu.
Günelə lazım olan qədər bilgi verdikdən sonra onlar mətbəxə keçdilər. Bahar müəllimənin mürəbbəli çayı ailənin axşam istrahətinə xüsusi bir rövnəq verdi. Günel ev tapşırıqlarını icra etmişdi. Çay süfrəsində atasına sığındı. Ata onun uzun , sarışın və yaraşıqlı saçına sığal çəkdi, başından öpdü. O bu nəvazişdən başını atasının qucağına qoydu.
̶ Ağıllı qızım, gözəl balam – deyib, ata onu bir də öpdü. Bahar müəllimə sabah tədris aparacağı məşğələlərin icmalını hazırladığı, ev-eşik işlərini qaydaya saldığı üçün özünü rahat hiss edirdi. Üçlükdə olan söhbətə ailənin ikinci övladı, altıncı sinif şagirdi Ramilə də qoşuldu.
̶ Hə, dərslərimi hazırladım – deyib, atasının üstünə atıldı. Ata onu bağrına basdı, “anam” deyib, öpdü.
Ramilə:
̶ Sizə bir sualım var?!
Ata:
̶ Buyur, qadan alım.
Ramilə:
̶ Kim deyər, sabah nə günüdür?!
Onlar gülüşdülər. İxtiyari olaraq əl çaldılar. Rəhman müəllim hər iki qızını qolları arasına alıb:
̶ Ananızın ad gününə görün nə hədiyyə alacam? – dedi. Bahar müəllimənin isə sabaha dörd saat dərsi var idi. Ağır iş günü , ad gününə hazırlaşmağa yalnız günün ikinci yarsından sonra vaxt ayırmağa imkan yaradırdı.
…Rəhman Baharı tələbəlik həyatında sevmişdi. Dörd illik birgə təhsil onları bir- birinə yaxşı tanıtdırmış, bu tanışlıq-dostluq sonralar məhəbbətə çevrilmişdi. Məhəbbət dolu günlər ailə səadətinə gətirib çıxarmışdı.Universitetin dördüncü kursunda oxuyanda toyları oldu.Müəllimli , tələbəli hamı bu rəvacı alqışlayıb, “Yaxşı gənclərdir, allah xoşbəxt eləsin!” dedilər. O günlərdən iyirmi il keçir.
Bahar ixtisası üzrə işləyir, coğrafiya müəlliməsidir. Rəhman isə beş-altı il müəllim işlədi, sonra dövlət qulluğu üzrə imtahan verib, Meşə Təssərrüfatında işə keçdi. Yaxşı ev-eşik qurublar.
̶ Özüm qədər inandığım insan.
̶ Gənclik illəri geri dönsə, təkrar ailə həyatı qurmaq imkanı yaransa, yenə də səni sevib-seçərdim.
Rəhmanın dilindən hər dəfə bu sözləri eşidəndə Bahar tələbəlik illərini, gəncliyini xatırlayır.
Onlar əvvəl-əvvəl dost idilər. Universitet kitabxanasının akt zalında diplom işi yazarkən hiss edib ki Rəhmanın münasibətində dəyişiklik var. Nəsə demək istəyir, ancaq çətinlik çəkir. Bahar o illərin ucuzlaşmış “Mən səni sevirəm” sözlərini dostundan eşitməsin deyə, münasibəti bir qədər azaldıb.Sanki heç nə duymayıbmış kimi. Tələbə yataqxanasında qızlar hamısı mühazirələri birgə oxuyardılar, Baharın xətti yaxşı olduğundan , uşaqların çoxu seminar məşğələlərinə Baharın mühazirə dəftərindən hazırlaşardı. Rəfiqəsi, otaq yoldaşı Rəna Baharın mühazirə dəftərini açarkən arasında bir məktuba rast gəlir.Imzasına baxmadan xətti tanıyır.Qrup yoldaşı Rəhman yazmışdı.İlk cümlədən hər şey ona aydın olur.Odur ki, məktubu oxumur və özünü rəfiqəsi Bahara çatdırır.
̶ Bacı, dəftərinin arasında məktubun gəlib.
̶ Nə məktub?
̶ Oxumamışam. Al, budur – deyib, məktubu ona uzadır. Bahar yataqxananın məhəccərli balkonuna keçib məktubu oxuyur: “Məni bağışla. Ürəyimin hökmünə qalib gələ bilmədim. Bilirəm, oxumaq, təhsil almaq əvəzinə bu sevdaya düşənləri lənətləyirsən. İnan mən lənətə layiq deyiləm! Sənə qarşı mənim kimi ikili münasibəti, dostumuz Əlinin də sevgisini duydum. Və bu duyğu içimi parçaladı, vücudumu susdurdu. Məktub yazmaq qərarına gəldim. Mən səni sevirəm! Xahiş edirəm münasibətini dəyişmə. İnan, heç kəsə deməmişəm. (Rəhman)”
Bir dəfə də yaz fəsilində universitetdə mühazirə aparan müəllim tələbənin birinə deyir: “Sizin rayonda göbələk çıxıbmı? Həkim uşaqlarıma göbələk tapşırıb. Sənə pul verim valideynlərin alıb göndərsinlər” Bunu eşıdən Bahar yoldaşlarına “uşaq vaxtı həkimlər mənə də göbələk yeməyi məsləhət görmüşdü. O qədər göbələk yemişəm ki, indi də ürəyim istəyir” demişdi. Səhəri gün Rəhman üç kiloqram göbələk tapıb gətirmişdi. Qızlar yataqxanada ləzzətlə yemişdilər. Lap sonralar toy ərəfəsində uşaqlar bu əhvalatı lətifə kimi danişirdı.
…İşin çoxluğundan ad günü axşama planlaşmışdı. Qohum-əqrablar, Bahar müəllimənin iş yoldaşları, qonşular axşamüstünə bir-bir onlara gəlirdi. Hamıdan çox sevinən ailənin övladları Günellə Ramılə idi. Onların sevincinin içində bir nigarançılıq da duyulurdu. Səbəb isə bu idi ki, qonaqların əksəriyyəti onların sevimli müəllimləri, analarının çiyindaşları idilər. Düşünürdülər “ad günü necə keçəcək, qonaqlar razı qalacaqmı.?”
̶ Bahar müəllimə, ad günün mübarək! Həmişə ailənizdə olun, uşaqların xoşbəxt olsun! – deyə, məktəbin direktoru Sadıq müəllim təbrik etdi. Bahar müəllimənin ünvanına olduğu qədər gözəl fikirlər söyləndi. Tələbə yoldaşı, təhsil işində dövlət qulluğunda olan rəfiqəsi
Rənanın zəngi maraq doğurdu. O, şəhərdən zəng edirdi. Baharı təbrik etdikdən sonra Rəhmanla danışdı.
̶ Salam, Rəhman.
̶ Salam.
̶ Xoş gününüz mübarək! Uşaqlar necədir?
̶ Sağolun. Sizinkilər necədi?
̶ Yaxşıdırlar. Rəhman, Bahar göbələyi çox xoşlayır. Ad günündə süfrənizdə varmı?
Rəhman güldü. Xatirələr onu iyirmi il əvvəllərə apardı. Qonaqlar da bunu hiss etdi. Odur Sadıq müəllim təklif etdi ki, Rəhman həm ürək sözləri desin, həm də telefon zəngindən yaranan təbəəssümə açıqlama gətirsin. Rəhman ayağa qalxdı. Rənanın zənginin təsirindən çıxa bilmirdi. Tələbəlik illərinin göbələk əhvalatını danışdı. Hamı gülüşdü, sonra həyat yoldaşı Bahar xanımın yubiley tədbirində iştirak edən qonaqlara öz minnətdarılığını bildirdi. Təbrikə gəlincə isə:
Məhəbbət dolu günlərimin əbədi şahidi, sevimli Günelin və Ramilənin anası! Adıtək bahar təravətli, bahar nəfəsli Bahar xanım! Tələbəlikdən , gənclik illərindən necə böyük məhəbbət və sevgi duymuşamsa, istəmişəmsə, bu gün də elədir. Təbrik edirəm! Peşə uğurları arzulayıram – fikirini söylədi. Hamı alqışladı. Qonaqları yola saldıqdan sonra Rəhman böyük qızı Günelə “anana aldığım noutbuku gətir” dedi. Günel noutbuku atasının yanına gətirdi. O, həyat yoldaşı Baharın əlini sıxıb:
̶ Bu da sənin mübarək komputerin. Ad gününə hədiyyə almışam – dedi.
Həmin gün ailədə ikiqat sevinc yaşandı. Uşaqlar da coğrafiya müəllimləri olan analarına alınmış hədiyyədən məmnun oldular.
Günlər keçdi. Bahar müəllimə noutbuku özüylə məktəbə apardı. Elə günlər oldu ki komputer coğrafiya kabinəsində qaldı. Labarant Narın da müəllimənin koputerindən istifadə edirdi. O çox vaxt feysbukda olurdu. Özünə demədən Bahar müəllimənin adına bir feysbuk profili yaradıb, onun şəkilini də profilə qoymuşdu. Bir neçə dəfə də onun adından yazmışdı. Feysbukda onun inboksuna mesajlar da gəlmişdi. Narın məktəb işçisi olsa da sevimli xobbisi sosial şəbəkələrdə yazışmaq idi. Məktəbdə komputerdə, işdən sonra isə telefonla yazışırdı. Bahar müəllimə bunun üstündə dəfələrlə onu məzəmmət etmişdi.
Rəhman işdə – Meşə Təssərrüfatı İdarəsində boş vaxtı olan kimi komputerin qarşısına keçdi. Feysbuka girib gələn mesajları oxudu, kimlərləsə yeni yazışmalar apardı. Dosluq təklif olunan insanlar içində həyat yoldaşı Bahar müəllimənin də adını və şəkilini görəndə başı fırlandı. Bir qədər özünə gələ bilmədi. İnanmadı. Buna baxmayaraq onun şəkilli və ünvanllı feysbuk inboksuna anonim poçtuyla yazdı.
̶ Salam.
Cavab aldı:
̶ Əleykəssalam
̶ Necəsən?
̶ Yaxşı. Siz?
̶ Mən də yaxşıyam.
̶ Peşəniz?
̶ Komersant.
Davam etdikcə Rəhmanın başının tükü biz-biz olurdu. Məəttəl qalmışdı. Təşviş içində bir də yazdı.
̶ Tanış olmaq olar?
̶ Niyə olmur?
̶ Nə gözəl şəkil qoymusunuz?
̶ Gözəl gününüz olsun.
̶ Məşğuliyətiniz?
̶ Müəlliməyəm.
Rəhman əsəbdən əsirdi. Hiss etdi ki, ürək döyüntüsü yüksəlib, odur ki, müəlliməyə “iki-üç dəqiqə işim çıxdı” yazdı. O isə “noolar, gözləyirəm” yolladı. Bir stəkan su süzüb dərmanlarını atdı. İstədi ki, sakitləşsin, davam etməsin. Ancaq içində püskürən od-alov ona rahatlıq vermədi. Yenə komputerin qarşısına keçdi.
̶ Müəllimə, ailəlisiniz?
̶ Xeyr, subayam.
̶ Bəs niyə?
̶ Axtardığımı tapmamışam.
̶ Sizz…
̶ Nə siz?
̶ Sizz… deerəm.
̶ Ə, nə sızıldayırsan?
Rəhman koputerin arxasında əsməcəyə düşdü. İş vaxtı qurtarmışdı. Komputeri söndürüb, həyətə düşdü. Maşınına əyləşib, mühəriki işə saldı. Arxaya verəndə maşın müdirin maşınına toxundu. Müdirin sürücüsü:
̶ Heyy, müəllim!, deyə, qışqırsa da artıq gec idi. Maşın toxunmuşdu. Rəhman aşağı düşüb, sürücüyə üzrxahlıq etdi. Xəstələndiyini bildirdi. İş yoldaşları ona yardım göstərmək fikirinə düşsələr də o, razılıq vermədi. Maşınını sürüb idarənin həyətındən çıxdı.
…Evə çatanda pörtmüşdü, sifəti və bütün bədəni əsəbdən alergiya içində alışıb yanırdı. Onu ilk qarşılayan həyat yoldaşı Bahar müəllimə oldu.
̶ Noolub, a kişi?
̶ Heç nə, xəstələnmişəm.
̶ Bıy başıma xeyr! Sifətin , üz-gözün kükrəyib. Həkim çağıraq?
̶ Yox, lazım deyil.
̶ Onda çarpayına uzan, sakitləş.
Rəhman çarpayısına uzandı. Bahar müəllimə uşaqlara tapşırdı ki, “atanız xəstələnib, sakitliyə riayət edin.” Sakitlik olsun deyin onlar evdə ayaqucu gəzdilər. Bir-iki saat keçdi. Rəhman durub yuyundu. Bir az ağzına yemək aldı. Nə edəcəyini, söhbəti necə açacağını bilmirdi. Bir az sakitlik yaranan kimi üzünü əks tərəfə çevirib, yoldaşına:
̶ Hə, noutbuku işlədə bilirsən?
̶ Ey, ay Rəhman, vaxt varmı.
̶ Gətir bura öyrədim.
̶ Məktəbdədir. Kabinetdə qoymuşam.
̶ Ay Bahar.
̶ Eşıdırəm canım.
̶ Sənə feysbuk profili yaradacam.
̶ Əşi, ətin tökülsün, nə feysbuk, nə komputer, təki sən yaxşı ol!
̶ Bil ki, feysbukda manyak-zad olur ha!…
̶ Eyy, ay Rəhman, sən məni lap dəli yerinə qoymusan. Xəstələndiyin yerdə bu nə sorğu-sualdır?
Bahar müəllimə mətbəxə keçdi. Düşüncələr beynini dəldi: “Yəni bu kişi ad günümdə aldığı noutbuka görə darınırmı? Yoxsa , məni labarant Narının yerinə qoyur?” Bir fikirə gələ bilmədi.
Rəhman isə ağılı üstünə gələndə beynində dolaşan qaranlıq mülahizələrə görə özü-özünə hesabat verirdi: “Bahar “İlin müəllimi” müsabiqəsinə ərizə verib. Şərtlərdən biri də budur ki, müəllim İKT-nı mükəmməl bilməlidir. Noutbuku da bu niyətə aldırıb. İnana bilmirəm, o feysbukda səmə-səydəş yazışmalarla məşğul olsun. Yazsa belə, o qədər tipoy deyil ki, profilinə öz şəkilini qoysun. Feysbuka girən kimi təklif olunan dostluqda onun şəkili gəlir. Nə bilim? Burda nəsə var”
Səhər aşılmışdı. Bahar müəllimə uşaqları ilə məktəbə getməliydi. Yoldaşının xəstələnməyi onu çaş salmışdı. Istədi işə çıxmasın. Ancaq Rəhman buna razılıq vermədi. Odur ki, onun səhər yeməyini hazırlayıb, uşaqları ilə birlikdə məktəbə yollandı. Birinci saat dərs məşğələsini keçdi. İkinci saat dərsi olmadığından mobilnisi ilə həyat yoldaşını yığdı.
̶ Rəhman, indi necəsən?
̶ Qalxmışam. Həkim çağırmışdım, yardım göstərdi. Narahat olma!
Bahar coğrafiya kabinəsində sənədlərini qaydaya saldı. Üçüncü saat burada məşğələ keçəcəyiydi. Labarant Narın isə həm məktəbin Kür komputerində , həm də noutbukda, eyni vaxtda ikitərəfli yazışırdı. Onun bu hərəkətləri Bahar müəllimənin gərginliyini daha da artırırdı. Birdən üzünü müəlliməyə tutub:
̶ Hər şeyi öyrədəcəm sənə – dedi. Müəllimə Narına xəbərdarlıq etdi ki, öz işi ilə məşğul olsun. O birdə:
̶ Ay Bahar, bu feysbuk həyatdır. Kimlər yoxdu burda – deyə, gülümsədi. Və:
̶ Gəl bura! Bax, sənə də şəkilli feysbuk profili yaratmışam. Emelini və parolunu da yaz götür. Əvəzindən yazışmalar da aparmışam.
Bahar müəllimə ciddi görkəm aldı və uca səslə labarant Narının üstünə qışqırdı:
̶ Yığışdır özünü!
̶ Noolub e?
̶ Bura məktəbdir.
̶ Noolsun?
̶ Yaramaz. Bunun danışığına bax.
Narına söhbətin ciddiliyi yalnız indi çatdı. Bahar müəllimə adına yaradılmış feysbuk profilinə girdi. Orada olan yazışmalardan xəcalət çəkdi. Səhəti pisləşdi. Üçüncü saat başlayırdı. Onda taqət yox idi ki, onbirinci sinifdə coğrafiyadan məşğələ aparsın. Məktəbin direktoru Sadıq müəllim əhvalatı bilən kimi Bahar müəllimənin dərs məşğələsinin yerini dəyişdi və operativ direktoryanı müşavirə çağırdı. Qeyri-pedaqoji və qeyri-əxlaqı hərəkətlərinə görə labarant Narını müvəqqəti olaraq işdən uzaqlaşdırdı. Müşavirə iştrakçılarının yanında o, Bahar müəllimədən üzr istədi.
Məktəbdə tədris yekunlaşdı. Bahar müəllimə evə qayıtdı. Həm öz gərginliyi, həm də həyat yoldaşı Rəhmanın xəstəliyi onun bütün vücudunu silkələyirdi. Əhvalatı sevimli ömrgün yoldaşına danışdı. Rəhman heç nə olmayıbmış kimi dik atıldı. Həmişə dediyi sözlər dilində yox, beynində dolandı: “Özüm qədər inandığım insan… İllər geri dönsə, təkrar ailə həyatı qurmaq imkanı olsa belə, yenə də səni sevib-seçərdim.”
Səxavət Tağlar
 
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
 
yazıçı-publisist

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın