Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Firəngiz Mütəllimova: “O rol mənə şöhrət gətirdi, amma xoşbəxtliyimi əlimdən aldı”

Firəngiz Mütəllimova: “O rol mənə şöhrət gətirdi, amma xoşbəxtliyimi əlimdən aldı”

“Bir anlıq fikirləşdim ki, həyatın sonu budur: həmişə güllər-çiçəklər… İndi isə heç nə…”

Onu xüsusi təqdimata ehtiyacı yoxdur. Xalq artisti, “Səni axtarıram” tamaşasındakı Elçinin “sən yaxşı qızsan, Gülnar” dediyi Firəngiz Mütəllimova ilə müsahibəni təqdim edirik.

 – Necəsiz Firəngiz xanım?

– Şükür Allaha, yaxşıyam. Elə ilk siz dediz mənə ki, yaxşı görsənirsiz. Yaxşı görünürəmsə, deməli yaxşıyam, hər şey qaydasındadır. İyunun 17-də demək olar ki, 3 il tamam olur ağır beyin əməliyyatı keçirdiyim. Yaşadığım hissləri heç kimə arzulamıram. Yəni bilmirdim nəticəsi necə olacaq. Bunu düşünmədən getdim gülə-gülə, elə gülə-gülə də çıxdım, şükür bu günə. Əsas odur ki, Allah dərd verəndə dərman da versin.

– Bəs teatrda hansı tamaşanı oynayırsınız?

– Hazırda İlyas Əfəndiyevin “Qarabağnamə” tamaşasında Tubu xanımı oynayıram. İnşallah, yəqin ki, sentyabr ayında maraqlı bir rolla tamaşaçıların görüşünə gələcəm.

– Bəs teatrdakı vəziyyət necədir?

– Yaxşıdır. Həmişə deyirəm, teatrı yaşatmaq üçün onun güclü repertuarı, maraqlı aktyor heyəti, sanballı rejissorlar olmalıdır.

– Teatrda qalmaqallar bitib deyəsən…

– İndi bəli. Deyir susar, susar, bıçaq boğaza dirənəndə bir kəlmə deməlisən. Bir hədd var da, artıq ona çatanda… Yəni mən indiki durumdan razıyam. Aktyora nə lazımdır, diqqət, qayğı, bir də alqış… Aktyora yuxarıdan aşağı baxan insanları mən sevmirəm və ömrümün sonunacan sevməyəcəm də. Onsuz da aktyordan başqa hamı yaxşı yaşayır, hamı… Məsələn, aktyorluqdan başqa adi bir iş üçün teatra gələnləri kaş ki, imkanım olardı şəkillərini çəkib sizə göstərərdim. İki ildən sonra onlara da baxın, bizə də. Görün onlar necə dəyişirlər, hərtərəfli. Amma aktyoru yaşadan alqışlar, xalqın sevgisidir. Şükür Allaha ki, o aktyorların siyahısında mən də varam, hansı ki, prezidentin verdiyi evdə yaşayıram, prezident mükafatı alıram, səhhətimlə bağlı heç ağlıma gəlməyən insanlar – hansı ki, həyatımda mən onlarla telefonla da danışmamışam-mənə necə yardımlar etdilər. Onda mən başa düşdüm, öz dəyərimi, qiymətimi. Dedim ki, aa, mən də oturmuşam evdə, heç xəbərim yoxmuş ki, mən kim imişəm (gülür).

– Son vaxtlar bəzən ən tanınmış aktyor və aktrisalarımızda belə bəsitlik, cılızlıq müşahidə olunur. Bunu onların həm sənətində, həm də həyatında görürük. Bəzən deyirlər ki, bu, bazar iqtisadiyyatının təzahürü, nəticəsidir. Siz necə düşünürsüz?

– Həyat da bir səhnədir. Kim necə bacarır elə də oynayır. Mən həyatda bir dəfə yaşayıram. Mən həyatda dilənçi obrazına girib və yaxud yolçu kimi özümü aparıb nələrisə əldə etmək istəmirəm ki, mənə kiminsə yazığı gəlsin, kimsə desin ki, bu nə gündədir. Mən yazdıqları kimi, xanım-xatın Firəngiz Mütəllimovayam. Bəlkə də az yeyirəm, onun əvəzində qəşəng geyinirəm. Geyinməyi, gəzməyi sevirəm, qəpik-qəpik üst-üstə pul yığmıram. Kimə, nəyə görə yığacam? Əlimə pul gəldi gedib Azərbaycanı, xarici gəzirəm, ən yaxşı yerlərə gedirəm. Mənim obrazım budur. Səhnə tamam başqadır. Səhnədə dilənçi, yolçu, bir şahzadə də oynaya bilərəm. Mən tam həyatdakı rolum ilə səhnədəki rolumu ayıra bilirəm. Yaltaq, satqın deyiləm, öz ideyam var, məntiqlə hərəkət edirəm.

Ən böyük arzum budur ki, Şuşam işğaldan azad olunsun…”

Bizim haqqımızda düşünməlidirlər. Bizim niyə 5 ilimiz uçdu getdi havaya?! 5 il getdi, yox oldu. Deyirdilər ki, pul azdır, yoxdur. Onda niyə başqa teatrların aktyorları kütləvi surətdə gəlib bizdə oynayırdılar? Onda bizim aktyorlarımız boş-boşuna niyə gəlib-gedirdilər? Bizə rollar təklif olunmalıdır. Mən o xəstələrdən deyiləm ki, deyim ki, mən ancaq baş rolu oynayım, yazılsın ora ki, bu filan rolu oynadı. Yox, 15 dəqiqəlik, amma ürəyimcə olan rolu oynayım. Tamaşaçı məni görsün, mən ona nəsə verim, zövq alım. Çünki səhnə bizi yaşadır.

 -5 il deyəndə teatrın sabiq direktorunun işlədiyi  dövrü nəzərdə tutursuz?

– Bəli. Şəxsən öz adıma danışıram ki, çox əziyyətlər çəkdim, yalanlarla üzləşdim. Bir afişaya baxmaqdan gözüm ağrıyırdı. Hətta mənə truppa rəhbəri zəng edəndə ki, səni filankəs çağırır-heç adını da çəkmək istəmirəm- deyirdim ki, “yenə mənə afişanı göstərəcək ki, sənin yaradıcılıq gecən keçib?” 3 il afişaya baxmışam. Baxırdım, görürdüm ki, yox, başqalarına hər cür şərait yaradılır, başqaları rollar oynayır, başqa teatrlardan da var… 5 il idi ki, prezident təqaüdü yox idi.  Amma indi şükür ki, təqaüd alanlar var. Yəni yol açıldı. Azərpaşa müəllim həm aktyoru sevir, həm istedadlı rejissordur. Bilirsiz axı, istedadlı insanlar heç vaxt paxıl olmur. Həmişə istedadsızlar paxıl olur, hər şeydən qorxur, səksənirlər. Amma Azərpaşa müəllim aktyora dəyər, qiymət verir. Həm də onun yükü ağırdır, sanballdır. Bizə belə adam lazımdır.

– “Səni axtarıram” tamaşası, sizi məşhurlaşdıran Gülnar obrazı, rəhmətlik Yaşar Nuri… O anları, illəri indi necə xatırlayırsız?

– Hər Azərbaycan televiziyasının içərisinə daxil olanda o anların hamısını xatırlayıram… Rejissor Tariyel Vəliyev tərəfindən bu rola təklif aldım. Yaşar Nuri üçün Elçin obrazı artıq yazılmışdı. Amma Gülnarı axtarırdılar. Sınaq məşqlərinə gəldim. O vaxt belə deyildi ki, kimi istəyərlər, çəkərlər. Bədii Şura olurdu, onlar qəbul edirdilərsə aktyor çəkilirdi, etmirdilərsə çəkilmirdi. Yadıma gəlir fikirləşirdim ki, “ərkəsöyün qız obrazına necə, hardan geyimlər tapacam, necə geyinəcəm?” Şükür Allaha ki, onlar da düzəldi. Yaşardan utanırdım. O, mənə çox öyrətdi ki, “düz gözümün içinə bax!”, “hara baxırsan, fikrin məndə olsun!” İlk rol idi, sıxılırdım. Tamaşa bomba kimi partladı. İndiyənə qədər də bunun səs-sorağı gəlir, ondan danışırlar. Xoşbəxtəm ki, məhz elə Yaşar Nuri, Rəfael Dadaşovla, o cür heyət ilə biz bu tamaşanı ərsəyə gətirdik.

– Deyəsən, elə Gülnarın taleyini yaşadız həyatda?

– Yox. Heç mənim o tale ilə əlaqəm olmadı. Görürsüz, necə təbii alınıb ki, insanlar belə bilir. Bəlkə də tənhalıq cəhətdən oldu ki, ailə qurdum, övladım olmadı, ayrıldım… Gülnar obrazı məni insanlardan uzaqlaşdırdı. Mənə elə bildim ki, bir anlıq, məni sevən insanlar, oğlanlar, evlənmək təklifi edənlər onlar Gülnarı sevir, məni yox. Yəni o rol mənə  şöhrət gətirdi, amma xoşbəxtliyimi əlimdən aldı. Mən qərar verə bilmirdim, qalırdım çırpına-çırpına. Bilmədim kim Firəngizi, kim Gülnarı istəyir?

– Yəni sonda Gülnar kimi sevmədiyiniz şəxslə evlənmisiz?

– Hə. Sevməsəm də çox istəmişəm. Sevgi başqadır. Sevib evlənib, 3 gündən sonra ayrılmaq da olar. Amma əsas hörmət və istək olmalıdır… Bəlkə də həyatımda onun məni güldürdüyü qədər heç kim güldürə bilməyib, yaşadığım müddətdə. Dünyanın yarısını onunla gəzmişəm, həyatımda görmədiyim hədiyyələri mənə vermişdi. O da mənim həyatımın bir anı idi, yaşamışam.

– Azərbaycanlı idi?

– Bəli. İran azərbaycanlısı. Amma İngiltərə vətəndaşı idi.

– Ayrılmamaq üçün inad etmədi?

– O, Azərbaycanda yaşamaq istəmirdi. Bilmirdim onda nə cazibə qüvvəsi var idi, nə edirdi başım çıxmırdı, qalırdım gəlmirdim. Ona görə də axırıncı dəfə gedəndə vəkil ilə getdim və dedim ki, onu qoymayın mənə yaxın gəlsin. Salam versə də əli mənə dəyməsin. Yoxsa əli dəydisə deyəcəm ki, mən qalıb getmirəm… Ona da əlbəttə ki, çətin idi. Biz düşmən kimi ayrılmadıq. Bəlkə də övladımız olsaydı biz ayırılmazdıq. Ayrılandan 10 il sonra mənə zəng etdi. Mən bunu gözləmirdim. Dedim ki, məni narahat eləmə. Qurtardı hər şey.

– Bir neçə televiziya tamaşalarına çəkilsəniz də kinolara az çəkilmisiz.

– Bəli. Gənc vaxtı filmə gedəndə sınaq çəkilişlərinə gedirdik və görürdük ki, başqa ölkədən gələn hamı keçir, biz keçmirik. Ona görə də dedim ki, mən bir də filmə çəkilmirəm. Çağıranda da getmirdim. Çəkildiyim filmlərə də sınaqsız çəkilmişəm. Deyiblər ki, gəl, səni çəkirik.

– Bəs indi dəvətlər varmı?

– Yox. Son olaraq “Sonuncu qala” filminə çəkilmişəm. Filmlər olur, çəkirlər. Lakin mən hələ ki o filmlərə çəkilmək istəmirəm. Yəni kommersiya tipli filmlərə çəkilmirəm.

– Amma seriallara çəkilirsiz.

– Bəli. Demək olar neçə müddətdir ki, bir serialda, “Bacanaqlar”dayam (hazırda “Eks bacanaqlar” adlanır). O da mən getmişdim ki, uşaqlar təzə başlayırlar, onlara dəstək olum. Hardasa 10 serial çəkilim sonra çıxaram dedim. Lakin hələ çıxmıram, çünki özümə qarşı o qədər diqqət, qayğı, məhəbbət, hörmət görürəm ki.

– Oktay Mir-Qasım müsahibəsində belə bir söz işlətmişdi ki, “seriallar aktyorlarımızı öldürür”. Siz necə, yaradıcılığınızda bir fərqlilik gördünüzmü?

– Oktay müəllim bəlkə onu yeni başlayanlar üçün deyə bilər. Əgər belə idisə onda niyə Oktay müəllimin özü “Qaynana” serialını çəkdi, o da yarımçıq qaldı. Onda o kimə lazım idi? Mənə elə gəlir ki, indi uzun ömürlü olmaq, dərdləri unutmaq üçün insanların komediyalara baxmağa ehtiyacı var… Orda biz neyləyirik ki, ancaq zarafatlardır. İndi Oktay müəllim serial çəkmir deyə seriallarda çəkilənlər ölür?! Düz fikir deyil, mən razı deyiləm onunla.

– Başqa həmkarlarınızdan fərqli olaraq mətbuata daha rahat, acıqsız. Cəsarətli açıqlamalar verirsiz. Hətta bu yaxınlarda bildirmişdiz ki, uzun illərdir ki, nikah olmadan… (sözümü tamamlanmasını gözləmədən cavab keçir)

– Yox, o tamam səhv anlaşılmışdı. Mən ona görə özümə söz verdim ki, bir daha şəxsi həyatımla bağlı heç nə danışmayacam. Mənim fikrimi düz çatdırmamışdılar. Əgər qadın, kişi özünə baxırsa, formadadırsa o demək deyil ki, nəsə olsun. Sənin həyatında ürək dostun ola bilər. Arzu edirəm ki, hər qadının mütləq ürək dostu olsun, tək qalmasınlar.

– Təksiniz?

-Yox, tək deyiləm. Heç tək olmaq da fikrim yoxdur. İllərdir ki, mənim ürək dostum var, sirlərimi deyirəm. Bir-birimizə qarşı çox sədaqətli, bir-birimizi başa düşən insanlarıq.

– Çoxlu sayda titullar almısız, kifayət qədər tamaşaçı sevgisi əldə etmisiz. Yəni xoşbəxt aktrisa demək olar sizə. Bəs qadın kimi xoşbəxtsiz?

– Yox. Heç kim tam xoşbəxt ola bilməz. Qadın kimi xoşbəxtəm ona görə ki, nümunəvi ailəm, bacımın tərbiyəli balaları, qardaşım, yeznəm var.

– Nə qədər çıxıb “Yaşarla mənim aramda sevgi olmayıb” desəniz də tamaşaçılar həmişə sizi sevgili görmək istəyib. Bəlkə doğrudan da bunu etiraf etməkdən çəkinmisiz?

– Yox, əksinə. Biz Yaşarla həyatda başqa münasibətdə olmuşuq. Deyib-gülmüşük. Hətta neçə dəfə davalar etmişik, küsülü qalmışıq. Amma Yaşar da bilirdi ki, mənim həyatımda kim var. Və mən Yaşarı aktyor, dost kimi çox istəmişəm. Əslində Firəngiz kimi elə kişi idealım olmayıb. Mənim idealım tamam başqa cür olub… Keçən cümə axşamı da Yaşarın da, İlhamə xanımın məzarını ziyarət etdim. İlhamə xanımın məzarında məni dəhşət ağlamaq tutdu, heç özüm də bilmədim. Bir anlıq fikirləşdim ki, həyatın sonu budur də. Həmişə  güllər, çiçəklər… İndi isə heç nə yox. Gülləri qoyanda çox pis oldum. Ona görə fikirləşdim ki, gərək davranışda, hər şeydə ehtiyatlı olmaq lazımdır.

– Azərbaycan cəmiyyətində “aktrisa ilə evlənmərəm”, “aktrisa mənim gəlinim ola bilməz” deyə düşünənlər, aktrisaya ancaq məşuqə gözü ilə baxanlar az olmayıb. İndi necə o fikir, düşüncə dəyişibmi?

– Tam dəyişib. İndi ali təhsilli, yaxşı vəzifələrdə çalışanlar istəyirlər ki, onların uşaqları filmlərdə çəkilsin, seriallarda oynasın. O vaxt doğrudan da çətin idi…

– Hazırda ən böyük arzunuz nədir?

– Ən böyük arzum odur ki, Şuşanın “yeddi dolama”sını  piyada gedim, itburnu yığım. Hətta razıyam ki, Şuşanın içinə girməyim, amma kənardan görüm ki, Şuşam işğaldan azad olunub…”

Musavat.com

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın