Cümə axşamı , Avqust 22 2019
Ana səhifə / Şou Biznes / Fikrət Qoca: “İstedadsız şairlərin əlinə vəzifə keçsə baş kəsər…”

Fikrət Qoca: “İstedadsız şairlərin əlinə vəzifə keçsə baş kəsər…”

Şair, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Azərbaycanın xalq şairi Fikrət Qoca 525-ci qəzetə müsahibə verib.
Azinforum.az müsahibəni oxucularına təqdim edir:
– Fikrət müəllim, ailənizin sizin şair kimi yetişməyinizdə rolu olubmu?
– Əlbət ki. Poeziyanın ilk toxumları balaca Fikrətin qəlbinə Atamın, Anamın türk ədəbiyyatından, bizim şairlərdən düşüb. Biz səkkiz bacı-qardaş idik. Hətta şeirlə yazılmış “Vaqif” pyesini rolları aramızda bölüşüb oynayırdıq. Hətta Atam, Anam çox yaxın adamları evə qonaq dəvət edib bizim tamaşaçımız olmağını xahiş edirdilər. Doğrudu ailəmizdə uşaqlar hamısı şair olmadı. Lakin hamısının qəlbində poeziyaya məhəbbət hələ də yaşayır.
– İlk misralarınız necə yarandı? Nə zaman hiss etdiniz ki, poeziya sizin taleyinizdir?
– Çox kiçik vaxtlarımdan şeiri, nağılı sevirdim. Amma hələ indi də şeirin mənim taleyim olub-olmadığını bilmirəm. Öz içimdən məni məcbur edən şeirləri görəndə ki, yazmasam, dinclik tapmıram. Onda yazıram, canımı qurtarıram.
– Müasir Azərbaycan poeziyasını necə qiymətləndirirsiniz? Rusdilli yazarları da nəzərə almaqla.
– Ədəbiyyatımız var.  Ədəbiyyatımızın inkişafı üçün mühit də var. Biz onu bir müstəvidə görürük. İlk baxışda intonasiyaların, formanın, hətta bəzən mövzuların zəif təkrarı insanda bədbinlik yarada bilər. Amma bizim çox qədim və zəngin ədəbiyyatımız var. O özünü içəridən tənzimləyir. Xaotik ədəbi mühit özü əslində inkişafın əlamətidir. Bu ədəbiyyat “tozanağında” adama elə gəlir ki, ədəbiyyat dairə vurur, qapanır, təkrar edir. Diqqətlə izləsəniz görəcəksiniz ki, qapanmır speralvari inkişaf edir. Bu inkişaf yolu qədim zəngin ədəbi kökləri olan ədəbiyyatlara məxsusdur. Bədbin olmağa əsas yoxdur. Yazıçılarımız, şairlərimiz var. İstedadlı gəncliyimiz də bizi sevindirir. Sadəcə indi yaşlılar arasında da, gənclər arasında da yazmaq istəyən çoxdur. Olsun! Onlar şair, yazıçı olmasalar da ədəbiyyatın qədrini, qiymətini bilən insanlar olacaqlar. Yaxşı oxucu zəif yazardan qiymətlidir.
Rusdilli ədəbiyyatımıza gəldikdə orada da eyni vəziyyətdir. Azərbaycanda yazan-yaradan insanlar hamısı milliyyətindən, dinindən, dilindən asılı olmayaraq  hamısı Azərbaycan yazıçısıdır. Azərbaycan ədəbi mühitinin ayrılmaz bir parçasıdır. Əgər hələ on ikinci əsrdə Gəncədə Azərbaycan şairi Dahi Nizami Gəncəvi farsca yaza-yaza dünya poeziyası səmasında Azərbaycan planeti kimi parlaya bildisə, heç kəs deyə bilməz ki, dahi olmağa dilim mənə mane oldu. Bütün zamanların böyük şairi Füzuli Kərbəlada yaşayıb-yaradıb. Uluları Azərbaycandan gedib. Özü heç Azərbaycanı görməyib. İmam Hüseynin məqbərəsində qulluq göstərməyi özünə şərəf bilib. Lakin onun Leyli-Məcnunu bütün rəngləri, nəfəsi, bənzətmələri hissiyyatı, yazılış tərzilə Azərbaycan poeziyasından doğulub. Qapalı otaqda olan ağaclar yazın gəlişini hiss edib yarpaqladığı kimi, quşlar səhər yox, səhərin gəldiyini duyub oyanır, oxumağa başlayırlar. Füzuli də elə o duyğu ilə “Leyli və Məcnun”u Azərbaycan şairi kimi yazıb. Azərbaycanda da xalq Füzulini görmədiyi və yaxşı tanımadığı halda “dərd, əzab” barədə gileylənəndə məhz Füzulinin dilindən adı ilə iki misra yaradıb:
Füzuli dərd əlindən dağa çıxdı,
Dedilər, bəxtəvər yaylağa çıxdı.
Füzuli qələminə layiq misralardı. Amma mən Füzuli yaradıcılığında bu misralara rast gəlməmişəm. Boynuma alım ki, mən Füzulişünas deyiləm, ola bilər var mən oxumamışam.
Mən ilk dəfə bu misraları atamdan eşidəndə on bir yaşım vardı, atamdan soruşdum:
– Ata, Füzuli ağdaşlıdı?
– Yox, oğul çox uzaq illərdə, uzaq ölkədə rəhmətə gedib.
– Ağdaşlı idi, eləmi?
– Deyirsən, qoy olsun ağdaşlı – deyib güldü.
– Bizdə bədii tərcümə sahəsində vəziyyət necədir? Mümkünsə, Sovet dövrü ilə müqayisəli şəkildə fikir bildirərdiniz.
Bu, nizamlanmaya, nəzarətə ehtiyacı olan bir sahədir. SSRİ dövründə bu sahə saat kimi işləyirdi. İllərin planı tutulurdu. Bu məkanda olan yaşlı yazıçıların da, gənc və istedadlı tanınmış yazıçıların da kitabları plana salınırdı. Tərcüməçilər təyin olunurdu. Bu da təsərrüfatın bir sahəsi kimi planlı şəkildə yerinə yetirilirdi. Bu sistem dağıldı. O sistem də ideal deyildi. Onun da mənfi, müsbət cəhətləri vardı. İndi müstəqil ölkəyik. Azadıq. Bir çox sahədə hələ təcrübəsiz olduğumuz gözə çarpır. Bu sahədə cavanıq. Amma iş görülür. İnkişaf var. Bu sahədə Prezidentin sərəncamları yerinə yetirilir. Dünya ədəbiyyatının inciləri dilimizə tərcümə edilib və edilir. Burda hər şey özümüzdən asılıdır. İstək var, imkan da var, görülən işlərdə görüləcək.
– Yaşınızın bu ucalığından baxıb deyə bilərsinizmi illər insanın daxili aləmini dəyişirmi?
– Daxili aləm varsa, yəni Allah veribsə illər insanın köməyi ilə onu dəyişə bilər. Baxır hansı istiqamətə.
– Sizin həyat kredonuz?
– Hər insanın qəlbində Allahın vicdan adlı kiçik bir səfiri var. Hər işi onunla razılaşdırıb görsən haqlı olarsan. Ən əsası isə hər axşam rahat yata bilərsən.
– Bəs həyat formulunuz?
– Mən formulsuz yaşayıram.
– Gənclik və uşaqlıq dövrünüzdən hansı epizodlar yaddaşınıza həkk olunub?
– İndi mənim səksən iki yaşım var. Əsərlərimizdə bu sualın bir çoxuna cavab tapmaq olar.
– Ömrünüzün müxtəlif dövrlərində poeziyaya münasibətiniz necə dəyişib?
– Mənim poeziyaya münasibətim məhəbbətdir. Məhəbbət insan ömrünün hər bir anında onu yaşadan yanacaqdır. O necə dəyişə bilər.
– Müasir Azərbaycan poeziyasının mənfi və müsbət cəhətləri haqqında düşüncələrinizi bilmək istərdim.
– Bu poeziyada müasirlik də var, müsbət cəhətlər də çoxdur, mənfi cəhətləri də lazımca taparsan.
– Hansı xalqların poeziyası daha çox xoşunuza gəlir?
– Bütün xalqların xalq yaradıcılığı. Poeziyaya gəlincə, ondan danışmaq üçün qalan ömrüm azlıq edər.
– Bilirəm ki, rus poeziyasına biganə deyilsiniz. Kimin və hansı misraları qəlbinizdə yaşayır?
– Rus poeziyası okean kimidir. Onu qəlbə yerləşdirmək olmaz. O poeziya səni uda bilər öz məhəbbətilə, səmimiliyi ilə səni həzm edər.
– Elə məqamlar varmı ki, hərdən təəssüf hissi ilə xatırlayırsınız?
– Düzəldə bilməyəcəyim keçmişi xatırlamağı xoşlamıram. Əsas odur ki, gələcəkdə onları təkrar etməyim.
– Həyatınızda sizi ən çox nə təsirləndirib: qəzəb yoxsa biganəlik? Bəs yaxşılıq nümunəsi kimi?
– Birinci biganəlik, ikinci yamanlığa yaxşılıq.
– Deyirlər, insan yaşa dolduqca müdrikləşir. Hansı vəziyyətdə insan tez müdrikləşə bilər, hansı vəziyyətdə müdriklik gecikə bilər?
– Məncə, müdriklik Allah payıdı. Onun qocalığa cavanlığa dəxli yoxdur. Şəraitə görə müdriklik varsa, artıra bilərsən. Yoxsa, Allah sənə müdriklik verməyibsə, neyləmək olar. Nəyə qadirsən onunla yaşamaq lazımdır. Görüləsi iş çoxdur.
– Şairin əlinə yüksək mövqe, vəzifə keçsə, necə düşünürsünüz, qəddarlıq edə bilərmi?
– Dad yarımçıq əlindən. İstedadsız şairlər əlinə vəzifə keçsə baş kəsər, həm də birinci növbədə istedadlı şair başı. Öz yarımçılıqlığının hayıfını şairdən alar. Amma əsl şair üçün hökmranlıq, yüksək vəzifə ona ən ağır cəzadır.
– Şairlər xüsusi növ insanlardır, yoxsa?
– Əlbət ki, şairlər fərqlidirlər. Onlar öz barmaq izləri kimi, həm öz həmkarlarından fərqlidirlər, həm də başqa insanlardan. Bəzən də qəsdən fərqlənmək istəyirlər. Şairlərin ən səmimi anları yazdıqları ən yaxşı şeirlərdədir.
– Hansı filmlər sizin zövqünüzcədir? Təkrar baxa bilərsiniz? Hansı kitabları təkrar oxuya bilərsiniz?
– Sənədli filmləri, təbiətlə bağlı çəkilənləri sevirəm. Bir də məhəbbət filmlərini. Şeir kitablarını, “Qətl günü”nü və “Don Kixot”u təkrar iki dəfə oxumuşam. Hərdən darıxanda varaqlayıram. Rəsul Rzanın “Rənglər”ini bizim bu, rəngi azalan dünyada tez-tez oxuyuram.
– Əgər sizə dünyanı kamilləşdirmək kimi bir imkan verilsəydi, nədən başlamağı tövsiyə edərdiniz?
– Məsləhət görərdim ki, hər kəs özünü kamilləşdirməkdən başlasın.

Həmçinin oxuyun

Manafın qızı ikinci həyat yoldaşından da ayrıldı – VİDEO

Manaf Ağayevin qızı Səmayə ikinci həyat yoldaşı Taleh Hüseynovdan da ayrılıb.Müğənninin kürəkəni bu gün keçmiş …

Bir cavab yazın