Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Fazil Mustafadan cavab: “Qudurğanlıqdan 200 minlik maşın sürən…”

Fazil Mustafadan cavab: “Qudurğanlıqdan 200 minlik maşın sürən…”

“Baxıram saytlarda verdiyim şərhə bir sıra geri zəkalı, hüquq anlamaz, hər hadisəni nifrət üzərindən şərh etməyə çalışanlar ədəbsiz formada bizi guya vəzfəli şəxsi müdafiə edən kimi ittiham obyektinə çeviriblər”.

Bunu millət vəkili Fazil Mustafa baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus “Mercedes Gelandewagen” markalı avtomobillə törədilmiş dəhşətli qəza ilə bağlı verdiyi “Deputat “Qaçqınkom” sədrini müdafiə etdi” başlıqlı açıqlamanın sosial şəbəkələrdə müzakirəsini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu cür şərh yazan insanların xeyli hissəsinin hüquqi savadı yoxdur:

“Mətni oxuyub təhlil edə bilməyənlər başlığa çıxarılan cümləyə baxıb ancaq ittiham edə bilirlər. Mən heç kimi müdafiə etmirəm, hüququn prinsiplərindən danışıram. Məmurlara olan mənfi münasibətə görə hadisənin mahiyyətini bir kənara qoyub artıq günahkar barədə hökm kəsirlər. Azərbaycanda şöhrətpərəstlikdən, qudurğanlıqdan 100 minlik, 200 minlik maşın sürənlərin sayısı on minlərlədir. Haradan qazanıblar, kim bağışlayıb, bu başqa məsələdir. Bizdə qanunla, təəssüf ki, gəlir deklarasiyası tələb olunmadığına görə kimsə aldığı daşınar və ya daşınmaz əmlakın mənbəyini rəsmi olaraq göstərmir. Rəsmi qaydada vergi ödəməsinə görə milyader və ya milyonerimiz də yoxdur. Faktiki yaşamla hüquq arasında təzadın olduğu kimsəyə sirr deyil. Əminəm ki, bu cür boğazdanyuxarı izah yazanların bir qismi eyni imkanı əldə etsələr 300 minlik maşından imtina etməzlər. Yəni ümummilli xəstəlikdən söhbət gedir. Əsas odur ki, qəza baş verib. Maşını kim idarə edib? Avtoşluq edib-etməyib? Sürət həddini keçib-keçməyib? Piyadanın yol hərəkət qaydalarına əməl etməsi dəqiqləşdirilibmi? İrəlidəki avtomobilin günahı varmı və s. bu kimi suallara cavab almadan bir qəzanı hansısa məmurun ittiham olunması kampaniyasına çevirmənin əleyhinəyəm”.

Fazil Mustafa qeyd edib ki, hüququn dəyişməz prinsipi budur:

“Məsuliyyət fərdidir. Sənin törətdiyin qəzaya görə atan məsuliyyət daşımır. Qardaşın məsuliyyət daşımır. Əgər sürücü qəzanı törədibsə, yanında oturan məsuliyyət o halda daşıyır ki, sürücülük vəsiqəsi olmadan ona maşını idarə etmək üçün verib. General oğlu ilə bağlı məsələ başqaydı, avtobus sürücüsünü döymüşdü, bu birbaşa xuliqanlıq idi. Bu isə avtomobil qəzasıdır, ekspertiza vasitəsilə konkret təqsir üzə çıxarılmalıdır. Kimdir, nəçidir, kimin oğludur, nəvəsidir, bunu yazmaq jurnalistin birbaşa işidir. Ancaq atasını, babasını məhz vəzifəli şəxs olduğuna görə ittiham etməyin doğru olmadığı məsuliyyətin fərdiliyi prinsipini dərk edən hamıya aydın olmalıdır. Yəni əlahəzrət hüquqa anlayış göstərmək lazım”.

Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin deputatı Fazil Mustafa “ölkə.az”-a açıqlamasında Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus “Mercedes Gelandewagen” markalı avtomobillə törədilmiş dəhşətli qəzadan danışıb. O, bildirib ki, bu cür hallarda valideynlər övladlarının məsuliyyətini birbaşa olaraq daşımamalıdır.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın