Ana səhifə / Şou Biznes / Erməni əsirliyində olan 83 yaşlı Xocalı sakini: “Dişlərimi kəlbətinlə sökdülər”- VİDEO

Erməni əsirliyində olan 83 yaşlı Xocalı sakini: “Dişlərimi kəlbətinlə sökdülər”- VİDEO

Azərbaycan tarixinə qanla yazılmış 26 fevral tarixi bizim üçün bir faciə olsa da, o günü gözləri ilə görən, yaşayan insanlar üçün öz həyatlarının ən qara səhifəsidir. Elə insanlardan biri də Xocalı sakini, 83 yaşlı Cəmil Məmmədovdur. Bakının Novxanı kəndində, qaçqın yataqxanasında 80 yaşlı həyat yoldaşı ilə birlikdə yaşayan Cəmil babanı burada hər kəs tanıyır, başına gələnləri də bilirlər. Xocalı şahidlərini axtardığımızı biləndə bizi onun mənzilinə yönləndirdilər.

Qapını saç-saqqalı ağarmış, hündürboylu, nur üzlü bir qoca açdı. Jurnalist olduğumuzu biləndə səmimi şəkildə evinə dəvət etsə də, danışmaq istəmədiyini bildirdi: “Danışmaq mənim üçün çox ağırdır. Hər dəfə o hadisələri danışanda sanki yenidən yaşayıram. Yaşlı adamam, artıq əsəblərim buna dözmür. Bir həftə təzyiqim qalxır, halım pisləşir”.
Başına gələnləri nəql etmək istəməsə də, söhbətimizin davamı gəlib o hadisələrin üstünə çıxdı.
“Bakıdan bizə ümid verməsəydilər….”
Cəmil baba dedi ki, o vaxt nəinki Xocalıda, bütün Qarabağ bölgəsində tanınmış bir usta olub, sənətinin sorağına başqa rayonlardan da gəlib onu ev tikməyə aparırmışlar. Yay-qış demədən işləyirmiş. Öz əli ilə tikdiyi iki mərtəbəli evinə o dövrün ən zəngin adamları həsəd aparırmış. Ta ki, o qanlı gecəyə qədər…
Cəmil baba deyir ki, nə isə pis hadisələrin olduğunu duyurmuşlar, digər rayonlar alınanda bir gün növbənin Xocalıya çatacağını bilirmişlər. Lakin yenə də ümidlə mərkəzdən yardım gələcəyini gözləyir, evlərini, torpaqlarını atıb çıxmaq istəmirmişlər.

“Heç vaxt inanmırdıq ki, Xocalıya erməni girər. Ancaq o vaxtın dövlət başçıları bizi aldadırdılar ümid verirdilər, özləri isə ”stol davası” edirdilər. O vaxt indiki kimi dövlət yox idi. Biz torpaq dərdi çəkirdik, onlar vəzifə dərdi. Biz nə biləydik ki, bu reallıq deyil, politikadır. İndiki dövlət başçısı olsa idi, torpaqlarımızın bir tikəsi də düşmənə qismət olmazdı. Ayaz Mütəllibov bizi arxayın edirdi ki, yüz il də qalsa, Xocalını vermərik. Nə vaxt Bakıya zəng edirdik, bizə ümid verirdilər. Xocalını kim verərdi axı erməniyə? Bir kiçik Stepanakert (Xankəndi – N.L.)var idi orda , ətraf hamısı Azərbaycan rayonları… Bu ümidlərlə Xocalıdan çıxmadıq, o vaxta qədər ki, erməni və rus tankla-tüfənglə girdi…”

“Hərəmiz bir tərəfə qaçdıq, ailəmdən ayrı düşdüm…”

Fevralın 25-dən 26-a keçən gecə… Axşam saatlarında yüzlərlə ailənin evinə od düşdü. Xocalı digər rayonlara bənzəmirdi, ətrafı erməni kəndləri ilə əhatələnmişdi. Gecənin qaranlığında, qarda-çovğunda buradan qaçmaq asan deyildi. Hara gedirdinsə, erməni kəndinə çıxırdın:

“Gecə qəfildən rusun tankları hücuma keçdi. Bizim də əlimizdə təklülə güllədən başqa heç nəyimiz yox idi, bununla tanka nə edə bilərdik? Bəzi cavanlarımıza köhnə avtomat veriblər, bir az atandan sonra tutulur, atəş açmır… Millət qırıldı… Yadıma salmaq istəmirəm, ürəyim ağrıyır (hıçqırır). Qucağımda nəvələrim, böyrümdə arvad-uşaq. Millət bir-birinə qarışıb. Allah belə günü bir də millətimizə göstərməsin, heç başqa millətlərə də…”
Atışma güclənir, güllə dolu kimi yağır… Qaçıb xilas olmağa çalışan Xocalı sakinlərini tanklar atəş yağdıraraq təqib edir. Bu məqamda Cəmil Məmmədov ailəsindən ayrı düşür, qucağında nəvəsi ilə əks istiqamətdə qaçır və həyat yoldaşını, digər övladlarını itirir. 3 gecə nəvəsi, qardaşı və bacısıoğlu ilə birlikdə meşədə, dizə qədər qarın içində qalır… Səhər meşəni duman aldığından yola düşür, tanımadığı istiqamətdə gedir, bir təpəni aşıb düzənliyə çıxır, növbəti təpədən aşır. Azərbaycan kəndlərinə çıxmaq ümidi ilə səhər saatlarında gedib erməni kəndi olan Piricamal kəndinə çıxır.

“Erməni qadın pendir-çörək gətirdi”

“Artıq ayaqqabı ilə yerimək mümkün deyildi. Yolda çıxarıb tulladım, yalın ayaqla qarda gedirdim, ayağım donmuşdu, tikan batmışdı, yerdəki çubuqlar yaralamışdı, ancaq qan axırdı hiss etmirdim. Duman çəkildi, bir də gördük ki, erməni kəndinə gəlib çıxmışıq. Onlar da bizi gördülər. Silahlılar üstümüzə töküldü, 3 dığa ətrafımızı kəsdi. Bir erməni qadın gəldi. Qucağımdakı uşağa baxıb təəssüfləndi. Nəvəm də o qədər gözəl uşaq idi ki, ay parçası kimi. Təxminən 5-6 yaşı vardı. “Ay Allah nə gözəl uşaqdır, bunun nə günahı var”- dedi. Gətirib ikimizə də pendir- çörək verdi. 3 gündür ac idim, ancaq dilimə də vurmadım, qoydum cibimə ki, nəvəm ac olanda verərəm. (Əlini masaya vurub, sakitləşməyə çalışdı, gözlərinin yaşını silib davam etdi).
“Əlimdə pul dolu zənbil var idi, o vaxtın pulu ilə 110 min manat. Dığalara dedim ki, pulu sizə verirəm. Bizi bu uşağın xətrinə buraxın gedək. Yerli erməni bir söz demədi. Ancaq Qafandan gələn bir erməni var idi, ləhcəsindən bildim, o razı olmadı. Erməni dilində söydü və tüfəngin qundağı ilə məni vurdu. Yıxıldım qara, uşaq ağladı, daha çox vurmadılar… Bizi maşına mindirib bir fermaya apardılar. Ferma azərbaycanlılarla dolu idi, qız-gəlin, uşaq-qoca, cavanlar… Orada uşağı məndən aldılar. Erməni hərbçi oğlumu tanıyırdı. Aparıb Ağdam sərhədində atasına təhvil vermişdilər. İndi həmin nəvəmin 30 yaşı var, ailəlidir, yaxşı yerdə işləyir, özünün apteki var”.

3 günlük əsirlik həyatı…

Cəmil babanın taleyinə də erməni əsirliyində olmaq yazılıbmış. 3 gün əsirlikdə qalır və bu müddət başına nələr gəlir…

“Azərbaycanlılara elə işgəncələr verirdilər ki… Ən çox da cavanları öldürürdülər, aparıb çöldə güllələyirdilər. Qızım, Hitler nə qədər pis olsa da, ermənilərdən yaxşı olub. Qocaya, uşağa, qadına dəyməyib, uzaqbaşı güllələyib öldürüb, işgəncə verməyib. Ancaq ermənilər yer üzündəki ən murdar xalqdır. İmkanımın yaxşı vaxtında qızıl dişlər düzəltmişdim, o vaxt dəbdə idi. Bütün ağzım qızıl idi. Dişlərimi kəlbətinlə sökdülər, çığırda-çığırda çıxartdılar, acımadılar. Ağzımda bir dişim qalmadı, qan məni götürdü. Əlimi, ayağımı əsgər çəkməsinin dabanı ilə o qədər əzmişdilər ki, bir salamat sümüyü qalmamışdı. O qədər təpik vurmuşdular, bütün daxili orqanlarım zədələnmişdi. O vaxt bizim rəhbərlər televiziyada çıxış edirdilər ki, biz 7 milyonuq, ermənilər isə 3 milyon, onları Qarabağdan bir günə qovarıq. Bir dəfə oturduğum yerdə erməni dığası süngünü boğazıma dirədi. Qalx ayağa, dedi. Sizin rəhbərlər deyirlər ki, biz 7 milyonuq, ermənilər 3 milyon, onları taxta çubuqla Qarabağdan qovarıq. Ancaq unudurlar ki, biz 3 milyonluq ac canavar sürüsüyük, siz isə 7 milyon qoyunsunuz. Bu qədər ac qurdun qabağında 7 milyon qoyun nədir ki… Hanı sənin 7 milyonluq xalqın? Niyə gəlib sizə kömək etmirlər? Ürəyimdə təsdiq etdim ki, ermənilərin əsl üzünü bu günə qədər görməmişiksə, elə doğrudan da qoyunuq”.

Cəmil Məmmədovu oğlu necə xilas edir?

Cəmil babanın ailəsi, oğlanları o qanlı gecədən xilas olub Ağdama gəlibmişlər. Təsadüfən, əsirlikdə onunla birlikdə olanlardan biri təhvil verilir və Cəmil babanın oğlu ilə qarşılaşır. Oğul atasını, əmisini soruşur. Ona sağ olduqlarını deyirlər. Sonra erməni hərbçiləri ilə danışıqlara girib atasını xilas edir.

“Oğlum Çernobıl əlili idi, erməni komandirlərini tanıyırdı. Erməni komandirinə deyib ki, mənim atamı, əmimi gətir. Komandir deyib ki, yaxşı vəziyyətdə deyil. Oğlum deyib fərqi yoxdur, nəfəs alırsa bəsimdir, gətir. Oğlum erməni kəndindən iki nəfər erməni oğurlayıb, bizimlə dəyişmişdi. Məni və qardaşımı maşına qoyub Ağdama gətirdilər”.

Xilas ola bilməyən təkcə Cəmil babanın bacısıoğlu olub: “Ermənilər bacıoğlumdan soruşdu ki, bu torpaqlar kimindir? O da gənc idi, qanı qaynayırdı, dedi ki, əlbəttə, bizim, Azərbaycanın. Bir də soruşdular. Sinəsini açıb dedi, istəyirsiz öldürün, amma torpaqlar bizimdir, onu sizə vermərik. Elə həmin dəqiqə bacım oğlunu çölə çıxarıb güllələdilər. (Gözlərini yumub, yanağındakı yaşları silir). Qızım bu danışdıqlarım bizim başımıza gələnlərin heç 5 faizi deyil”.

Cəmil Məmmədov xilas olduqdan sonra, 3 ay Respublika Xəstəxanasında yatır, müalicə alır və həyata qayıdır. Fədakar həkimlərin sayəsində sağlamlığını bərpa edir. Cəmil baba onları minnətdarlıqla xatırlayır.

“Yaşlı atamı evdə qoyub çıxdıq, anam onu atıb gəlmədi”

Cəmil Məmmədov Xocalı faciəsində 20 qohumunu itirir. Onların içində qayınatası və qayınanası da olur. Bu yerdə söhbətə xanımı Lalə Məmmədova qatılır.

O ata-anasını evdə qoyub çıxdıqlarını göz yaşları içində danışır: “Atamın 90-a yaxın yaşı var idi, yeriməkdə çətinlik çəkirdi. Qaçarkən onu götürə bilməzdik. Ancaq anam nisbətən cavan və qıvraq idi. O bizimlə qaçıb xilas ola bilərdi. Nə qədər yalvardıqsa, anam bizimlə gəlmədi. Ərinin yanında qalıb ölməyi seçdi. Dedi ki, onu atıb gələ bilmərəm. Ölsək də bir yerdə ölməliyik. Qızım, indiki qadınlar, adi sözün üstündə ərlərini, uşaqlarını atıb gedirlər. Ancaq o zaman sevgi daha güclü idi, insanlar bir-birinin uğrunda ölümə gedirdi. Onların sonrakı taleyindən xəbər tuta bilmədik. Nə öldüklərindən, nə yaşadıqlarından xəbərimiz olmadı. Heç indi də yoxdur”.

Ermənilər illər öncə hazırlaşırmış…

Yaşı 80-ni haqlamış müsahiblərimiz deyirlər ki, bu hadisələr başlayana qədər ermənilərlə bir yerdə yaşayıblar, dostluq-qonşuluq ediblər. Ancaq onların belə bir işə əl atacaqlarını heç vaxt düşünməyiblər. Ancaq indi o günlərə nəzər salanda ilər öncə ermənilərin bu müharibəyə hazırlaşdıqları aydın görünür: “Bu hadisələrdən 6 il əvvəl bizim ətrafımızdakı erməni kəndlərinin əksəriyyəti evlərini satıb köçdülər. Ancaq o vaxt biz bunun mənasını başa düşmürdük. Bir dəfə onlardan şübhələndim. Əsgəranda Raçik adında bir erməninin evini tikirdim. Çörək yeməyə oturduq və birdən Raçik içkili halda dedi ki, bu evləri çox gözəl tikirik, ancaq çox heyfim gəlir. Hayıf bu evlərə. Çox təəccübləndim və səbəbini soruşdum, ancaq demədi. Sən demə, onlar hamısı xəbərdar imiş, ancaq heç biri ağzından qaçırmırdı. Sonra Raçik balaca oğlu Vitalini çağırdı. Soruşdu ki, bizim düşmənimiz kimdir? Oğlu dedi ki, türklər bizim düşmənimizdir. Hamısı güldülər. Onlar dil açan kimi uşaqlarına öyrədirdilər ki, türklər bizim düşmənimizdir. Bir süfrədə çörək kəsirdirlər, ancaq düşmən olduqlarını da unutmurdular. Bizim kəndə nə qədər erməni qızı gəlin gəlmişdi, qohumluq-dostluq var idi. Ancaq ermənilər üçün bunlar hamısı yalan imiş”.

Sonda Cəmil baba onu dedi ki, yeganə arzusu o torpaqları görməkdir. Ancaq ömrünün buna vəfa edəcəyinə inanmır. Arzu edir ki, heç olmasa övladları, nəvələri həmin evlərə dönüb öz yurdlarına sahib çıxsınlar. Azərbaycanın son hərbi uğurlarından danışan Cəmil Məmmədov o günün uzaqda olmadığını dedi.
Mütəəssir halda qocaları gözüyaşlı qoyub ayrıldıq. Anladıq ki, onların qəlbindəki bu ağrı-acıya illər, fəsillərin ötməsi deyil, yalnız o torpaqların işğaldan azad edilməsi məlhəm ola bilər.

 

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın