Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / “Ermənilərin generalları, hətta prezidentinə kimi Ağdərəyə gəlmişdilər” – FOTO

“Ermənilərin generalları, hətta prezidentinə kimi Ağdərəyə gəlmişdilər” – FOTO

Qarabağ müharibəsi Azərbaycanımızın tarixində çox dərin izlər buraxdı. Həmin döyüşlərdə vətənimizin müdafiəsinə qalxan könüllü oğlullarımız çox oldu. Bu el üçün kimi canından keçdi, kimi müxtəlif dərəcəli xəsarətlər aldı. Onlardan biri də “Vətən müharibəsi ictimai birliyinin” sədri Firudin Məmmədovdu. Firudin müəllim 1970-ci ildə Ağdam rayon Seyidli kəndində anadan olub.
 
– Firudin müəllim, 1988-ci ildən başlayaraq ermənilərin Azərbaycan xalqına qarşı təcavüzü başlamışdı. Həmin təcavüzün nəticəsidir ki, bu gün bizim torpaqlarımızın 20 %-i işğal altındadı. O, illəri necə xatırlayırsınız?
– Mən 1988-ci ilin may ayında Almaniya da hərbi xitmətə başlamışdım. Orada tank qoşunlarında xidmət edirdim. Sovet hökümətinin bizə qarşı törətdiyi faciələrdən biri olan “20 yanvar” hadisəsini də mən əsgərlikdə bildim. O, vaxtı bizə “Səhər” adlı qəzet gəlirdi və bir gün mən o qəzeti açanda gördüm ki, şəhidlərin şəkli adları, soyadları həmin qəzetdə yer alıb. Təbii ki, bir Azərbaycanlı kimi mən və digər yoldaşlarım bu faciəyə etiraz əlaməti olaraq, aclıq aksiyasına başladıq. Həmin vaxtı Bakıdan bizə millət vəkilləri yolladılar və bizi bu aksiyadan daşındıra bildilər. Biz hətta sovet ordusunda xidmət etməkdən belə imtina etmişdik. 1990-cı ilin may ayında hərbi xitmətimi başa vurub, Bakıya qayıtdım. Bakıda düşən kimi mənim birinci ziyarət yerim “Şəhidlər Xiyabanı” oldu. Orada gördüm ki, arxası “Şəhidlər xiyabanı”na tərəf S.M.Kirovun heykəli var idi, və mən acığımdan başladım həmin heykəli daşlamağa. Dedim ki; uçurun bu heykəli buradan, onsuzda əvvəl-axır bu heykəl buradan uçmalıdı.
Bir neçə nəfər məni gəlib tutub apardı və xəbərdarlıq edib sərbəst buraxdılar. Çox çəkmədi ki, Azərbaycan xalqı öz müstəqilliyini elan etdikdən sonra, birinci işi S.M.Kirovun heykəlini yığışdırmaq oldu.
– Gələk müharibəyə və sizin döyüş yolunuza.
– Müharibə Azərbaycanda, tədricən başladı. 1988-ci ildən ermənilər aksiyalara başladılar. 1988-ci ilin fevral ayında Ağdamdan ermənilərin üstünə bir yürüş oldu və həmin yürüşdə mən də iştirak elədim. 1991-ci ilin avqust ayında Milli Qəhrəman Polkovnik-leytenant Şirin Mirzəyev Ağdama və oradan da bizim Seyidli kəndində yerləşən kluba gəldi. Orada millət vəkili Eldar Bağırov, Şirin Mirzəyevi bizə təqdim elədi və dedi ki, Şirin Mirzəyev Azərbaycanda ordu quruculuğu ilə məşğul olacaq. Seyidli kəndindən xeyli sayda cavanlar toplaşmışdıq. Onlar hamısı könüllü olaraq, döyüşmək istəyirdilər. Seyidli kəndindən 50-nəfərdən çox könüllü döyüşə yazıldı, amma onların içindən 25-nəfəri seçildi. Ondan sonra biz artıq Ağdam istiqamətində döyüşlərə başladıq. Batalyonumuzun adı beləydi; “Ağdam könüllü birinci özünümüdafiə batalyonu”. İlk vaxtlar çox çətin idi, nə silah var idi, nə geyim var idi.
 
– Sizə həmin döyüşlərdə hansı işlər tapşırılırdı?
– Mən bir il Ağdamda döyüşdükdən sonra, Ağdərəyə yolladılar. Həmin döyüşlərdə mən “Minemyot” atırdım, bu silah üzrə təlimçi idim. Mart ayında Sürət Hüseynov Ağdərədən qoşunlarını çıxardı və ermənilər döyüşsüz olaraq, Ağdərənin bütün kəndlərini aldı. Tək şəhərin özü qalmışdı və biz gedib şəhərin 7-kilometirliyində 703-cü briqadayla böyük bir müdafiə zolağı yaratdıq. Biz yaxşı silahlanaraq, müdafiə zolağı ilə uzun müddət Ağdərəni işğaldan qoruya bildik. Ermənilərin generalları, hətta prezidentinə kimi Ağdərəyə gəlmişdilər. Planlaşdırırdılar ki, bu gün Ağdərəni alacaqlar, amma hər dəfə biz onların bu arzusunu ürəklərində qoyurduq. Onlar birinci dəfə bizim üstümüzə 15- texnika ilə gəldilər. Amma buna baxmayaraq, biz o texnikaların 8-i məhv elədik və onlar ağır itki verərək geri çəkildilər. Onlar hər gün başladılar bizə hücum etməyə və hər hücumda da daha çox güclənməyə başladılar. Martın 28-i səhər saat 5-radələrində ermənilər yenidən hücuma keçdilər. Bizi artilleriyalardan, tanklardan atəşə tutdular. Həmin döyüşdə təkcə bizim batalyonda 57-nəfər şəhid, 33-nəfər isə yaralandı. Səhər saat 5-dən başlayan döyüş axşamüstü saat 4-ə kimi davam elədi. Sonra döyüş dayandı ermənilər yenə Ağdərəni ala bilmədilər. Bizim içimizdə bir qələbə hissi var idi, biz döyüşçülərimizin yaralarını sarıyırdıq. Şəhid olmuş döyüşçü yoldaşlarımızı yola salırdıq.
– Firudin müəllim, necə oldu ki, siz gözünüzdən belə ağır yaralandınız?
– Ermənilər tərəfdə iki mərtəbəli bir ev var idi. Onun arxasında isə bir tank dayanmışdı və döyüşün dayanmasına baxmayaraq, bu tank hələdə biz tərəfə mərmilər atırdı. “Minamyot”u tuşladım tanka tərəf planlaşdırdım ki, onu vurum. Bir neçə atış etdim və axır ki, tankı vurdum. Mənim mərmim tankın üstünə necə düşdüsə tank yerə yatdı. Bununla da atəş dayandı və biz yenə də yaralılarımıza köməyə başladıq. Təxminən 45-dəqiqədən sonra gördüm ki, əsgərlərimiz çəmənlikdə oturub istirahət edirlər. Onları da qınamaq olmazdı çünki, o cür ağır döyüşdən çıxmışdılar. Amma, onların istirahət etdikləri yer ermənilər tərəfində görünürdü. Mən onlara yaxınlaşdım və dedim ki; “buradan erməni sizi vura bilər düşün səngərə”. Elə bunu demişdim ki, arxası ermənilərə tərəf oturan əsgərin kürəyindən tank mərmisi girib düz ortamıza düşdü. Əynimdə zireh olduğundan bircə üzüm açıq idi və mərmi də üzümü tutdu. Bu mənim vurub yatırdığım tankın atdığı mərmi idi. Tank yenidən özünü bərpa edib və bizə tərəf bu mərmini atmışdı. Gözümə altı, başıma isə dörd qəlpə girdi.
– Sizi o vəziyyətdə hara gətirdilər?
– Məni Tərtər qospitalına gətirdilər. Elə bilirdim ki, heç nəyim yoxdu, bir-iki günə sağalıb döyüşə qayıdaram . Həkimlər valideynlərimlə əlaqə yaratmamı istəyəndə etiraz etdim. Dedim ki; “onsuzda bir-iki günə qayıdacam valideynlərimə heç nə demək lazım deyil”. Çox pis vəziyyətdə olduğumu sonradan anladım. Ayağa qalxa bilmirdim, əlimi üzümə vuranda hiss eləmirdim. Ağzımın içi, dilim belə yanmışdı. Qospitalda bir xanım var idi, qardaşı oğlu yaralanmışdı ona qulluq edirdi. O, mənə çox
köməklik göstərirdi. Dodağımı isladırdı, dərmanlarımı verirdi. O, mənə dedi ki; “Firudin, ver ev nömrənizi”, mən də verdim.
– Həkimlər ev ünvanızı niyə istəyirdilər?
– Həkimlər elə bilirmiş ki, mən öləcəm, mənim vəziyyətim yaxşı deyil. Ona görə də, onlar ev ünvanımı bilmək istəyirlərmiş. Zəng vurdular qardaşım və digər qohumlarım gəldi. Məni vertalıyotla Bakıya qospitala gətirdilər. Qospitalda çox sağ olsunlar, həkimlər məni çox yaxşı qarşıladılar və əməliyyata başladılar. Üç ay qospitalda yatdım, başımdan və gözümdən ümumilikdə 8-cərahiyyə əməliyyatı keçirdim. Bir ilə qədər müalicəm davam elədi. Sonradan mən yenə Ağdama qayıtdım, onda Ağdamın çox ağır günləri idi. İki il mənim gözlərim görmədi, sonradan sol gözüm görməsə də sağ gözüm 4% görür. Təsüflər olsun ki, biz 1993-cü ilin iyul ayının 7-də Ağdərə, iyulun 23-də isə Ağdam işğal olundu. Həmin vaxtdan mən artıq ictimai fəaliyyətə başladım və “Vətən müharibəsi ictimai birliyi” olaraq əlillərimizə qayğı göstərməyə çalışırıq.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın