Ana səhifə / Şou Biznes / “Ermənilər məhsəti türklərinin damarına it qanı vurmuşdular…”

“Ermənilər məhsəti türklərinin damarına it qanı vurmuşdular…”

Malik Camal oğlu İsmayılov Milli Azadlıq Hərəkatının fəallarından biri olub. Birinci Qarabağ müharibəsində həm döyüşüb, həm də həkim kimi fəaliyyət göstərib. Onun istər həkim, istərsə də döyüşçü kimi zəngin həyat təcrübəsi var. Üzləşdiyi maraqlı məqamların bəzilərini AzVision ilə paylaşıb.

– 1950-ci ildə Ağdamda doğulmuşam. Ailədə 4 uşaq – 3 qardaş, bir bacı olmuşuq. Anam – Larisa xanım Don kazakı idi. O, atam Camal bəylə Rostovda, İkinci Dünya Müharibəsi zamanı tanış olub. Ağdamdakı iki nömrəli beynəlmiləl orta məktəbi bitirmişəm. Orada bizə Rusiyanın Ağdama sürgün edilmiş elitasının nümayəndələri dərs deyirdilər. Məktəb rusların hərbi hissəsində yerləşirdi. Ali təhsilimi Bakıda o vaxtki Tibb İnstitutunda almışam. Müalicə-profilaktika fakültəsində oxumuşam. Tibbə, loğmanlığa maraq məndə hələ uşaqlıqdan var idi. Bu marağı Ağca nənəm yaratmışdı. O, həmişə deyirdi ki, Malik böyüyüb, həkim olacaq.

Bəhmən Mirzə Qacarın qızı Məşədixanım Kəramət nənəm Ağcanın anasıdır. Dövrünün tanınmış ziyalısı Molla İsmayıl isə Məşədixanım Kəramətin həyat yoldaşı, nənəm Ağcanın atasıdır. Ermənilər o vaxt Şuşa şəhərini darmadağın edib viran qoyanda Molla İsmayıl və həyat yoldaşı Məşədixanım Kəramət Bərdənin Alpoud kəndinə köçmüşlər. Hazırda həmin kənddə Ağca nənəmin bacısı uşaqları yaşayırlar.

Ağca nənəm xalq təbabəti ilə məşğul olurdu. Onda azərbaycanlı nənələrin cəmləşmiş obrazı var idi. Uşaq vaxtı onun müalicələrinə baxıb gülürdüm. Deyirdim, görəsən, nənəm belə nə edir. Ancaq institutda oxuyanda gördüm ki, məndə də loğmanlığa həvəs var. Həmin dövrdə satılan elmi-tibbi jurnalları, loğmanların kitablarını Alma-Atadan sifariş verib alırdım.

İstərdim, bu məqamda müalicə üsullarınızdan, ən çox hansı xəstəlikləri müalicə etdiyinizdən danışasınız…

– İttifaqda qeyri-ənənəvi poliklinika ilk dəfə məndə olub. Mən qeyri-adi müalicə üsullarına üstünlük verirdim. O vaxt SSRİ-nin səhiyyə naziri Çazovun icazəsi ilə xəstələri dərmansız müalicə etmişəm. Sabiq səhiyyə nazirimiz Tələt Qasımovun məsləhətilə işimi pilot ambulatoriya formasında Ağdamdan başlamışdım. Orada 17 kənd ambulatoriyası ilə işləyirdim. Kənd ambulatoriyalarını hər cür avadanlıqla təmin etmişdik. Moskva Tibb Akademiyasının rəhbəri akademik Fyodorov bizə 7 milyon manatlıq avadanlıq vermişdi.

Ağdamın birinci katibi Sadıq Murtuzayev endorfit xəstəliyindən əziyyət çəkirdi. Mən onu 6 ay ərzində müalicə etdim. Bu xəstəliyi hər həkim müalicə edə bilmir. Fyodorovun qəbulunda olanda o, Sadıq müəllimdən xəstəliyini kimin müalicə etdiyini soruşmuşdu. Bunun adi bir kənd həkimi olduğunu biləndə, inanmamışdı. Ağdama gələndə müalicə üsullarımla tanış oldu və bildirdi ki, bizə hər cür kömək edəcək.

Bu işdə bir az səbr etmək lazımdır. Mən elə xəstəlikləri müalicə etmişəm ki… 22 yaşında bir xəstəm var idi, kürəyinin aşağısı at quyruğu formasında tüklənirdi, üstəlik, qozbelliyi var idi. Ayaqları isə atrofiya idi. Uşaq ayaqlarına oxşayırdı. Rentgen şəklində gördüm ki, onun birinci bel fəqərəsi qarın boşluğundadır. Həmin oğlanı müalicə etmək üçün uzun zaman lazım oldu. Onu təkərin içinə salırdım.Təkəri də dülgərə düzəltdirdiyim qurğu vasitəsilə havaya qaldırıb, oğlanın bel fəqərələrini bir-bir boşaldır, sonra yerinə salırdım. Bir əmma var idi ki, buraxanda yenidən sürüşüb yerini dəyişirdi. Ancaq uzun zəhmətdən sonra oğlanın bel fəqərəsini yerinə oturda bildim. Belinin at quyruğu kimi tüklənməyi isə iki yumurtalıqdan əmələ gəlməsinə görə idi. Belində yumurtalığın birinin başı qalmışdı. O, indi Ağcabədidə xanəndəlik edir. Mənə “dədə” deyir.

Astmanı, “qrıja”nı da müalicə edirəm. Məndə akademik Koqanın kitablari, atlası var. Həmin atlasda göstərilir ki, təzyiqi olan adamın və ya oynaq xəstələrinin hansı zonlarına təsir etmək lazımdır ki, şüuraltı ayılsın və bədənə dərman buraxmağa məcbur edilsin.
Bəzən xəstələri müalicə edəndə onların ağrıları mənə keçir. Özüm xəstələnirəm. Yəni, bu iş məndən həm zehni, həm də fiziki güc tələb edir.

Siz Dağlıq Qarabağ hadisələrinin canlı şahidlərindənsiniz. Xankəndində, Xocalıda, törədilən erməni vəhşiliklərini görmüsünüz, yüzlərlə həmyerlimizin meyidini Ağdam məscidinə daşımısınız… İlk vaxtlar hadisələr necə cəryan edirdi? Həmyerlilərimiz qoyunlarında ilan bəslədiklərindən niyə duyuq düşmürdülər?

– Əslində hadisələr çoxdan başlamışdı. Sadəcə bir az ayıq olmaq lazım idi ki, faciələrin, vəhşiliklərin cücərtilərini görəsən… 1980-ci ildə Xankəndində interna kimi işləyirdim. Bir dəfə orada rus məktəblərindən birində lövhədə “Birinci tatar Stepanakert məktəbi” yazıldığını gördüm. Bərk əsəbləşdim. Axı biz tatar deyilik, azərbaycanlıyıq. Ermənilər qəsdən yazırdılar. Lövhəni yerindən çıxartmışdım. Buna görə məni polis bölməsinə apardılar. Ancaq vəziyyəti izah edəndən sonra buraxıldım.

…Türkiyədə yaşayan ermənilər orada çap edə bilmədikləri kitabları gəlib Xankəndi mətbəəsində nəşr edirdilər. O kitablarda elə şeylər yazırdılar ki, istənilən erməni oxyub, bizə nifrət etməli idi. Elə kitablardan birini oxuyanda dəhşətə gəldim. Kitabda yazılmışdı ki, guya Teymurləng gəlib ermənilərin Sardarapet şəhərini işğal edib, orada bir başıpapaqlı qoymayıb. Yollarda su əvəzinə qan axıb. Uşaq, qadın demədən asıblar və s. Yəni özlərinin etdiklərini türklərin adına yazırdılar.

Deməli, 1987-ci ilin noyabr ayı idi. Ağdamda işdə oturmuşdum. Bir də gördüm, erməni Vazgenin maşını gəlib keçdi. Xankəndinə gedirdi. O, məni İrəvanda olanda yaxşı qarşılamışdı deyə, düşündüm ki, mən də onu evimdə qonaq edim. Buna görə də tez maşınıma minib onun dalınca sürdüm. Vazgen Əsgəran qalasına girdi. Gördüm, qalanın içində mitinq gedir. Katiblər əyləşib, şamlar yandırıblar. Heç nə başa düşmədim. Vazgenlə görüşdüm. Dedim, istəyirəm səni qonaq çağıram. Dedi, yox, hər şey dəyişilib, vaxtı deyil. Qalanın rəisi gəlib məni qırağa çəkdi ki, həkim, indi get, başqa bir problem var… Dilxor qayıtdım. Üstündən bir ay keçdi. Gördüm Vazgenin maşını yenə gəlib keçdi. Yenə dalınca düşdüm. Bu səfər məni qalaya heç yaxın buraxmadılar…

Üstündən bir həftə keçdi, qonaqlarım gəldi. Onlarla birlikdə Xankəndinə getmək istədik. Orada üstümə traktorun təkərini atdılar, şəhərə girməyə imkan vermədilər. Belə-belə avtobusları daşlamağa, camaatı döyməyə, qırmağa, öldürməyə başladılar. Hətta sərhəddi bağladılar. Sonra ruslar gəldi. Onlar komendant saatı tətbiq etdilər. Düşündük ki, vəziyyət yaxşılaşar. Əksinə, getdikcə daha da pis oldu. Təsəvvür edin, Xocalıdan sonra Ağdama hər gün 150-200 bomba atırdılar. Ağdamın əhalisi stadiona yığılıb and içdi ki, torpağımızı axırıncı damla qanımıza qədər qoruyacağıq. Allahverdi Bağırovun kiçik qardaşı Eldar Bağırov, mən və digər könüllülərdən ibarət qrup Xalq Hərəkatına qoşulduq. Dayaqlar əmələ gəldi. Yarım saata 50 min cavanı yığa bilirdik.



– Xocalı aeroportunu necə partlatdınız?

– 1989-cu ildə vertolyotlar İrəvandan Xocalıya silah daşıyırdılar. Xocalı aeroportuna hər gün 30-a yaxın təyyarə enirdi. Hava pis olanda isə Ağdamda eniş edirdilər. Biz onların baqajını yoxlayanda içəridə xeyli silah görürdük. Buna görə də qərara alındı ki, aeroport partladılmalıdır.

Ruslar aeroportu qoruyurdular. 10 metrdən bir yol boyu əsgərlər dururdular. Biz də əlverişli şəraiti gözləyirdik.

Gecə tonqal qalayıb oturmuşdular. Qaz əleyhinə yanğınsöndürən maskalarını kvadrat formasına salıb, barıt və trotillə doldurduq. Bundan sonra yeri qazıb basdırdıq və partlayışı həyata keçirdik. Başqa çarəmiz yox idi. O silahlar bizi qırmaq üçün daşınırdı.

Sizə bir faktı da deyim ki, 1992-ci iln fevralın 13-14-də dünyanın bir çox yerindən olan jurnalistlər Bərdədə gərargah yaratmışdılar. Biz isə ermənilərin Malıbəyli kəndinə hücum edəcəkıərini bildiyimizdən malıbəyliləri Abdalgülabli yolu ilə Şuşaya çıxartdıq. Xocalının belə, vəhşicəsinə faciəsini isə gözləmirdik.

Fevral ayının 21-də 300 ailə dəmir yolu ilə Xocalıdan arxayın gəlib Ağdama keçdi. Elə həmin gün bizimkilər Əsgəran şəhərini götürdülər. Ayın 24-də isə Şəmistan Əlizamanlı televiziyada çıxış edib dedi ki, bəs Naxçıvanik bizdədir, yol var, kim istəyirsə, çıxa bilər…

Ermənilərin ilk vəhşiliyi Məhsəti türklərindən başladı. Məhsəti türklərinin bir hissəsi Xocalıda yerləşdirilmişdi. Ermənilər onların evlərini yandıranda bəziləri gəlib bizim evdə qaldı. Hamısının hərarəti 40 dərəcə idi, neyləsək də, sala bilmirdik. Sonra məlum oldu ki, onların bədninə it qanı vurublar. Bədən isə yad qanı qəbul etmir. Əks tədbir olaraq onlara təmiz spirt vurdum ki, qanları təmizlənsin. Bunlar ermənilərin iyrənc əməllərinin başlanğıcı idi.

Sizə bir söz deyim, “Fəryad” filminin çox hissəsi mənim verdiyim məlumatlar əsasında çəkilib. Rejissora, aktyor Məlik Dadaşova mən xeyli məlumat verib, erməninin obrazını yaratmasında kömək etmişdim. Filmdə olan Xoren obrazı həqiqətən həyatda var idi. Biz onu fevral ayının 25-də Mehman adlı həmyerlimizlə dəyişdik. Adil adlı satqın da var idi, ermənilərin əlində idi. Anası bizdən Xoreni təhvil verərkən Adili da geri almağımızı istəyirdi. Buna görə də erməni komandir Vitalikə dedim ki, biz Xoreni veririk, siz Mehmanla bərabər Adili də bizə verməlisiniz. Onlar bizimlə razılaşdılar…

– Müharibənin hər bir anı dəhşətlidir, tükürpədicidir… Ən çox hansı məqam sizin yadınızdan heç vaxt çıxmır?

– Eldar Bağırovla məni Qarqar çayında atəşə tutmuşdular. Altı saat daşın dalından çıxa bilmədik. Bizə elə gəldi ki, sonumuzdur…
…Ağbulaq döyüşündə əsgərlərimizin çoxu tuluğa düşdülər, erməni snayper qızlar uşaqları orada ayaqlarından vururdular ki, əsir götürsünlər. Bu səhnələr gözümün qabağına gəldikcə elə bilirəm həmin anları yenidən yaşayıram.

Biz diri erməni verib, meyidlərimizi alırdıq. Snayper qızlar orada mənə deyirdilər ki, həkim, biz səni vuracağıq. Hətta “sərhədsiz həkimlər”dən birini mən zənn edib, vurmuşdular. Biz Ağdamda döyüşçülərə ilkin yardım etmək üçün vaqonlarda hospital düzəltmişdik. Ora geri alınan əsirlərimizi də gətirirdilər. Təsəvvür edin, donmuş ayaqlarına əlimi vururdum, barmaqlar sınıb əlimdə qalırdı.

Meyidlər ələ gəlmirdi. “Dev” ləqəbli döyüşçünü tanka bağlayıb, bütün erməni kəndlərində sürümüşdülər. Bel fəqərəsi qalmamışdı. Ağciyər, ürək gəlib şalvarının içinə yığlmışdı. Qəsdən belə vəhşilik edirdilər ki, camaat xoflansın. Onun bədənini məftillə bir yerə yığıb, gilləyib, kəfənlədim. Bunlar müharibədə yaşadıqlarımızın bir faizidir…

Abdal-gülablı yolunda 12 yaşlı bir qızı xilas etməyimizi xatırladım. Deməli, 20 dərəcə şaxtadır. Şumlanmış torpaq sahəsidir. Yerdə də meyidlər var. Snayperlər vurub. Gördüm ki, meyidin birinin yanında nəsə tərpənir. Gecəni gözlədik. Qar yağmağa başlayanda tez tərpənən şeyə sarı getdim. Şumlanmış torpaq sahəsi ilə getmək çətin idi. Yaxınlaşanda sağ qalmış bir qız uşağı gördüm. Qızı nə qədər çəksəm də, gəlmirdi. Ölmüş anasından yapışıb, ağlayırdı. Anası donub yapışmışdı torpağa. Axırda qız paltosunu çıxarıb, anasının üstünə atdı, ondan sonra bizimlə gəldi.

Həmçinin oxuyun

Xalq artisti çimərlik paltarında klip çəkdirdi – VİDEO

Xalq artisti Brilliant Dadaşova “Tet-a-tet” mahnısına çəkilən yeni klipini təqdim edib. Publika.az xəbər verir ki, mahnının …

Bir cavab yazın