Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Emin Hüseynovla Xədicə İsmayıl arasında Facebook davası –FOTOLAR

Emin Hüseynovla Xədicə İsmayıl arasında Facebook davası –FOTOLAR

Tərəflər arasında “pul söhbəti” düşdü: “Sən mənim və digər adamların adları ilə pul qazanmaq istəyirsən mən isə buna imkan verməyəcəm…” ; “sənin qüsurların daha çoxdur…”

 
Hazırda İsveçrədə yaşayan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov sosial şəbəkədə ilginc bir status paylaşıb. Statusunda müstəqil jurnalist Xədicə İsmayılova barədə sərt sözlər yazan E.Hüseynov aralarında yaranmış gərginliyin detallarını da açıqlayıb. 
Məlum olub ki, E.Hüseynov bu gün X.İsmayılovaya zəng edib və sonuncu onun səsini eşidən kimi “səninlə danışmaq istəmirəm”, deyib. Musavat.com xəbər verir ki, E.Hüseynov bu söhbətin detallarını belə açıqlayıb: “Bu gün maraqlı bir hadisə baş verdi: Xədicə İsmayılova telefonuna zəng vurdum səsimi eşidən kimi kinli-kinli mənə dedi səninlə danışmaq istəmirəm və telefon dəstəyini atdı. Mənə bu çox qəribə gəldi. Yenidən yığdım dedim nə məsələdi ? Cavabı isə belə oldu sən mənim və digər adamların adları ilə pul qazanmaq istəyirsən mən isə buna imkan verməyəcəm, mən öz növbəmdə ondan təəccüblənərək soruşdum, Xədicə anlamadım, nə demək istəyirsən, zəhmət olmasa izah elə, o isə izah etmədən telefon dəstəyini yenidən asdı. Qərara gəldim ki əgər dəstəyi atan adam məni eşitmək istəmirsə, üstəlik də bu cür əsassız və saxta ittiham edirsə, bu adama ictimai acıq müraciətlə cavab verim və suallarımı ünvanlayım, buyurun oxuyun :
 – Xədicə sənin qısa telefon danışığın bu günə qədər məni ən çox təəccübləndirən danışıq oldu.
Bilmirəm sənə nə olub; ola bilər ki, kimsə səndə barəmdə yanlış fikir formalaşdırıb, ola bilər ki, sən ulduz xəstəliyinə yoluxmusan, ayağın yerə dəymir, göynən uçursan; ya da paxıllıqdan bunu edirsən, ya da başqa fikrimə gələ bilməyən məsələlərə görə, hər halda dəqiq deyə bilmərəm, amma gec  – tez aydın olacaq.
Məlumatın üçün bildirim ki mən bu günə kimi qazandığım hər bir şeyi halal zəhmətimlə qazandım, hətta həyatımda çoxları üçün itki saya biləcək çətin anları özüm üçün qazandığım həyat təcrübəsi kimi qəbul etmişəm.
Sənin barəmdə bu gün səsləndirdiyin əsassız şər –  böhtan məni təəccübləndirdi. Bu günə kimi bu sözləri mən ancaq iqtidar nümayəndələri adından və ya da onların əlaltıları adından eşidirdim.
Hər nə baş veribsə mən bilmirəm.  Amma onu dəqiq bilirəm ki, ən azı kimisə nədəsə ittiham edəndə, ondan mövqe soruşarlar məsələlərə aydınlıq gətirmək istəyərlər. Sən isə bunu etmədin, məni şərlədin.
Mənə dedin ki, sənin taleyinlə və başqa adamların taleyi ilə pul qazanıram. Əgər həbsxanada oturarkən mənim səni müdafiə etməyimi istəmirdinsə, xəbər göndərərdin buna müvafiq addım atardım və qərarına hörmətlə yanaşardım. Lakin sənin müdafiənlə bağlı sənin yaxınların əlimizdən gələ biləcək köməyi bizdən istəyirdilər. Mən və rəhbəri olduğum qurum bunu edirdik. Üstəlik, səni 2012-ci ilin martın 8-dən 2014 ilin avqust ayınadək müdafiə edirdim və sən mənə hər hansı bununla bağlı etiraz bildirməmisən, əslində məndən kömək və dəstək istəyirdin. Mənim 2014 ilin avqustun 8-dən 2015 ilin iyun ayının 12-ə qədər səni açıq- aşkar müdafiə etməyə imkanım yox idi. Amma RATİ-nin bütün kollektivi əlindən gələn köməyi səndən əsirgəmirdi. 2015 ilin iyun ayının ortalarından sənin müdafiə kampaniyana yenidən qoşuldum və sən azadlığa çıxana qədər əlimdən gələni etmişəm.
Sən həbsdən azad olunduqdan sonra mənimlə bir neçə dəfə danışanda da bildirməmisən ki, sənin gələcək müdafiənlə bağlı hər hansı potensial addımlarımı dayandırım”.
E.Hüseynov daha sonra digər detalları da açıqlayıb: “Mən müdafiə etdiyim adamdan heç bir təşəkkür istəmirəm. Sənin də təşəkkürünə ehtiyacım yoxdur. Bu, mənim işimdir. Başına gələn haqsızlıqların ilk günündən bu günə kimi daim sənin müdafiəndə olmuşam və bundan sonra ehtiyacın olarsa və buna etirazın olmasa edəcəm.  Şəxsən mən özüm və rəhbəri olduğum təşkilatın əməkdaşları sənə bütün zəhmətimizi halal etdik, təşkilatımızın dünyasını dəyişmiş sabiq sədri Rasim Əliyev bizimlə artıq olmadığı üçün rəhmətliyin adından sənə halallıq verib verməmək səlahiyyətim yoxdur. Amma ümid etmək istəyərdim ki, onun da ruhu inciməz sənin şərindən. Sənin barəmdə telefonda səsləndirdiyi şər-böhtanı 2006-cı ildən bu günə kimi, həbsdən çıxan və müdafiəsinə gücümüzü və həyatımızı əsirgəmədən sərf etmiş bəzi jurnalistlərimizin ağızlarından da eşitmişik. Həmişə bu cür şər-böhtanlardan sonra təşkilatımızın işçiləri sual verirdilər ki, jurnalistləri bir-birinə bu cür naşükür hərəkət etmələrinə nə vadar edir. Mən isə cavabında deyirdim ki, dostlar, ruhdan düşməyin, biz heç kəsdən “sağ ol” sözünü eşitməməliyik. Sadəcə heç nəyə baxmayaraq işimizi davam etdirməliyik. Bəzi dostlar sözlərimi anlayıb, işlərini davam elətdirdilər. Amma bəzilərinə bu ağır, sarsıdıcı olduğu üçün onlar bu cür naşükür yanaşmadan inciyərək birdəfəlik insan haqları müdafiəsi sahəsindən uzaqlaşıblar. Bu cür adamların içində Azərbaycanda insan haqlarının müdafiəsinə səndən və məndən çox enerjisini və həyatını sərf etmiş adam da olub. Sən mənə etdiyin məsuliyyətsiz və əsassız saxta ittihamını, mənə onun kökündə duran problemi izah etmək əvəzinə, zəif və cılız adamlar kimi dəstəyi atırsan və mənimlə açıq söhbətdən qaçırsan. Özünü lap Azərbaycan iqtidarının yüksək çinli məmurlarına bənzədirsən. Onlar da sənin suallarına cavab vermirlər, suallarından qaçılarlar. Mən bu günə qədər heç kəsin sualından qaçmamışam. Barəmdə səslənən bütün şər-böhtanla bağlı həmişə aydınlıq gətirmişəm və bundan sonra da lazım gələrsə aydınlıq gətirəcəm. Əgər sənin vicdanın təmizdirsə, onda zəhmət çək, barəmdə telefonla səsləndirdiyin fikrə ictimaiyyət qarşısında aydınlıq gətir və məndən üzr istə”.
E.Hüseynov sonda bir məqamı da xatırladıb və fikirlərinə belə yekun vurub: “Bu mətni oxuyacaq hər bir kəs, o cümlədən Xədicə, sənə üzümü tutaraq deyirəm ki, mənim barəmdə böhtan yaymamışdan qabaq mənə istənilən məsələ ilə bağlı sual verin, cavabınızı alın və bu şərhi yayanda da mənim mövqeyimi vurğulamağı unutmayın”.
****
Xədicə İsmayıl isə ona cavabında aşağıdakı sözləri yazıb: “Mən danışmaq istəmədim, sən israr etdin. Dedim ki, xaricdə oturub, burda əziyyət çəkənlərin hesabına pul qazanmaq istəyinə yardımçı olmaq istəmirəm. Xüsusilə də bu qazancı əldə etmək üçün bütün təşkilatlara yerli hüquq müdafiəçiləri, ölkədə qalıb, əziyyətlərə qatlaşanlar haqqında böhtan donosları yazmağından sonra. Sizin orda nə davanız var, bilmirəm, amma o davanın insan haqları ilə heç bir əlaqəsi yoxdur. Bundan artıq deyib, özümün də, camaatın da ürəyini bulandırmaq istəmirəm. Sənə dedim, məni rahat burax. Nə qədər ki, ölkədəydin, əziyyətlərə qatlaşırdın, sənin bütün əyər-əskiyinə dözürdük. İndi daha nə qədər çalışsan da dissidentə oxşamırsan. Zənglərinə cavab verməyəndə bir şeyi yaddan çıxarmışdım. Onu da indi edim, səhifəni blok edim ki, daha belə postlarla məni narahat etməyəsən”.
E. Hüseynov isə polemikanı davam etdirməkdə israrlı olub və X. İsmayıla aşağıdakıları yazıb: “Xədicə, mən hər zaman halal işimlə pulumu qazanmışam. Kimsə istəmirsə mən onun ictimai müdafiəçisi olum, özü mənə açıq bunu deyə bilər, sənin başqa adamların adından danışmaq vəkalətnamən varsa ictimaiyyətə təqdim elə, işimi bilim. Qaldı ki, sənin indi səsləndirdiyin şər böhtan ittihamlarına, sən utanmadan, heç bir sübut gətirmədən dilə gətirirsən. Sənə də digər jurnalistlərə etdiklərimi edərkən səndən və onlardan heç nə ummamışam. Qaldı ki, səninlə bağlı yaxınlarının məndən edilən xahişlə bağlı mən məsələ ilə bağlı bir söz deyə bilərəm. Yaxşılığın yaddaşı qısa olur, hesab elə ki, sən haqlısan və mənə heç kəs səninlə bağlı heç bir xahiş etməyib. Mən ölkədə olanda da indi eyni işi görürəm. Hesab edirəm ki, kifayət qədər peşəkar görürəm (irad və təkliflərin olsa, buyur bildir, zəruri olsa nəzərə alaram). Əyər əskiklərimizi tərəziyə çıxarası olsaq, səninkilər mənimkindən 10 qat pis olar. Mən heç kəsin gözündə dissident kimi görsənmək üçün insan haqları müdafiə işinə başlamamışam. Qrant hesabına iş görmək ayıb deyil. Ayıb sənin kimi sübutu olmadan sənin müdafiənə və ömrünün 5 ilini həsr etmiş, həyatını təhlükəyə atmış adamı şər-böhtanla ləkələməkdir”. 
Bu çəkişməyə və söz duelinə ölkənin hüquq müdafiə və qeyri – hökumət sektorunun əksər təmsilçiləri reaksiya veriblər. Proses Facebook-da, Emin Hüseynovun səhifəsində davam edir.
P.S. Emin Hüseynovun statusları ingilis şriftləri ilə yazılıb. Ona görə də musavat.com onları milli şriftlərə keçirib və bir sıra redaktə prosesləri aparıb. Bu səbəbdən də, digər media quruluşları bu yazını bizdən kopyalayıb, verərkən, musavat.com-a istinad etsinlər.
P.P.S. Yazıya qoyulan fotoları Emin Hüseynov paylaşıb.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın