Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Şou Biznes / Elza Seyidcahanın “hi, ha, ha” ədəbiyyatı…

Elza Seyidcahanın “hi, ha, ha” ədəbiyyatı…

Nərmin Dadaşova

Şeir və musiqi özümü ifadə edə bildiyim ən vacib iki amildir mənim üçün. Əgər mən israrla Albinoni dinləmək istəyirəmsə, qulağınıza xeyir xəbər, deməli, vəziyyət yaxşı deyil. Neçə gündür ovqatımın Salam Sarvan dövrünü yaşayıram. Şairin şeirlərini, kim bilir, neçənci dəfə oxuyuram və düşünürəm: “Gördüm ki, tutmağa özgə yerim yox,Tutdum yıxılmağa qorxduğum yerdən” bu misranı yazan adam mənim şairimdir. Mənim sevimli şairim…

Yazını ona görə belə başladım ki, yazdıqca cümlələrimin kədərinə qoşulub onsuz da çıxa bilmədiyim major depressiyanın ətəklərinə qədər yuvarlanmayım. İlk abzası da ona görə yazdım ki, mövzuya girməmişdən əvvəl uzun-uzadı açıqlama vermək zorunda qalmayım. Mənim üçün mühüm olan iki məfhumun müdafiəsi uğrunda qələmə aldığım bu yazını mütləq yazmalı olduğumu nəzərinizə çatdırım. Keçək mətləbə, Elza Seyidcahana.
Çox istərdim bu yazını Elza xanımın tərzində, əndirabadi biçimdə yazım. Heyif ki, o həvəsdə deyiləm. Ona görə də, gəlin elə belə davam edək. Əziz Elza xanım, “ha ha ha arzuya bax sevgilim, hi ha ha tellərindən incəmi” nə deməkdir axı? Sizə qurban olum, Elza xanım, o boyda kədəri, o boyda ayrılığı, o boyda vüsalı, o boyda özləmi hansı yaradıcılıq eşqi, hansı istedad, hansı ilahi qüvvə sizə “hi ha ha” ilə oxudur? Elza xanım, xahiş edirəm, səsimə səs verin, bu beyini, bu rahatlığı, bu istedadsızlığı nəyə borclusunuz? “Hi ha ha arzuya bax sevgilim, ha ha ha tellərindən incəmi?” nədir də, nədir ? Bizə yazığınız gəlmir, qulaqlarımıza, zövqümüzə əsəblərimizə acımırsız, bari şeirin müəllifinə, müəllifin ruhuna bir balaca hörmət edin.

Nədir illərdir Azərbaycan incəsənətini sizdən çəkdiyi əzabın adı? Dəmirdən paltar geyindiniz, dinmədik. Üstü mer-meyvə ilə dolu şlyapa ilə gəzdiniz, heyvanlara konsert verdiniz susduq, şəxsi işidir, baş onun, bədən onun, səs onun dedik, işinizə qarışmadıq. Ancaq ədəbiyyat sizin deyil, Elza xanım. Bizim qulaqlarımız, bizim beynimiz və əsəblərimiz sizin deyil. Onlara toxuna bilməzsiniz. Bağışlayın Elza xanım, siz öz istedadsızlığınızı bizə yaradıcılıq kimi sırıya bilməzsiniz. Çünki biz, nə şairlər oxumuş, nə musiqilər dinləmiş adamlarıq. Çünki biz, söz və səs ilə özümüzü, ovqatımızı, sevgimizi, kədərimizi ifadə edən adamlarıq. Sizin “hi hi hi ha” larınız bizim üçün ancaq gülüş yeri olar, qəzəb yeri olar, sizin üçün nifrət yeri olar, etməyin, eləməyin.

Çox böyük ehtimal ki, tanımırsız. Azərbaycanda, “Sənli xatirələr dağılıb evə-bağışla, otağım tör-töküntüdü” yazan Salam Sarvan adlı şair var, “Mən səni sakitcə, yavaşca sevmək istəyirəm.Tanrıdan yazılantək, bir balaca quş öz balaca yuvasının küncünə qısılantək…” yazan Vaqif Bayatılı Odər var, “Bu dünyanın qara daşı göyərməz” deyən Musa Yaqub var, “Bəndələrin yerdədir,sən göydə nə gəzirsən? Gəl bir insan ömrünü yaşa görüm dözürsən?” yazan Aqşin Yenisey, “Mən gedərgəlməzdən qayıda bilsəm,dur çıx yol üstünə, gedən gələr də…Mən gedərgəlməzdən dönməyib, ölsəm, üzülmə birdənəm, adam ölər də…” yazan Əjdər Ol var.

Bəs siz nə yazırsınız, Elza xanım? “Məni bir yazdıran var, yazdıranı qazdıran var, qazdıranı basdıran var”… Baxın, yaxşı baxın, görün siz ədəbiyyatın ümumiyyətlə incəsənətin harasında dayanmısınız?

 

Həmçinin oxuyun

“Camaatın cibində pul var ki, toy edə?” – Niyam Salami

Müğənni Niyam Salami “Hər səhər Mətanətlə” proqramında qonaq olub.Müğənni həmkarlarının toyla bağlı narahatçılıqlarına etiraz edib:“İndi …

Bir cavab yazın