Ana səhifə / Şou Biznes / Elvin Səlimov: “Bu məsələylə bağlı sistemi nə Dünyamin Xəlilov qurub, nə də…”

Elvin Səlimov: “Bu məsələylə bağlı sistemi nə Dünyamin Xəlilov qurub, nə də…”

Beynəlxalq Bank qalmaqalında ən çox adı hallandırılanlardan biri də keçmiş millət vəkili Dünyamin Xəlilovdur. Ölkə mətbuatı sabiq deputat haqqında müxtəlif xəbərlər yayır. Onu gah Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Haciyevin yaxın qohumu, gah bu bankın vəsaitlərinin mənimsənilməsində əsas rol oynayan şəxs kimi təqdim edirlər. Son zamanlar Dünyamin Xəlilovun məhkəmə prosesi zamanı bütün əməllərində Cahangir Hacıyevi günahlandırdığı da diqqəti cəlb edən mövzulardandır.
Biz də deyilənlərin ictimaiyyət arasında ciddi maraq doğurduğunu nəzərə alıb onun vəkili Elvin Səlimovla görüşdük. 

-Elvin müəllim, bu yaxınlarda mətbuatda gedən açıqlamanızda müvəkkilinizlə bağlı irəli sürülən bir çox ittihamları təkzib edibsiniz. Bu cür qeyri-obyektiv məlumatların yayılmasının səbəbi nədir?
-Bu məlumatların nə məqsədlə yayıldığını bilmirəm. Görünür, səhv ictimai rəy yaratmaq səyləri bəzilərinin maraqlarına uyğundur. Bir neçə gün öncə yaxın dostlarımdan biri mənə zəng edərək, bildirdi ki, hansısa tanınmış internet portalında Dünyamin müəllimin məhkəmədə guya Cahangir Hacıyevin qohumu olduğunu dediyini yazıb. Halbuki, elə bir fakt yoxdur. O, məhkəməyə verdiyi sonuncu ifadəsində birbaşa göstərib ki, onun Beynəlxalq Bankla əlaqələri yalnız işgüzar münasibətlərə əsaslanır. Onların arasında hər hansı şəxsi  və ya qohumluq əlaqəsi olmayıb. Məhkəmə prosesində bir çox KİV-lərin nümayəndələri də iştirak edib. Həmin KİV-lərin heç birində isə bu məlumat getməyib. Elə bu faktın özü də sözügedən informasiya portalının məlumatları təhrif etdiyini ortaya qoyur.
-Mətbuat orqanlarında ən diqqəti cəlb edən digər məlumat Dünyamin Xəlilovun Cahagir Hacıyevi ittiham etməsilə bağlıdır. Doğrudanmı, müvəkkiliniz bu cür ittiham səsləndirib?
-Dünyamin Xəlilov sonuncu məhkəmə prosesində ümumiyyətlə Cahangir Hacıyevin adını çəkməyib. O sadəcə göstərib ki, Beynəlxalq Bankın nəzarətində müəyyən layihələri olub və həmin layihələr faktiki xaricdə həyata keçirildiyindən, Azərbaycanın rezidentində olan Beynəlxalq Bank onları birbaşa maliyyələşdirə bilməzdi. Maliyyələşdirmənin yolu ölkə daxilində hüquqi şəxslərin yaradılması və pulun həmin hüquqi şəxslər vasitəsilə Bankın həyata keçirdikləri lahiyələrə transfertindən keçirdi. Həmin layihələr hal-hazırda da mövcuddur. Dünyamin Xəlilov da ifadəsində göstərirdi ki, hazırki cinayət işi üzrə  “Azərbaycan Beynəlxalq Bank”ı ilə əlaqələndirilən 5 layihə var və onlar fəaliyyətdədirlər…
-Layihələr hansı ölkələrdə həyata keçirilirdi?
-Layihələrdən ikisi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində, biri Albaniya Respublikasında, biri  Türkiyə Respublikasında, biri isə  Rusiya Federasiyandadır. Birləşmiş Ərəb Əmirliyindəki “Yunited tekstil-iplik fabrikinin inşası artıq başa çatdırılmış, bir neçə il əvvəl rəsmi açılışı olmuşdur. Eyni zamanda yenə həmin ölkədə “Yunited Stell”-poladtökmə zavodunun inşası həyata keçirilmişdir. Albaniyakı “Anika” İnterprayses layihəsi çərçivəsində neftayırma zavodu da artıq  uzun müddətdir ki, fəaliyyətə başlayıb. Türkiyədəki layihə çərçivəsində Antalya bölgəsində torpaq sahələri alınaraq, rəsmiləşdirilib və həmin ərazilərdə yaşayış və istirahət komplekslərinin inşası nəzərdə tutulub.  Həmçinin, Moskva şəhərinin Altufyeva rayonunda eyni adlı biznes mərkəzinin tikintisi ilə bağlı layihə üzrə də bir çox işlər görülüb.
-Maraqlıdır, o zaman kreditlər niyə həmin ölkələrdən alınmayıb?
-Bu məsələylə bağlı sistemi nə Dünyamin Xəlilov qurub, nə də transfert qaydasını o müəyyənləşdirib. Bunların hamısını öncədən müəyyənləşdirən bankdır. Xaricdəki layihələri maliyyələşdirmək mexanizmi isə belə olub: layihələri həyata keçirmək üçün əvvəl şirkətlər açılıb, akkerditivlər vasitəsilə onlar maliyyələşdirilib və akkreditivlər vaxtinda ödənilmədiyindən, avtomatik kreditə çevrilib. Borc olaraq şirkətlərin üzərində qalıb. Həmin layihələrə ayrılan pulların hamısı layihələri həyata keçirən şirkətlərin hesabına oturdulub. Hər hansı mənimsəmə faktından isə söhbət gedə bilməz. Bu layihələrin maliyyələşdirilməsi bir çox dövlət qurumlarının tam nəzarəti altında həyata keçirilib. Dünyamin Xəlilov öz ifadəsində də göstərdi ki, Dubaydakı layihələrlə bağlı 2010-2011-ci illərdə Vergilər Nazirliyinin əməkdaşları həmin ölkəyə səfər edib və şirkətləri yerində yoxlayıblar. Layihələrə ayrılan investisiyanın həqiqətən də səmərəli sərf olunduğunu müəyyənləşdiriblər.
-Müəssisələr necə, rentabellidirlər?
-Hamısı rentabelli müəssisədir. Albaniyadakı neftayırma zavodu “Anika” İnterprayses”in adı Cahangir Hacıyevlə bağlı bütün cinayət işlərində keçir. Müəssisə rəsmi məktub yollayıb ki, bu pullar həqiqətən də bizə gəlib çıxıb. Həmin layihə hazırda faktiki olaraq işlək vəziyyətdədir. Şirkətin kim tərəfindən və necə idarə olunub-olunmaması isə Dünyamin müəllimə aid məsələ deyil. Müvəkkilimin funksiyasi yalnız ondan ibarət olub ki, bank tərəfindən edilən pul transfertlərinin layihələri həyata keçirən şirkətlərə gedib çatmasını müşahidə etsin.
-Yəni transfertlərdə vasitəçi olub.
– Xeyr, vasitəçi olmayıb. Dünyamin müəllim olmasa belə, bu transfertlər həyata keçiriləcəkdi. Sadəcə Dünyamin müəllimin işgüzar qabiliyyətləri, şəxsi mənəvi göstəriciləri, savadı, əlaqələri və sairə müsbət keyfiyyətlərinə görə, layihələrin maliyyələşdirilməsi prosesinin bir qisminin müşahidə edilməsi ona tapşırılıb.
-Belə çıxır ki, həmin işlər dövlətin layihələri olub və onlar etibarlı şəxs kimi Dünyamin Xəlilova həvalə edilib?
-Layihələrin dövlətin olub-olmadığını mən deyə bilmərəm. Amma sirr deyil ki, Beynəlxalq Bankın sərmayəsinin 51%-i o vaxt dövlətə məxsus idi və İdarə Heyətinin, Müşahidə Şurasının üzvləri arasından Maliyyə Nazirliyinin və digər dövlət qurumlarının nümayəndələri olub. Layihələrin hamısı da dövlətin marağına uyğun olub. Yoxsa, o qədər böyük pullar həmin layihələrə necə yatırıla bilərdi? Dünyamin Xəlilov layihələrə nə rəhbərlik, nə də nəzarət edib.
-Layihələrə yatırılan məbləğ nə qədər olub?
-Layihələrə ümumi olaraq 50 milyon manatlıq investisiya qoyulub. Dünyamin müəllimə qarşı irəli sürülən ittihama görə, həmin pullar mənimsənilib. Əvvəla, mənimsəmə necə baş verə bilər ki, Dünyamin müəllimin özü pul götürməyib. Onun rəhbərlik etdiyi ictimai birliyə də pul mədaxil olmayıb.
-Başa düşmədim. Həmin layihələri həyata keçirən şirkətlər Dünyamin müəllimin adına olmayıb?
-Xeyr. Dünyamin müəllimin adına olmayıb.
-Bəs, Dünyamin müəllimi niyə tutublar?
-Bank tərəfindən akreditivlər açılan hüquqi şəxslər Dünyamin müəllimin nəzarətində olan hüquqi şəxslər kimi qəbul edilir və buna görə də, faktiki olaraq Dünyamin Xəlilov rəhbər kimi görünür. Halbuki, həmin hüquqi şəxslərin yaradılması ilə bağlı təklif və digər sənədləşmələr Bank tərəfindən müəyyən edilib.
-Layihələri həyata keçirən əsl şirkətlərin sahibləri kimlərdir?
– Təəssüf ki, ibtidai istintaq orqanları bu hissəni araşdırmaya meylli olmamışdır.
-Onların Dünyamin müəllimlə hər hansı dostluq, qohumluq əlaqələri varmı?
-Xeyr, Hər hansı əlaqəsi yoxdur.
-Bəs Azərbaycanda yaradılan hüquqi şəxslərin rəhbərlərinin Dünyamin Xəlilovla əlaqəsi vardırmı? Həmin adamlar həbs olunmayıblar?
-Bəli, Dünyamin Xəlilov həmin şəxsləri tanıyır. Hazırkı cinayət işində onlar da təqsirləndirilən şəxs qismində cəlb olunublar. Ancaq barələrində həbs qəti imkan tədbiri seçilməmişdir. Prinsipcə, onların həbs olunmaları da doğru olmazdı.
-Vallah, çox qəribə məntiq labirintinə dirəndim. Pulun əslində getdiyi ünvanlar həbs olunmayıb. Pulun transfertində məlumatı olub, müşahidə edən şəxs isə həbsdədir. Bunun hüquqi əsalandırılması hansı motivə söykənir?
-Pulun çatdığı ünvan Azərbaycan rezidenti deyil. Dolayısıyla, onu həbs etmək də mümkün deyil. Azərbaycan qanunvericiliyi də imkan vermir ki, gedib həmin şəxsi həbs etsinlər və edə də bilməzlər. Məsələ burasındadır ki, Dünyamin müəllimin həbsi üçün də əsas yoxdur. Çünki həbsin motivi mənimsəmə ittihamı ilə bağlıdır. Mənimsəmə faktı isə mövcud deyil.
Digər tərəfdən, Dünyamin müəllimin mənimsəmədə ittiham olunduğu bütün işlər şəffaf aparılıb. Məqsəd o olub ki, sabah heç kim onu mənimsəmədə ittiham edə bilməsin. Dünyamin müəllim həm məhkəmə ifadəsində, həm yazılı izahatlarında da buna aydınlıq gətirib, müvafiq qurumlara lazımi sənədlər təqdim edib. Onu pul transfertlərində mənimsəmə faktına görə ittiham etmək mümkün deyil. Həmin pulların təyinatına görə xərclənib-xərclənməməsinə isə Dünyamin müəllim cavabdehlik daşımır. Onun səlahiyyətinə aid deyildi ki, pulların göndərildiyi şirkətin kimə aid olduğunu, vəsaitdən necə istifadə edildiyini araşdırsın. Onun səlahiyyətinə aid idi ki, Azərbaycan Beynəlxalq Bankın xaricdəki layihələrinə ayrılan məbləğlərlə bağlı mənimsə halının mövcud olmamasını təmin etsin və bunu da edib. Bütün əməliyyatları şəffaf aparması da bununla bağlı idi.
-Deyirsiniz ki, onu mənimsəmə faktına görə ittiham etmək olmaz. Amma faktiki olaraq, Dünyamin Xəlilov mənimsəmə ittihamı ilə bir ildir ki, həbs edilmişdir. İstintaq bunu necə əsaslandırıb?
-İstintaq orqanı hesab edir ki, Azərbaycan Beynəlxalq Bankın xaricdəki layihələrinə ayrılan pullar Bankdan çıxarılıb və Dünyamin müəllim həmin pulları mənimsəyib. Biz də deyirik ki, sənəddə nə göstərilməsindən asılı olmayaraq, məsələ bu cür deyil. Hər bir cinayət işinin görünən və görünməyən tərəfləri olur. İstintaq orqanlarının isə görünməyən tərəfləri də ortaya çıxarmalı və ittihamlarını da buna görə irəli sürməli idi.
-Mətbuat orqanlarında Dünyamin Xəlilov oliqarx kimi təqdim olunur. Yəqin razılaşarsınız ki, deputat maaşı ilə bu cür imkan əldə etmək mümkün deyil. Bəlkə istintaq da məhz bu faktlara əsaslanıb mənimsə ittihamı irəli sürüb?
-Hansı imkandan söhbət gedir ki? Dərd burasındadır ki, o iddiaların da əsası yoxdur. Dünyamin Xəlilov deyildiyi kimi böyük sərvətə malik oliqarx da deyil. Onun “Globus Plaza”da nə vaxtsa ofisinin olması hələ həmin obyektin sahibi olmasına dəlalət etmir. Hər hansı bir adam istədiyi yerdən kirayə mənzil götürə bilər. Bu, o demək deyil ki, həmin mənzilin yerləşdiyi buna onun şəxsi mülkiyyətidir. Dünyamin Xəlilovu 50 milyon manatı mənimsəməkdə ittiham edirlər. 50 milyonu mənimsəyən adamın heç olmasa bir milyonluq əmlakı olar. Bu adamın indiki gündə olan-olmaz daşınmaz əmlakı Qax rayonunda yerləşən 10 sot torpağı (belə deyək, rayon evi), Bakı şəhərində bir otaqlı mənzili var, hansı ki həmin mənzildə hazırda məcburi köçkünlər məskunlaşıb. Dünyamin Xəlilov uzun illərdir, həmin mənzilə getmir, köçkün ailəsini narahat etmir. Bir də ikiotaqlı mənzili mövcuddur. O da Dünyamin müəllimin yox, yoldaşının mülkiyyətidir və yoldaşının valideynlərindən miras olaraq qalmışdır.
-Xaricdə də heç nəyi yoxdur?
-Xaricdə mülkiyyəti olan, 50 milyonu mənimsəyən adam Bakı şəhərində oturmazdı. Ən azından, reallıqda mənimsəmə halı olsaydı, Dünyamin müəllim bilərdi ki, onu buna görə həbs edə bilərlər və çıxıb birdəfəlik xaricə gedər, həyatının sonunadək zənginlik içərisində yaşayardı. İndiki dövrdə hansısa offşor ölkələrindən birinə getmək, oranın vətəndaşlığını almaq çətin deyil. 2-3 milyon investisiya ilə rahatlıqla bu hüququ əldə etmək olur. Sənə daimi sığınacaq verərlər və heç kim səni ordan qaytara bilməz. Dünyamin müəllimin indiyədək bu fikrə düşməməsi də sübut edir ki, o, şəffaf işləyib. Heç bir mənimsəmə halına yol verməyib. Dünyamin müəllim mənimlə söhbətlərində dəfələrlə bildirib ki, daxilən özünü rahat hiss edir. Çünki insan bir cinayəti törətməyəndə özünü günahlandırmır, hər şeyin yaxşı olacağına inanır.
Belə çıxır ki, Dünyamin Xəlilov hələ də ümidini itirməyib. Nəyə daha çox ümid edir?
-Təbii ki, məhkəmənin ədalətli qərar çıxaracağına ümid edirik. (Ovqat.com)

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın