Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Eldar Mahmudovun Çovdarovdan tələbi: “Fərhad Əliyevindir, halallıq al”

Eldar Mahmudovun Çovdarovdan tələbi: “Fərhad Əliyevindir, halallıq al”

Ləğv edilmiş MTN-nin genaralı, hazırda həbsdə olan Akif Çovdarovun istintaqa ifadəsi məlum olub. Çovdarov istintaqa ifadəsində ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını və ondan şikayətçi olan əksər şəxsləri tanımadığını deyib. 
Musavat.com Akif Çovdarovun istintaqa verdiyi ifadəsini əldə edib. Çovdarov ifadəsində qalmaqallı “Vosmoy” bazarından, iş adamlarından, sahibkarlardan danışıb, onların ittihamlarına cavab verib.
İstintaq materiallarında qeyd edilir ki, Çovdarov özünü ona elan olunmuş ittihamlar üzrə təqsirli bilməyib. Ancaq onu ifşa edən çoxsaylı dəlillər qarşısında törətdiyi əməllərin faktiki tərəfini və xidməti səlahiyyətlərinə aid olmayan fəaliyyətlə məşğul olmasını etiraf edib.
Çovdarov ifadəsində göstərib ki, 2004-cü ilə qədər daxili işlər orqanlarında müxtəlif vəzifələr tutub. 2004-cü ildə isə MTN-nin Kadrlar idarəsindən ona zəng edilərək həmin nazirlikdə işləmək təklif edilib. O da həmin təklifi qəbul edərək Antiterror mərkəzində şöbə rəisi kimi xidmətə başlayıb. 2009-cu ilin mart ayından 2015-ci ilin noyabr ayının 7-nə qədər Nazirliyin 6-cı Baş idarəsinin rəisi vəzifələrində xidmət edib. 7 noyabr 2015-ci il tarixdə isə general-mayor rütbəsində sərəncama götürülüb və elə həmin ayda da ehtiyata buraxılıb. Eldar Mahmudov vəzifədən uzaqlaşdırılandan bir müddət sonra.
General deyib ki, rəhbərlik etdiyi baş idarə energetika və nəqliyyat sahələrində, o cümlədən  neft-boru kəmərləri, metro, dəmir yolu, su yolu, bütün energetika və nəqliyyata aid olan digər sahələrdə təhlükəsizliyin təminatını həyata keçirib və öz fəaliyyətini milli təhlükəsizlik naziri tərəfindən təsdiq olunmuş Əsasnamə əsasında qurub.
“Mən nazirə şifahi qaydada məruzə edirdim”
“Hər bir sahə üzrə daxil olmuş məlumatlar barədə işçilər öz rəhbərlərinə, ən sonda isə mənə məruzə edib, hansı məlumatlar əhəmiyyət kəsb edirdisə, bu məlumatlara dair siqnal işi açılıb, iş açılandan sonra tədbirin keçirilməsi ilə əlaqədar əvvəlcədən mən milli təhlükəsizlik nazirinə şifahi qaydada məruzə edirdim. Məhkəmə qərarı alındıqdan sonra müvafiq tədbirlər keçirilib və tədbirin nəticəsi barədə də şifahi qaydada milli təhlükəsizlik nazirinə məruzə olunub”- deyə Çovdarov ifadəsinə əlavə edib.
Çovdarov icazəsiz dinləmələr apardığını etiraf edib
Çovdarov deyib ki, icraatda olan əməliyyat işləri, araşdırma materialları üzrə telefon danışıqlarına qulaq asma, insanların güdülməsi və s. əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əksər hallarda məhkəmə qərarları alınıb, bəzi təxirəsalınmaz hallarda isə həmin tədbirlər nazirin tapşırığı əsasında məhkəmə qərarı olmadan həyata keçirilib.
Məhkəmə qərarı olmadan keçirdikləri əməliyyat tədbirləri barədə heç vaxt ibtidai araşdırmaya, prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə məlumat verilmədiyini deyən Çovdarov bunun səbəbini qanunun bu tələbinə fikir verməmələri ilə izah edib.
8-ci kilometr bazarı (“Vosmoy”) epizodu üzrə ona qarşı irəli sürülən ittihamlara cavab verən Çovdarov deyib ki, 2005-ci ilin sonlarında sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin çoxlu  obyektlər almasına dair MTN-ə müraciətlər daxil olub. Bu müraciətlərdən ikisinin araşdırılması ona həvalə edilib. “Vosmoy” bazarının sahibi Çingiz Əsədovun şikayətini şəxsən özü araşdırıb.
Eldar Mahmudov halallıq alınmasını istəyib
General deyib ki, Ç.Əsədovun şiakyətçi olduğu Cəfər Səfərov MTN-ə dəvət olunaraq izahatları alınıb. A.Çovdarov şəxsən özü Çingiz Əsədova və Cəfər Səfərova barışmalarını, bu məsələni öz aralarında həll etmələrini təklif etdiyini söyləyib:
“Uzun mübahisələrdən sonra Çingiz Cəfərdən bazarı 300 min dollara satın almağa razılaşıb, şikayətindən imtina etdi. Çingiz Əsədovun müraciəti MTN-də qeydiyata alınmadı. Araşdırma qeyri-rəsmi aparılıb. Çingizin 300 mini olmadığı və bazarı ala bilmədiyinə görə məsələ MTN rəhbərliyinə məruzə olundu. Həmin bazar əslində sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin bazarı olduğundan rəhbərlik (Eldar Mahmudovu nəzərdə tutur) tərəfindən bazarı tərəflərin, yəni Çingiz Əsədov və Cəfər Səfərovun hər ikisinin halallığı alınmaqla onun  və milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədov tərəfindən pulu ödənilməklə satın alınması tövsiyə olundu”.
A.Çovdarov deyib ki, sonradan bazarın 50 faizi qızı Aida Qasımovanın, digər 50 faizi isə Hilal Əsədovun həyat yoldaşı Nüşabə Əsədovanın adına səndləşdirilib. O, Cəfər və Qəhrəman Səfərov qardaşlarının ifadələrində göstərdiklərinin həqiqətə uyğun olmadığını, onlara qarşı tərəfindən təzyiq və hədə olmadığını, bazarı onların razılığı ilə aldığını bildirib. General həmçinin onları iynə vurdurub iflic etməklə hədələmədiyini də deyib.
General zərgərlik fəaliyyəti ilə məşğul olan Şahmar Qurbanov epizodu ilə bağlı deyilənləri də təkzib edib. O, Şahmar Qurbanovun MTN gətirilmədiyini, ondan 500 min dollar və 380 min dollar dəyərində brilyant daş-qaşlar almadığını deyib.
Çovdarov Bakıda bina inşası ilə məşğul olan “Real” MTK-nın rəhbəri olmuş İlham Qasımovun ittihamları ilə də razılaşmayıb.
Hazırda bəhsə olan İlham Qasımovun Rauf adlı şəxsə pul borclu olması və qaytarmaması ilə bağlı araşdırma aparılması ilə bağlı Eldar Mahmudovdan göstəriş almadığını deyən Akif Çovdarov adı çəkilən şəxslə öz otağında görüşmədiyini deyib. A.Çovdarov nə İ.Qasımovdan nə də onun övladlarından pul tələb etmədiyini qeyd edib.
Çovdrovun dostları ilə balıq işi
Kürdəmir rayonunda torpaq sahələrinin icarəyə götürülməsi, fiziki şəxslərin məcburi öz ərazilərindən çıxarılması, hüquqlarının pozulması epizodu haqda da eyni məzmunlu ifadə verən Çovdarov deyilənlərin yalan olduğunu söyləyib.
Sabiq MTN əməkdaşı İlqar Aşurbəyovda külli miqdarda pul alması ittihamına da cavab verən Çovdarov qeyd edib ki, zərərçəkmiş şəxs yalan danışır. O, kürəkəni Rəşad Əmircanovun MTN-in Hava Limanında Təhlükəsizlik İdarəsinə əməliyyat müvəkkili vəzifəsinə təyin olunduğunu, rəisinin isə İlqar Aşurbəyov olduğunu deyib. Çovdarov İlqar Aşurbəyovla düşmənçiliyi və ya ədavətinin olmadığını, sadəcə olaraq münasibətlərinin soyuq olduğunu qeyd edib.
Akif Çovdarov “Baktel LTD” MMC-nin sahibi Zaur  İbrahimovdan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Neman Kərimovdan, əntiq malların satışının həyata keçirildiyi “Moda” mağazasının sahibi Əbil Vəzirovdan, “Yeni Yasamal” və digər mənzil-tikinti kooperativlərinin həmtəsisçiləri Nəsib Əliyev və Cahangir Alışovdan, “Karvansaray-2010” MMC-nin həmtəsisçisi Nizami Quliyevdən, sahibkar Elçin Hacıyevdən, “Süleyman Transport” MMC-nin sədri Fikrət İbrahimovdan, taxta-şalban ticarəti ilə məşğul olan Qədim Ədilovdan, Biləcəri Bələdiyyəsinin sədri İlham Xəlilovdan, Binəqədi Bələdiyyəsinin sədri Elman Salmanovdan və Bakı Metropoliteninin rəisi olmuş Tağı Əhmədovdan külli miqdarda pul vəsaitlərinin hədə-qorxu yolu ilə ələ keçirməsi ilə bağlı deyilənləri də qəbul etməyib.
Təqsirləndirilən Akif Çovdarov özünə məxsus evdən 3 ədəd dəyənəyin aşkar edilməsi, “Bəhrə-2010”, “Aqua Agro”, “RAF-2006”, “Nəzrin-E”, “Bozalt”  MMC-lərinin fəaliyyəti, idarəçiliyində iştirakı, rəsmi gəlir mənbələrinə uyğun olmayan çoxsaylı daşınmaz əmlaklara, qızıl-zinət məmulatlarına malik olması,  plastik bank kartları ilə xarici ölkələrdə külli miqdarda pul vəsaiti xərcləməsi xüsusatları üzrə ifadə verməkdən və sualları cavablandırmaqlan imtina edib.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın