Ana səhifə / Şou Biznes / Eldar İbrahimov dediklərini yenə dandı

Eldar İbrahimov dediklərini yenə dandı

Qardaşı işdən çıxarılan deputat: “Nə Gömrük Komitəsinin, nə də Dövlət Sərhəd Xidmətinin adını çəkmişəm”
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun qardaşı Nizami İbrahimov gözlənilmədən Dövlət Gömrük Komitəsinin Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Məlumata görə, N.İbrahimov günün birinci yarısında iş yerinə gəlib və idarənin kollektivini yığaraq onlarla vidalaşıb. Məlumatdan belə qənaət formalaşır ki, N.İbrahimov vəzifədən azad edilməklə yanaşı, onun gömrük orqanlarındakı fəaliyyətinə də xitam verilib. Azpolitika.info xatırladıb ki, Eldar İbrahimov iyulun 27-də genetik modifikasiya olunmuş məhsulların ölkə ərazisinə gətirilməsi ilə bağlı danışarkən, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin bu məsələdəki fəaliyyətsizliyinə diqqəti çəkmiş, bu dövlət qurumlarını sərt tənqid etmişdi.

Sitat: “Geni dəyişdirilən məhsulların ölkəyə buraxılması, onların insanlara satılması dəhşətli cinayətdir. Gərək aidiyyəti qurumlar, şəxslər məsuliyyətli olsunlar”.

Bundan dərhal sonra isə Dövlət Gömrük Komitəsi açıqlama yayaraq deputatı təkzib etmişdi.
E.İbrahimov bununla bağlı “qafqazinfo”ya açıqlama verərək qardaşının həqiqətən də işdən çıxarıldığını təsdiqləyib. Amma qeyd edib ki, bu xəbər qardaşının “vurulması” kimi qiymətləndirilməməlidir. Çünki Nizami İbrahimovun artıq 63 yaşı var və o, məhz yaş həddi ilə əlaqədar olaraq işindən uzaqlaşdırılıb. E.İbrahimov qardaşının uzun illər bu sistemdə qüsursuz işlədiyini də vurğulayıb.

Yeri gəlmişkən, Nizami İbrahimov 24 yanvar 2012-ci il tarixdə prezident tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdu. Üstündən üç il yarım keçəndən sonra onun “yaşına görə” işdən uzaqlaşdırılması ən azı təəccüblüdür. Azərbaycanın müxtəlif qurumlarında hətta 70-80 yaşlarında çalışan məmurlar da var və 63 yaş heç də vəzifədən azad edilmək üçün ciddi səbəb sayıla bilməz.

Qeyd edək ki, E.İbrahimov parlament fəaliyyəti boyunca dəfələrlə geni dəyişdirilmiş məhsulların ölkəyə idxalına qarşı mübarizənin zəruriliyini qeyd edib, həmçinin qanunvericilik təşəbbüsü ilə çıxış edib. Lakin görünür, komitə sədrinin bu həssas dönəmdə, prezidentin əksər sahələrlə bağlı sərt iradlar səsləndirdiyi və mətbuatı mütəmadi izlədiyini vurğuladığı bir vaxtda Gömrük Komitəsini sərt tənqid etməsi adıçəkilən komitə tərəfindən həzm edilməyib. Əks təqdirdə, “91-lər”in təmsilçilərindən olan E.İbrahimovun çıxışının bu şəkildə sərt reaksiya verməzdilər.

Hələlik Gömrük Komitəsinin məsələ ilə bağlı rəsmi açıqlaması yoxdur.

İyulun 30-da isə E.İbrahimovun rəhbərlik etdiyi YAP-ın nümayəndə heyəti Bolqarıstandan səfərdən qayıdıb. O, səfərdə olduğu zaman mətbuata verdiyi müsahibənin geniş rezonans doğurmasından da danışıb. Qeyd edib ki, bu müsahibəni yolüstü, hava alanından telefonla verib: “Bəribaşdan deyim ki, həmin müsahibədə mən heç bir dövlət qurumunun adını çəkməmişəm. Ola bilsin ki, telefonda müsahibəni götürən müxbir nəyisə yanlış anlayıb. Jurnalist dediklərimi diktofonuna yenidən qulaq asmaqla təsdiqləyə bilər. Mən dəhşətli sözünü ümumiyyətlə işlətməmişəm.

Bir məsələni jurnalistlər nəzərə almalıdırlar ki, Eldar İbrahimovun parlament təcrübəsi kifayət qədərdir və deputatın səlahiyyətindən kənar məsələnin nədən ibarət olduğu bizə aydındır. Qaldı ki, konkret olaraq geni dəyişdirilmiş kənd təsərrüfatı məhsulları ilə bağlı məsələyə, bir daha bəyan edirəm ki, mənin açıqlamam daha çox təbliğat xarakterli idi.

İnsanlarımız bilməlidirlər ki, geni dəyişdirilmiş məhsulların Azərbaycana gətirilməsi qanunu pozmaq deməkdir. Buna görə Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində konkret müddəalar var. Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən, belə məhsulların insan sağlamlığına vurduğu ziyana diqqət etmək lazımdır. Bu iki məqamı insanlarımız bilməlidirlər.

Müsahibədə mən cəmiyyətə bunları çatdırmağa çalışmışam. Yoxsa nə Gömrük Komitəsinin, nə də Dövlət Sərhəd Xidmətinin adını çəkmişəm. Hər iki qurumun fəaliyyətini hər zaman, hətta Milli Məclisdə büdcə müzakirələri zamanı təqdir etmişəm. Hesab edirəm ki, bu quruma rəhbərlik edənlər Heydər Əliyev siyasətinə, dövlətçiliyə sadiq insanlardır. Azərbaycanın inkişafına daim öz töhfələrini veriblər. Mən uzun illərdir Milli Məclisdə aqrar sahəyə rəhbərlik edirəm. Həmin geni dəyişdirilmiş məhsullara hansı qurumun nəzarət etdiyi barədə məlumatım var. Bunun nə Gömrük Komitəsi, nə də Dövlət Sərhəd Xidmətinə aidiyyəti var”.

Göründüyü kimi, E.İbrahimov tam fərqli fikirlər səsləndirib. Adının çəkilməsini istəməyən mənbənin sözlərinə görə, komitə sədri qardaşının vəzifədən uzaqlaşdırılması ilə ona qarşı təzyiqlərin bitməyəcəyi barədə xəbərdarlıq aldığı üçün fərqli taktika seçib: “Eldar İbrahimovun bu hakimiyyət qarşısında böyük xidmətləri var və ”91-lər”in üzvü olması çox şeydən xəbər verir. Amma bu da var ki, hakimiyyət hətta ona uzun müddət sədaqətlə xidmət etmiş adamları belə, “qırmızı xətti” keçdikləri üçün günün birində sərt şəkildə cəzalandırmağı bacarır və bunun nümunələri kifayət qədərdir. Eldar İbrahimov da, görünür, özünə çox arxayın olduğu üçün kifayət qədər güclü bir strukturu açıq şəkildə tənqid edib. Amma nəzərə almayıb ki, bu qurumda məsul vəzifə tutanlardan biri elə öz dost-doğmaca qardaşıdır. Komitə sədrinin vətəndaşlıq mövqeyini yüksək qiymətləndirmək lazımdır. Geni dəyişdirilmiş məhsulların hansısa yollarla Azərbaycan bazarına daxil olması böyük fəlakətlərə gətirib çıxarır. Lakin Azərbaycan reallığında bu cür tənqidlər səsləndirən şəxslərin həm də ehtiyatlı olmaları tələb olunur”.

Mənbə iddia edib ki, komitə sədrinin özü bununla özünü YAP-ın seçki siyahısından da kənarda qoya bilər: “Hər halda, hakim partiyada parlament seçkilərində mandat qazanmaq uğrunda gizli mübarizə gedir və belə bir həssas dönəmdə ”ehtiyatsız” açıqlamaları ilə özünü “yandıranlar” kənarda qala bilərlər”. Bəzi iddialara görə, baş verənlər həm də hakim düşərgədəki iqtidardaxili mübarizənin də konturlarını bir daha üzə çıxarır.

M.HÜSEYNLİ

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın