Satış üçün ev, torpaq, əşya kimi elanların yerləşdirildiyi saytlarda onlarla belə elan da var. Biri yalanı sevmədiyini vurğulayır, digəri isə boşandığını qeyd edir. Hətta dul qadın axtaran da var. Əksəriyyəti elana şəkillərini də yerləşdirir. Əmək haqqı başda olmaqla, ad, soyad, iş yeri, telefon nömrəsi, ailə vəziyyəti kimi şəxsi məlumatlar da elan verilir.

Ən maraqlısı Eldar adlı bir şəxsin verdiyi elandır. O, 1991, 1994, 1995-ci il təvəllüdlü Tərəzi, Dolça, Xərçəng bürcündə olan subay qızla tanış olmaq istədiyini qeyd edib.

Eldar Rüstəmov xarakterini dəftərə yazıb. Yaxın günlərdə onu da sözügedən elan saytında paylaşacağını deyir.

Saytda elan verən digər şəxslərlə də telefon əlaqəsi saxladıq. Müsahibə vermək istəməsələr də, elanın real olduğunu və tanış olmağa hazır olduqlarını bildirdilər.

Mütəxəssislərə görə, sosiologiyada belə insanlar sosial şəxlər hesab olunurlar. Real həyatda ünsiyyətə girə bilmədiklərindən, saytlarda şəxsi məlumatlarını paylaşırlar. İnternet üzərindən tanışlıq qurulduğundan ailənin təməlinin sağlam olub- olmayacağı isə mübahisə mövzusudur.