Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Düşərgədə azərbaycanlı ata uşağını elə vurdu ki, hətta afrikalılar da ona heyrətlə baxırdılar…”

“Düşərgədə azərbaycanlı ata uşağını elə vurdu ki, hətta afrikalılar da ona heyrətlə baxırdılar…”

Azərbaycandan gedən jurnalist Almaniyadakı qaçqın düşərgəsində gördüklərindən danışır
Mühacirlər dünya mətbuatı kimi Azərbaycan mətbuatının da ən çox maraqlandığı mövzulardandır. Son bir neçə ildə Avropanı başına götürən bu problem bir çox rakurslardan işıqlandırılıb. “Yeni Müsavat” dəfələrlə avropalı mühacirlər barədə yazı seriyaları hazırlayıb. Yunanıstanın düşərgələri, Macarıstandakı düşərgələr, eləcə də Avropada, Amerikadakı azərbaycanlı mühacirlər bizim yazıların mövzusu, qəhrəmanı olub.
Amma mühacirət prosesini addım-addım izləmək imkanımız olmayıb. Necə deyərlər, mühacirin düşərgəyə düşdüyü gündən etibarən anbaan yaşadıqları hər zaman maraqlı olub media üçün. Qəzetimizin keçmiş əməkdaşı Röya Rəfiyeva hazırda Almaniyadakı mühacir düşərgələrindən birində qalır. Röya artıq bir neçə dəfə düşərgə, ordakı şərait barədə sosial şəbəkədəki statuslarında yazıb. Almaniyada olduğu bir ay ərzində onda belə təəssürat yaranıb ki, ölkədən kənara da elə ən pislər çıxa biliblər: “Necə? Deyəcəm bir-bir…Kampda səhər tezdən, 7-də hər kəs yeməkxanaya çay, yemək götürmək üçün gedir. Hər gün 8-ə işləmiş həyətə düşəndə iki kişinin tində durub söhbətləşdiyini görürəm, gəlib-gedən insanlara baxıb qeybətləşirlər, ikisi də azərbaycanlıdır, səhərin gözü açılmamış kimdənsə danışırlar…
Yeni gəldiyim düşərgədə ilk gün axşam 10-dan sonra qışqırıq eşitdim, qonşuda dava idi. Kişi harasa yumruğunu, silləsini vurur və bizim dilimizdə qışqırırdı: “Əlini aşağı sal!” Otaqda uşaqlar qorxdu, əynimi geyinib qapını açıb səsimi yüksəltdim ki, “bura Azərbaycan deyil, bu, nə hərəkətdir?” Səs kəsildi, dəhlizdəki uşaqdan nə baş verdiyini soruşdum, dedi ki, qonşu hər gün arvadını və uşaqlarını döyür…
Sonuncu çərşənbədə gecə 11 radələrində pəncərəni açdım ki, şəhərə baxım. Kimsə azərbaycanca qışqıra-qışqıra söyürdü, əyilib baxdım, bir kişi kampın həyətində bəlkə də bildiyi bütün söyüşləri bağıraraq telefonla kiməsə “çatdırırdı”, iki nəfər də kənarda dayanıb baxırdı…
Burada sosial fond var, növbəyə durub müavinət almağa. Getdiyim gün növbədəkilərin çoxu azərbaycanlı idi, biri qapını açıq saxlaya bilmədi, qadını durub etmək istəyəndə qışqırdı: “Sən otur yerində, sən sus, sən edə bilməzsən, səndən əvvəl neçə dəfə mən etmişəm də bunu, məndən çox bilirsən, dedim otur yerində” və sair. Digər millətlərdən olanlar maraqla onlara baxıb nə baş verdiyini anlamağa çalışırdılar. Sonra ümumi söhbət başlandı və kişilər başladılar burada dava edib, başqa millətləri döyüb qalib olmaqlarından danışmağa: “Biz srazı başlayırıq tapbatap vurmağa”…
Burada, qaldığım düşərgədə azərbaycanlı kişilər əksər hallarda dil kursuna getməyə belə maraq göstərmirlər. Həyətə toplaşıb söhbətləşirlər, ya yığışıb futbol oynayırlar, ya da burada hökumətdən aldıqları 150 avroya güvənib kampda qadınlarla tanışlığa cəhd edirlər. Yadıma saldıqlarım bunlardır hələ. Desəniz ki, bəs qadınlar, onlar neyləyirlər? Qadınlar uşaqları ilə məşğuldurlar, yemək bişirirlər, onları kursa aparırlar, özləri kursa yazılırlar ki, dil öyrənsinlər və cəmiyyətə qarışa bilsinlər. Hərdən istəyirəm onları yığıb deyəm ki, baxın, bu geridəqalmış, ömrünüzü çürüdən varlıqları neynirsiz? Amma demirəm, yəqin özləri gec-tez başa düşəcəklər…”
R.Rəfiyeva əslində bir statusla bəlkə də bir sənədli filmin süjetini təqdim edib bizə. Amma özü ilə söhbətdə bizi maraqlandıran bəzi detallara da aydınlıq gətirdi. Məsələn, bildirdi ki, qaldığı düşərgədə dil bilməyəndə baş çıxarmaq çətindir. Onun sözlərinə görə, düşərgədən çıxmaq, gəzmək, daha sonra qayıtmaq mümkündür: “Bura türmə kimi deyil ki. Çarpayı, şkaf dəmirdən idi. İstənilən vaxt giriş-çıxış sərbəstdir. Yeni gələnlərə uzaq şəhərlərə gedəndə icazə almaq lazımdır. Düşərgə şəhərdən bir az uzaqdır. Ona görə də dükanlar bir az uzaqdadır. Çətinlik budur. Əsas çətinlik dil bilmirsən və sənə məktub gəlir. Oxumalısan ki, nə yazılıb. Yeməkləri isə normaldır. Boldur. Artıq qalır. Hətta evə gətirdiyimiz yeməklərin də hamısı yeyilmir. Sadəcə, biz az dadı fərqlidir. Əvvəl balaca oğlum yeyə bilmirdi. İndi öyrəşib. Menyu makaronla kotlet, yanında isə tərəvəz var. Bəzən isə püre ilə Kiyev kotleti verilir. Evə gətirməyə konservalar, meyvə, meyvə suyu, pendir verirlər”.
R.Rəfiyeva dedi ki, azərbaycanlıların çoxu siyasi statusla gəldiyini deyir. Amma həkimə gələnlər də var: “Gələnlərin hamısını əvvəl kampa gətirirlər. Sonra araşdırırlar ki, nə istəyir. Həkim lazım olanları göndərirlər həkimə. Sonra geri – ölkəsinə göndərirlər. Təxminən belə. Burada rastlaşdığımız işçilər gülərüz, mehribandılar. Heç bir qorxulu hal yoxdur. Yəni qorxmağa gərək yox. Əvvəl bir neçə gün otağın açarını vermirlər. İlk gün qorxumdan yatmamışdım. Böyük oğlum Şakir də gercə yarısına qədər yatmadı. Sonra o qorxu da ötdü. Burada bir qızla tanış olmuşdum. İranda yaşayan Azərbaycan türkü idi. İsveçrə onu ölkəsinə göndərmək istəmişdi. O, pulsuz və bileti də olmadan qatara minib Almaniyaya qaçmışdı. Ölkəsinə qayıtmaq istəmir. Risk etmişdi. Sənədləri də qalıb o biri ölkənin düşərgəsində. Deyir ki, İsveçrədəki düşərgə yaxşı deyildi, meşənin içində idi”.
Müsahibimiz dedi ki, bu, onun qaldığı ikinci düşərgədir. Məskunlaşdığı birinci düşərgədə azərbaycanlılar onu tanıyırmışlar: “Amma mən onları tanımırdım. Daha çox özləri barədə danışırdılar ki, ölkədən niyə gəliblər, nə səbəbdən burdadılar. Burda neqativ hallar görməmişəm. Rastlaşdığım hallar azərbaycanlılarla bağlı idi. Birini statusda yazmışdım. Məsələn, intervüyə getmək üçün otaqda növbədə gözləyirdik. 3 yaşlı uşaq otaqda qaçıb yıxıldığı üçün atası onu vurdu, sonra da götürüb stula çırpdı, bağırdı. Hətta afrikalılar da ona maraqla baxırdı”.
Röya danışır ki, burada suriyalılar tək-tük, Efiopiyadan, Afrikadan olanlar isə çoxdur: “Onlar da bizimkilərdən daha azdır. Qaldığım iki düşərgədə azərbaycanlılar çoxdur. Azca iraqlı, afrikalı, tək-tük suriyalı, bir neçə nəfər isə belarusdur”.

musavat.com

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın