Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Dünyadakı azərbaycanlılar eyni gündə, eyni saatda aksiya keçirəcək

Dünyadakı azərbaycanlılar eyni gündə, eyni saatda aksiya keçirəcək

İsveçrədə yaşayan mühacirlər Azərbaycanda baş verən proseslərə etiraz əlaməti olaraq aksiya planlaşdırır. Bu barədə sözügedən ölkədə yaşayan mühacir Laçın Məmişov sosial şəbəkədə yaydığı elanda bildirib. Elanda göstərilir ki, İsveçrədə yaşayan mühacirlər Avropa, Amerika, Rusiya, Türkiyə, Ukrayna və bütün dünya da yaşayan mühacirlərə səslənir, eyni zamanda bütün KİV redaktorları və jurnalistlərinə, aksiyaya informasiya dəstəyi verməyi xahiş edirlər.

Müraciətdə qeyd edilib ki, İsveçrədə fəaliyyət göstərən “Haqq və Ədalət” təşkilatı tərəfindən verilmiş təklifi müzakirə edib, bütün dünyada yaşayan mühacirlərə müraciət etmək qərarına gəlinib: “Hamımıza məlumdur ki, manatın son devalvasiyasından sonra Azərbaycanda vətəndaşlarımızın maddi durumu olduqca bərbad vəziyyətdədir. Artıq bölgələrimizdə maddi durumu acınacaqlı vəziyyətdə olan vətəndaşlarımız etiraz aksiyaları keçirirlər. Lakin rejim bütün bu etirazları dinləmək, insanların problemləri ilə maraqlanmaq əvəzinə, dinc əhalinin üstünə qoşun yeritməklə zor tətbiq edərək haqlarımızı tapdalayır. Bu etiraz dalğasından öncə ölkədəki özbaşınalıqlara etiraz edən, hakimiyyətin cinayətlərini ifşa edən aktivistləri, jurnalistləri, siyasətçiləri də eyni metodla şərləyərək həbsxanalara doldurdu. Bu gün də bölgələrdəki etirazların “qarşısını almaq” üçün yeni həbslər dalğası tüğyan etməyə başlayıb. Həbs olunanlar arasında siyasi partiyaların üzvləri ilə yanaşı, öz yaşamaq haqqını tələb edən insanlar da var. Bütün bu haqsızlıqlara internet və sosial şəbəkələr üzərindən edilən etirazlar və təpkilər heç bir nəticə vermir. Əksinə, Azərbaycandan kənarda yaşamaq məcburiyyətində olan mühacirlərin sosial şəbəkələrdə paylaşdıqları fikirlərə, yazılara dəstək olan, şərh edən ölkə daxilində yaşayan vətəndaşlarımız da hakimiyyətin qara siyahısına düşür. Bu da müəyyən bir müddətdən sonra həmin aktiv insanların həbsinə, təhdid olunmasına gətirib çıxardır. Odur ki, biz hakimiyyətin etdiyi haqsızlıqlara fərqli formada etirazlar etməliyik. Mənsub olduğu partiyadan, siyasi baxışlarından, asılı olmayaraq bu gün bizim hamımızın birləşmək, bir hədəfə vurmaq üçün bir araya gəlməmizin zamanıdır. Kiminsə kimlə hər hansı bir incikliyi, küsülülüyü belə varsa, bu məsələdə hər şey arxa plana keçməlidir. Aksiyanın rəsmi icazəsini almaq, hər birimizin əvvəlcədən işini planlaşdırması, aksiyaya daha mütəşəkkil şəkildə hazırlıq görülməsi nəzərə alaraq aksiyanın keçirilməsi üçün 06 fevral 2016-cı il saat 14:00-da, yəni bütün ölkələrdə eyni gündə, eyni saatda keçirilməsini təklif edirik. Aksiyanın təşkilatını hər ölkədə bir neçə nəfər öz üzərinə götürə bilər. Keçiriləcək aksiya ilə bağlı kimin nə təklifi varsa, zəhmət olmasa öz təkliflərinizi bildirin. Eyni zamanda aksiyanın vaxtını, saatı məsələsini də müzakirə edə bilərik. Tək müzakirə olunmayacaq bir məsələ var: Aksiyanın ayrı-ayrı günlərdə keçirilə məsələsi, bu aksiyanı parçalamaqdı. Ona heç bir halda yol verilməməlidir. Aksiyaların təşkilat komitəsi açıqdır. İstənilən hər bir şəxs bu aksiyanın təşkilati komitəsinə qoşula bilər. Bütün mühacirlərin borcu xalqın yanında, hakimiyyətin qarşısında olmaqdı. Bu aksiya hamımızın aksiyasıdır”.

“Yeni Müsavat”a açıqlamasında L.Məmişov dedi ki, bu, həm də Azərbaycanda bu gün iqtisadi problemlərdən əziyyət çəkib haqqını tələb edən vətəndaşlarımızın problemlərini dinləmək əvəzinə, onların üstünə qoşun yeridən hakimiyyətə etirazlarıdır: “Həm də düşündük ki, mühacirlərin birliyə gəlməsi üçün bir ənənə yaransın. Kimin kiminlə şəxsi zəmində nə problemi varsa, bu məsələlərdə arxa plana keçməlidir. Çünki bizim ölkənin vətəndaşları bu gün məişət problemlərinə görə özünü yandırır, dənizə atır, intihar edir. Bu bizim millətin faciəsidir. Buna heç bir halda biganə qala bilmərik”.

L.Məmişov dedi ki, aksiyanın baş tutması başqa ölkələrdə yaşayan mühacirlərin nə dərəcədə səmimi olmasından asılıdır: “İsveçrədə biz bütün hazırlıqlara start vermişik. Ümid edirəm ki, başqa ölkəlrdə yaşayan mühacirlər də biganə qalmayacaq. Bu aksiya kimin nə dərəcədə səmimi olmasını göstərəcək”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın