Çərşənbə , İyul 6 2022
Ana səhifə / Şou Biznes / Dünənə kimi bir-birinə “itin sözü”nü deyirdilər…

Dünənə kimi bir-birinə “itin sözü”nü deyirdilər…

Əməkdar artist Mətanət İsgəndərli çoxdan küsülü olduğu gəlini Canana ilə barışıb. Deyilənə görə, Mətanət xanım uzun müddətdən bəri küsülü olduğu Canana ilə indi “can deyib, can eşidir”. Yaxşı xəbərdir, təki bütün küsülülər barışsın. Təki bütün gəlinlər qayınanalarına ana desinlər… 

Bir neçə ilə ölkənin ən reytinqli televiziya proqramlarına ayaq döysəm də, Mətanət xanımla yolumuz cəmi bir dəfə kəsişib. Dörd-beş il əvvəl ARB-də eyni verilişdə qonaq olmuşuq. O vaxt balaca Tuncay da nənəsinin dizinin dibində oturmuşdu. Bir neçə ay əvvəl qayınana-gəlin bir-birinə dişinin dibində çıxanı deyəndə redaksiyada əməkdaşlara belə demişdim: “Tuncay anasını deyil, nənəsini seçəcək”. Çünki 2 saatlıq proqram zamanı nənənin nəvəyə, nəvənin nənəyə necə ürəkdən bağlı olduğunu öz gözlərimlə görmüşdüm.

Əməkdar artistin öz gəlini ilə barışmasına həm də ona görə sevindim ki, heç bir günahı olmayan 3 uşaq ata ilə ananın arasında qalmayacaq. Ailə bir yerə yığılacaq, uşaqlar həm ata, həm də ana qayğısı görəcək. Nənə qayğısını qəsdən yazmıram. Onsuz da neçə vaxtdı nənələrinin himayəsindədirlər.

Küsülülərin barışması yaxşı xəbər olsa da, bu məsələnin bir “əmma”sı var. Mən sayt redaktoru olduğum üçün əlim “xəbərlə oynayır”. Hər gün ən azı 200 xəbər oxuyuram, süzgəcdən keçirirəm. Aydın məsələdir ki, Mətanət İsgəndərli ilə gəlini Canananın konfliktindən də xəbərim var. Yaddaşımdan şikayətçi olmadığım üçün Canananın Əməkdar artist olan qayınanasına nələr dediyini yaxşı xatırlayıram. Onlar demək olar ki, barışmaq üçün yer qoymamışdılar. Qapını elə çırpmışdılar ki, şəxsən mən tərəflərdən hansısa birinin təkrar həmin qapıdan içəri girə biləcəyini ağlımın ucundan da keçirməmişdim. 

Məsələnin “əmma”sı bunda deyil. Problem odur ki, Mətanət xanım ölkədə kifayət qədər tanınmış personadır. Bu tanınmış xanımı söyə-söyə Canana da tanındı. Buna görə də hamı bu qalmaqaldan xəbər tutdu. Məni qorxudan, narahat edən də odur ki, bəzi gənc xanımlarımız da Canananın hərəkətlərindən “ruhlansınlar”. Yəni, onlar da qayınanaları ilə qovğa edəndə Canana kimi dişlərinin dibindən çıxanı desinlər. Sonra da çiyinlərini çəkib heç nə olmamış kimi belə reaksiya versinlər: “Burda nə var ki, Mətanət İsgəndərli ilə gəlini bir-birinə itin sözünü demişdi. Axırda barışdılar. Bir gün də biz barışarıq”.

Bax, bu yanlış olardı. Nə olsun ki, onlar keçmişdə qalanlara şou deyib üstündən keçə bildilər. Axı şəxsi həyatını şoulaşdırmaq hamıya müəssər olmur…

Və təəssüf ki, şou əhli gənclərimizə yaxşı nümunə ola bilmir…

Seymur VERDİZADƏ 

Həmçinin oxuyun

Aysun İsmayılovanın toyuna 200-500 AZN PUL YAZDIRAN MƏŞHURLAR – ŞOK VİDEO

Müğənni Rəqsanə İsmayılovanın müğənni qızı Aysunun toyunun əks-sədası bitmək bilmir.  Manset.az xəbər verir ki, məclis bu …