Ana səhifə / Şou Biznes / “Deyirlər ki, bunun da atası ölməyə vaxt tapdı” – Damla +Video

“Deyirlər ki, bunun da atası ölməyə vaxt tapdı” – Damla +Video

Müğənni Məsumə Məmmədovanın (Damla) “Qafqazinfo”ya müsahibəsi:

– Bir neçə gün bundan əvvəl konsert verdiz və o gecədən çəkilən maraqlı görüntülər sosial şəbəkələrdə paylaşıldı, müzakirə olundu. Bu qədər pərəstişkarınız var. Belə diqqət, nəvaziş sizdə bir növ arxayınlıq yaratmır?

– Mən hələ ki, “ulduz” anlayışını dərk etmirəm. Əminəm ki, ömrümün sonuna kimi bu anlayışı dərk etməyəcəm. “Ulduzluq” nə deməkdir? Bəlkə də içdən bunları Allahdan istəyirəm. Deyirəm ki, mənə bu zirvəni yaşat. O zirvədə ətrafımdakı dostlarımı itirəcəyəmsə bu, mənə lazım deyil. Xəyallarımı uşaq vaxtlarımdan qurmuşam. Öndə olmağı, seçilməyi hamı istəyir. Ancaq öndə olub sənə dəyər verəni tapdalamaq, sənə sarılmaq istəyənə üzr çevirmək olsa, qısa zamanda o ulduz yavaş-yavaş sönəcək. Sənə qucaq açacaqlarsa, qaça-qaça yanlarına gedib sən də qucaq açacaqsan. Sənin əlini tutacaq əldən möhkəm yapışmalısan. Üzünü çevirsən o ulduzun işıltısı əbədi sönəcək. Sonradan dəyişmək istəsən də, tamaşaçının beynində həkk etdiyin obraz dəyişməyəcək. Bu qorxu, narahatlıq məndə olduğu müddətdə “ulduzluq” anlayışını dərk etməyəcəm. Mən anamın qızı, oğlumun anasıyam. Fanatlarımın ən yaxını, doğmasıyam. Mənim onlarla şəxsi tanışlığım yoxdur, amma bu, o demək deyil ki, biz bir-birimizi tanımırıq. Musiqi dili ilə dərdləşirik. Mən istəmirəm ki, qartal kimi zirvələrdə uçum. Qartal da uçur, yenə ovunu götürmək üçün aşağı enir. Qartal belə yerə enirsə, mütləq ki, səni sevənlərə qarşı əyilməlisən. Bu, belə olmalıdır.

– Ən çox pərəstişkarlarınızın maraqlı görüntüləri paylaşılır, sizə toxunmaq üçün dəridən-qabıqdan çıxdıqları məsxərəyə qoyulur. Elə bil ki, təəccüblə yanaşırlar. Bizdə fanatlıq anlayışı yoxa çıxdığı üçün belə sərt reaksiya verirlər?

– Bu gün Azərbaycanda fanat anlayışı var. Sevdiyin sənətçinin konsertinə bilet alırsansa, toyunda onu görmək istəyirsənsə, demək ki, ölkədə bu anlayış var. Var ki, aşırı fanatlıq… Onlar sevgilərini çoşğuyla göstərmək istəyir. Buna dırnaqarası yanaşan insanlara belə cavab vermək istəyirəm. Zamanında Əmrah gələndə bizim xanımlarımız ağlayanda, qışqıranda buna qeyri-adi, anormallıq kimi baxmadılar. Əmrah bizim torpağımıza gələndə nə qədər nişan üzüyü qayıtdı, neçə qız özünü öldürdü. Səhnəyə bir növ basqın oldu. Özgəyə olar, bizə yox? Niyə bizə belə diqqət göstərəndə dırnaqarası münasibət göstərirsiz? Xaricdən gələn müğənnilərə axırıncı düyməsinə kimi açıb göstərən insanlara normal baxırıq. Niyə öz sənətçimizə dəyər vermirik? Dəyər verənləri də ələ salırıq. Problem kimdədir? Sənətçidə deyil, insanların beynindədir. Analizi düzgün etmək lazımdır.

– Şou-biznes üzvləri, həmkarlarınız müzakirə zamanı adınızı hallandırır, “müvəqqəti müğənnidir” deyirlər. Sizin barədə niyə belə fikir formalaşıb?

– Mən də eşidirəm (gülür). Zamanı, tarixi yazan Allahdır. Allah nə vaxta kimi yazıbsa, o vaxta kimi də səhnədə olacam. Bunu heç kim bilmir. Artıq 6 ildir ki, peşəkar səhnədəyəm. Hələ də bu söhbətləri eşidirəm. Hər şeyi zaman göstərər.

– Son konsertinizə biletlərin satılmadığı barədə məlumatlar yayıldı. Siz isə həmin gecədən video paylaşaraq elə bil ki, bu məlumatları görüntülü olaraq təkzib etdiz.  Bilet satılmamağı barədə bir qorxunuz varmı?

– Nə yalan deyim, 6-7 faiz belə təhlükə hiss edirəm. Amma sonra yadımdan çıxır. Bilmirəm, bəlkə də instaqrama yazılan şərhlər, “Youtube”də olan baxış sayı məni belə arxayınlaşdırır. Əksinə, səsimin tutulmağından, ayağımın səhnədə burxulmağından, tamaşaçıma diqqət göstərməməkdən qorxuram. Bilmirəm, bəlkə də illər sonra belə qorxu yarana bilər. Hər şeyi zaman göstərər.

– Konsertdən deyəsən çox danışdıq. Sizə başqa mövzuda bir sual verəcəm. Söhbət Sevil və Sevinc Səfərovalardan gedir. Sizin münasibətləriniz yaxşı idi, hətta bir filmdə də rol almısız. Onlar proqramların birində sizi qısqanc adlandırdı. Məncə, onlara cavabınız olar…

– Buradan açıq deyirəm, mən heç kəslə küsməmişəm, problem yaşamamışam. Bu məsələnin kökü haradan qaynaqlanır, bilmirəm. Qızların xətrini çox istəyirəm. İnanın səmimiyyətimə, onların haqqında müəyyən yerlərdə söhbət açılanda müdafiələrinə qalxmışam. Verdikləri açıqlama münasibətimizə zərrə qədər də olsa, təsir etməyəcək. Onlardan inciməyəcəm, küsməyəcəm, mənfi şeylər deməyəcəm. Şıltaq qızlardır. Məni paxıl kimi görürlərsə, nə deyim?!

– Əkizlər sizin xeyir və şər məclislərinə getmədiyinizi bildiriblər. Doğrudan da, belə edirsiz? 

– Bəli, onların bu sözünü təsdiq edirəm. Allah şahiddir, kiminsə xeyir və şər məclisi olursa, ya Bakıdan kənar, ya da xaricdə oluram. Yanımda komandam da olur. Elə biri yoxdur ki, adımdan həmin məclisə göndərim ki, pul yazdırsınlar. Onlar haqlıdırlar, işlərim yoxdur, bu səbəbdən belə hadisələrlə rastlaşıram.

– Atanız dünyasını dəyişəndən sonra siz toylara getdiz, konsertlərinizi təxirə salmadız. Əslində siz işinizlə məşğul olduz. Amma bu addımınız insanları qıcıqlandırdı, tənqidlərə məruz qaldız. Hətta son konsertinizdə qırmızı geyinməyiniz etirazla qarşılandı.

– Sosial şəbəkələrdəki səhifələr mən yasda ikən daha əvvəl çəkilən videolarımı paylaşdılar. Hansı ki, həmin görüntülərdə əylənmişəm, oynamışam, gülmüşəm. Bir növ insanların beynində müxtəlif fikirlər formalaşdı. Dedilər ki, bunun dünya-aləm vecinə deyil. Videoya “Atası vəfat edən Damlanın çıxışı…” başlığını yazdılar. Axı bu video aylar əvvəl çəkilib, niyə paylaşırsız?

Bundan başqa, aylar əvvəl məndən alınan müsahibələr atamın ölümündən sonra işıqlandırıldı, fikirlərim təhrif olundu.

Mən sənətçiyəm. Bu itki mənim itkimdir. O tamaşaçının mənim qədər canı yanır? Və yaxud atamı tanıyıb, bəlkə mən yox, onlar atamın qızı olub? Niyə narahatsız? Konsertə sarı, göy, qırmızı geyindim, nə fərqi var?! Atamın yasına qırmızı geyinib getməmişəm ki,.. Rəng nəyi dəyişir?

Təsəvvür edin ki, bütün günü qara geyinirəm, konsertlərimi təxirə salıram, efirdən kənarlaşıram… Mənim yıxılmağımı istəyən görün, nə qədər insan var. Damlanın diziüstə çökməyimin xəyalını quranlar olur. Mənim onsuz da elə bilirəm ki, sol yanımı, ciyərimi çıxarıb atıblar. Valideyn itkisi yaşayanlar məni gözəl anlayar. Son konsertimə atamı da gətirəcəkdim.

Dünyaca tanınmış müğənni Alla Puqaçova səhnəyə çıxanda atasının ölüm xəbərini eşidib, deyib ki, tamaşaçılarımın heç bir günahı yoxdur. Eyni zamanda Ronaldinyo… O da çox vacib bir oyuna çıxmaq məcburiyyətində qalıb. Təsəvvür edin ki, günlərlə depressiyadayam, otağımdan günlərlə bayıra çıxmıram. Kiminsə məclisinə gedib belə kədərli otursam, mənə deməzlərmi ki, oğlumun toyuna gəlmisən, mısmırığını niyə sallamısan? Sizcə, ev sahibinə yaşadığım acı maraqlıdır? Nəyinə lazımdır. Allaha and olsun, o insanlar deyir ki, bunun da atası ölməyə vaxt tapdı. Mənfi rəy yazanların inanın ki, çoxunun valideynləri qocalar evindədir, əri-arvadı ilə yola getmir, günlərlə evə gəlməyən narkotik istifadəçiləri olan insanlardır. Dünyagörüşü, məntiqi olan insanlar belə yazmaz. Mən toya şənlənməyə getmirəm. Necə siz ofisə işə gedirsizsə, maaş alırsızsa, məndə də vəziyyət belədir. Səhnə mənim işimdir. Elə düşünürlər ki, Damlanın atası dünyadan köçübsə, evə bağlanmalıyam. Məni klublarda görüntülədiz, sərxoş halda yaxaladız, bəlkə ərə getdim, nişanlandım? Onda deyərdiz ki, ay arsız, qoy bir 40-ı çıxsın da. Mən ailə məclislərində çıxış etmişəm. Burada nə var ki? Siz məni əxlaqsızlıq yuvasında əlimdə içki tutmamısız ki? Bir açılışa qatılmışdım, şərh yazmışdılar ki, utanmır, dodağına qırmızı boya çəkir. Dodaq boyasını atamın ölümü ilə əlaqələndirənin beyni necə normal işləyə bilər? Sən qohumun, nəslinin toyuna getməyə bilərsən. Kimisə yerinə göndərə də bilərsən. Bunu heç kəs qınamaz, deyər ki, itkisi var.

Bir dəfə beh məsələsində Manaf Ağayevlə anlaşılmazlıq oldu, gedib toya çıxa bilmədim. Məni bütün Azərbaycanda rəzil etdiz. Toyları, konsertləri təxirə salsaydım, məni xalq düşməni elan edərdiz, vallah. Damla qocalar, uşaqlar evinə gedəndə, cəzaçəkmə müəssisələrinə baş çəkəndə harada idiz?! Niyə danışmırdız? Danışanda deyirsiz ki, özünü reklam edirsən. Danışmayanda da deyirsiz ki, heç kəsə kömək etmirsən. Sizinlə hansı şəkildə danışım? Onsuz da danışanı heç vaxt susdurmaq olmur. İnanıram ki, bu mövzu ilə bağlı sonuncu açıqlamam olacaq. Bundan sonra nə danışırlarsa, danışsınlar. İtkimi ələ salanlar, atamın məzarını söyən insanlar var. Heç nə demirəm, Allah başınıza gətirsin.

– Bir çox məşhur sima həmkarlarından yaxınlarının yas mərasimində iştirak etmədiyi üçün inciyirlər. Sizdə belə bir şey baş verdi? 

– Həyatımda övladımdan dəyərli heç bir şeyim yoxdur. Tək onun canı üçün zərrə qədər incidiyim şəxs olmadı. Buna görə kimdənsə küsmərəm, incimərəm. Onları qınamaram. Ailəm, doğmalarım, qohumlarım, qonşularım iştirak etdilər. Mənimlə eyni səhnəni bölüşən sənət dostlarım belə gəlmədi, incimədim. Dedim insandır, işi var.

– Kimlər gəlməmişdi?

– Kim gəlmişdi ki?! Çoxu iştirak etməmişdi.

– Atanızı yeni itirən ərəfədə prodüseriniz Şamil sizin ağlayan görüntülərinizi paylaşırdı. Həmin videolardan xəbəriniz var idi? Çünki insanlar bu paylaşımları da qınayırdı. 

– Adətən deyirlər ki, çox and içən insan yalançı olur. Amma biz belə millətik, and içəndə inanırıq. Mənim heç bir videodan xəbərim yox idi. İnanın, heç instaqramlıq halım yox idi. Yəni, hardasa video paylaşılandan 19 saat sonra xəbər tutmuşam, Şamili danladım. O da dedi tamaşaçı buna görə səni çox istəyir. O insan məni həmişə çəkib paylaşır, 24 saat məni çəkir. Bəzi məqamlarda xəbərim olmur.

– Atanız sizin oxuduğunuz hansı mahnını dinləyəndə kövrəlirdi?

– Atam Nilufərin “Caddelerde rüzgar” mahnısını mənim ifamda çox sevirdi. Sağ olsunlar, düşmənlər “Youtube”uma əl atmışdı, videolarımı silmişdilər. Həmin oxuduğum mahnı da silinmişdi. Atam deyirdi ki, ay qızım, “Youtube”da tapa bilmirəm. Bundan sonra son mahnılarımdan “Fırtına”nı və “Bu yaxınlarda”nı bəyənirdi. Həmişə deyirdi ki, niyə mahnıların sözlərini belə seçirsən?..

 

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …