Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Deputatlıq sahibkarlıq deyil – Şəmsəddin Əliyev

Deputatlıq sahibkarlıq deyil – Şəmsəddin Əliyev

Azərbaycan Respublikası Milli Məclisinin üzvlüyünə namizədlərə aid müddət qısaldıqca “gərginlik” də artır. Əsas gərginlik özünü ilk dəfə sınamaq istəyənlərlə köhnə deputatların arasında baş verir. Bu dəfə deyəsən narahatlıqlar daha çoxdur. Bəzən şou biznesdə olanlar da parlamentdə olmaq istəyirlər. Deputat məsuliyyətini anlamadan, mahiyyətinə varmadan belə “eşqə” düşənlər az deyil. Mahnılar ifa etmək, musiqilər bəstələmək deputat olmağa əsas vermir. Üzeyir Hacıbəyov, Rəşid Behbudov və digər məşhurlar niyə bu hissə qapılmadılar? Bizneslə məşğul olanlar və Məclisin bəzi üzvləri vəzifələrindən sui istifadə hallarını, biznes əlaqələrini qorumaq üçün deputatlığa can atırlar.
Deputatlar var ki, yalnız düyməni basmaqla məşğul olur və seçicilərindən fərqli olaraq 100 dəfə artıq əmək haqqı alırlar. Absurd bərabərsizlik və istək. İnsan ki, özünün marağını dövlətin və cəmiyyətin marağından üstün tutursa o deputatlığa yox, kirvəliyə can atır. Biznes ilə məşğul olan bizneslə, “küçələrə su səpmişəmi…” oxuyan da gedib öz işi ilə məşğul olsunlar.
Deputatlar sırasında 1991-ci il Azərbaycanın müstəqilliyi haqqında Konstitusiya aktının əleyhinə səs verənlər də var. Xəcalət də həyanın bir parçasıdır.Vallah ayıbdır, ayıbdır! Bəlkə də faciədir.
Konstitutsiyamızın 89-cu maddəsi sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlərlə məşğul olanların deputatlıq səlahiyyətlərinə xitam verir. Axı, deputatlıq sahibkarlıq deyil, həzarat! Sirr deyil ki, Milli Məclisdə belə personalar az deyil.
Namizəd-deputat iqtisadiyyatı, təhsili, hüququ bilməlidir ona görə ki, təklif olunan qanun layihələrinə töhfəsini verə, təkliflərlə çıxış edə bilsin. Heç bir qabiliyyətə malik olmayanlar uzun illər dövlət büdcəsindən niyə külli miqdarda əmək haqqı almalıdırlar? Bir sözlə namizəd -vətəndaş bilməlidir ki, onun qabiliyyəti və bacarığı hansı həddədir, o həddə də ayağını uzatmalıdır. Belə insanların deputat seçilməsinə onsuz da inanmırlar. Barı abır da yaxşı şeydir. Qeyd etdiyim kimi məhşur bəstəkarlar, muğam ustadları bu iddiada olmayıblar.Bu, seçki hüququnuz olsa da, başqalarının da hüquqlarına hörmətlə yanaşmağı bacarın. Əsla yox!
Bir gün, Musa (ə.s) Peyğəmbər, cənab Allahdan (c.c) soruşur:
Ya Rəbbim cənnətdə mənim qonşum kim olacaq?
– Filan küçədəki qəssab dükanının qəssabı – deyə Uca Rəbbimiz cavab verir.
Musa peyğəmbər özünü itirmiş halda: onunla görüşməyə izn verərsənmi, ya Rəbbim?
– Buyur, get ,görüş – Rəbbimiz ona etiraz etmir. Məlum olur ki, qəssabın anası hər gün Uca Allaha oğlunun qiyamət günündə, cənnətdə Musa (ə.s) Peyğəmbərə qonşu olması barədə dualar edərmiş və duasını Rəbbimiz artıq bu dünyada qəbul edibmiş. Allah hər bir valideynin duasını qəbul etsin!
Bunu ona görə dedim ki, danışmayan deputatların (qəssabların) bəxti onda gətirir ki, onların parlamentdəki qonşuları sırasında savadlı hüquqşünaslar, tanınmış iqtisadçılar, politoloqlar var. Belələrinin eybini aktiv deputatlar örtür. Amma nə vaxta qədər?
Xalq şairi Qabil demişkən –  … Müsibət oluruq biz, səhv düşəndə yerimiz… Sizi and verirəm Allaha, yerinizi bilin. Milli Məclisi məhəlli təşkilata döndərməyin. Müğənni müğənniliyini, bizneslə məşğul olanlar bizneslə, həmişə uca tutulan elm öyrədənlər də elmlə məşğul olsunlar.Onsuz da seçicilər belə deputatlardan heç vaxt yarımayıb və faydalanmayacaqlar da. Çalışaq maraqlar toqquşmasın. Deputatlığa favorotizmin növü olan nepotizm kimi yanaşmaq olmaz… İnciməyin, bu mənim subyektiv fikirlərim idi.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın