Ana səhifə / Şou Biznes / Deputatın toyuq-cücələri iki kəndin əhalisinə qan uddurur

Deputatın toyuq-cücələri iki kəndin əhalisinə qan uddurur

Masallının Meşəkənar və Köhnə Alvadı kəndlərinin yaxınlığında yerləşən quşçuluq ferması hər iki kəndin sakinlərini cana yığıb.

Onlar “Azadlıq” radiosunun «Qaynar xətt»inə üz tutaraq fermadan dözülməz qoxu gəldiyini bildirirlər.

“Yaşamaq mümkün deyil. Qohum-əqrəba, dost-tanış nə xeyrimizə gəlir, nə də şərimizə. Gələn adam həyətdə, evdə 5 dəqiqədən çox otura bilmir, durub qaçır. Qonaq-qara yanında xəcalət çəkirik” – Meşəkənar sakini Aydın Məmmədov belə deyir.

Onun sözlərinə görə, yayda vəziyyət daha dözülməz olur. Bir yandan isti, bir yandan da adamın iliyinədək işləyən pis qoxu: “Axşamlar məhəllədə toplaşıb nərd oynar, samovar qaynadardıq. Bu toyuq-cücə peyininin beyin çatladan iyi bizi hər şeydən məhrum edib”.

Kənd sakini Tofiq Əsədov deyir ki, ferma ilə onun yaşadığı ev arasında heç 100 metr məsafə yoxdur. Qapı-pəncərəni bağlamaq da dada yetmir: “Toyuq peyinindən cana doymuşuq. Yaşayış məhəllələrində də quşçuluq sexi tikərlər? Üfunətdən baş götürüb kənddən qaçmağa yer axtarırıq. Fermada ventilyasiya sistemi var, içəridəki üfunəti düz evimizə vurur. Evdə otura, həyətə çıxa bilmirik, gələn qonaq-qara yanında da üzümüz qaradır”.

Sakinlərin həmin fermada on minlərlə toyuq-cücə saxlandığını söyləyirlər: “Yaşayış evləri arasında ferma olar? Neyləyək? Çıxaq yolu bağlayaq? Gedək Prezident Administrasiyasının qarşısında yorğan-döşək salıb yataq? Niyə xırda bir məsələnin bu boyda şişməsinə şərait yaradırlar? Baytarlıq idarəsinə, icra hakimiyyətinə müraciət etmişik, heç kəsin vecinə deyil”.

Sakinlər deyir ki, fermanın sahibi elə öz həmyerliləri olan bir millət vəkilidir: “Öz adına deyil, qohum-əqrəbasının, dost-tanışının adınadır. Ancaq kənddə uşaqdan böyüyə hamı bilir ki, bu ferma onundur. Balaca rayondur, burda hansı obyekt, hansı tin kimindir, – hamı yaxşı bilir. Kənardan idarə edir, xeyrini götürür. Heç olmasa bir insan kimi, ətrafda yaşayanları da düşünsün. O, pul qazanacaq deyə biz ev-eşiyimizdən didərgin düşməliyik? Özüm burada qalıram, arvad-uşağı aparıb başqa kənddə bir qohumun evinə yerləşdirmişəm. Yaydır, min cür xəstəliyə yoluxmalarını gözləməliyəm? Bir əncam çəksinlər”.

Masallı Rayon İcra Hakimiyyəti vəziyyətdən məlumatsız olduğunu və məsələni araşdırmaq üçün ferma ərazisinə nümayəndə göndərəcəklərini bildirir. Burada ferma sahibinin kimliyini bilmədiklərini də söyləyiblər.

Hüquqşünas Fuad Hüseynov deyir ki, “Baytarlıq haqqında” qanun fərdi mənzil tikintisinə ayrılmış torpaq sahələrində quş sexlərinin inşasını qadağan edir.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın