Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Deputat villasından və azan qadağasından danışdı

Deputat villasından və azan qadağasından danışdı

Şabran-Siyəzəndən seçilmiş deputat Tahir Süleymanovun bugünlərdə ortaya çıxan villa qalmaqalı səngimək bilmir. Qısaca olaraq xatırlatma verək ki, bir neçə gün öncə blogger Mehman Hüseynov facebook sosial şəbəkəsində deputatın Şabran rayonunda qiyməti milyondan artıq olan dəbdəbəli villası olduğunu və onun bu villanın yanındakı məsciddə azanın oxunmasına qadağa qoyduğunu yazıb.

“Sancaq” səhifəsində yayımlanan videoda o da qeyd olunur ki, Tahir Süleymanov səhərlər azan səsindən narahat olduğu üçün polis əməkdaşları ilə birlikdə sözügedən məscidin axundunun yanına gedib və bu səsin onu narahat etdiyini dilə gətirib. Bloggerin hazırladığı videomaterial sosial şəbəkələrdə, mətbuatda, ictimaiyyətdə rezonans doğurub, tənqidi fikirlərə tuş gəlib.

Deputat barəsində səslənən iddialarla bağlı report.az saytına açıqlama verərək icazəsiz olaraq villasının çəkilməsini qınayıb:

“Məni bütün el-oba tanıyır. Siyəzəndə deyildim. Videoya çəkib yazıblar ki, evi var. Adamın evi olar da… Mənin 70-ə yaxın yaşım var, 55-60 ildir çalışıram, məgər mənim evim olmamalıdır?! Videonu çəkən adama demək lazımdır ki, sənin nə icazən var mənim evimi çəkirsən, kimdən icazə alıb çəkirsən?”

Tahir Süleymanov villasının yaxınlığındakı məsciddə azan verilməsinə qadağa qoyması haqda barəsində səslənən iddiaların doğru olmadığını qeyd edib:

“Deyir guya mən azan səsini xoşlamıram. Axı bunu hansı əsasla demək olar? Məgər biz müsəlman, azərbaycanlı deyilik? Azan veriləndə mən onun səsini ana laylası kimi eşidirəm, qəbul edirəm. Biz azan səsi ilə böyümüşük, bu nə söhbətdir mənim başım çıxmır?! İnsan gərək vicdanla hərəkət eləsin. Onu çəkənə demək lazımdır ki, ay bala, kimin sifarişi ilə bura gəlmisən, kimin sifarişi ilə belə bir material hazırlamısan? Sən ”azan xoşuna gəlmir, azanı susdurub” deməklə mənim inancıma, dini əqidəmə də xələl gətirirsən. Hər bir azərbaycanlı, hər bir müsəlmanın damarında əgər müsəlman qanı varsa, o, azanla doğulur, azanla da böyüyür. Mən inanclı bir insanam. Bu rayonun məscidlə, qəbiristanlıqla bağlı və başqa xeyriyyə işlərini mən aparıram. İndi camaat da təəccüb edir ki, bu nə yazıdır? Rayonda ən inanclı ailələrdən biri mənim ailəmdir, biz namaz qılan adamlarıq. Bu videonu çəkən adam nə danışır?! Biz insanlara xidmət edirik”.

Tahir Süleymanov buna baxmayaraq, icazəsiz olaraq onun villası haqda videomaterial hazırlayan Mehman Hüseynovu məhkəməyə vermək fikrində olmadığını bildirib:
“Bəziləri mənə məsləhət gördü ki, onu məhkəməyə verim. Mən də dedim ki, adam gərək məhkəmədə vicdanlı biri ilə üz-üzə dursun”.

Deputatın icazəsiz olaraq villasının videogörüntülərinin çəkilməsinə irad bildirməsi bizi bu mövzuya aydınlıq gətirməyə sövq etdi. Maraqlıdır, deputatın və yaxud hansısa siyasətçinin, məmurun evini, villasını çəkib ictimailəşdirmək nə dərəcədə doğrudur?

Media hüququ sahəsində ekspert Ələsgər Məmmədli məsələ ilə əlaqədar “Yeni Müsavat”a danışdı. Ekspert qeyd etdi ki, ictimai fiqur olan şəxslərlə bağlı bu cür məsələlərdə heç bir məhdudiyyət yoxdur:

“Deputat seçilmiş şəxs, ictimai fiqur hesab edilir. Avropa Məhkəməsində də bununla bağlı özəl həyat və informasiya, ifadə azadlığının bir-biri ilə kəsişdiyi halda balansın necə qorunacağı ilə bağlı xeyli məhkəmə qərarları, yanaşmalar var. İctimai şəxslərin özəl əmlakı da olsa, əgər onun formalaşması bu və ya digər formada müəyyən şübhə yaradırsa, deputatın əmək haqqı bəlli deyilsə, kommersiya ilə məşğuldursa, əmlakının dəyəri milyonlarla ölçülürsə, əlbəttə ki, burda ictimai maraq var. Bu baxımdan da onun çəkilib göstərilməsində hər hansı bir məhdudiyyətdən söhbət gedə bilməz. Əgər orda sadəcə deputatın istirahətini, yaxud ailəsini çəkib göstərsəydilər və bunu qanunsuz etsəydilər, bəlkə bu, mübahisəli məsələ olardı. Amma indiki halda deputatın əmlakına girmədən, toxunmadan, onun haqqında informasiya yayıblar. Bu da kifayət qədər ictimai əhəmiyyət daşıyır. Xüsusən də həmin deputatın bu günə qədər olan fəaliyyəti dövründə dövlətdən aldığı əmək haqqına baxdıqda, eyni zamanda onun verdiyi vergilərə nəzərə salanda, bununla bağlı mübahisəli materialların təqdim edilməsi doğrudur”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın