Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Daşınmaz əmlakın qeydiyyatının sayı artmaqda davam edir

Daşınmaz əmlakın qeydiyyatının sayı artmaqda davam edir

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2015-ci ilin yanvar-mart aylarında ölkədə 49 minə yaxın daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb.

Komitədən Trend-ə verilən məlumata görə, aparılan qeydiyyatın 11 mindən çoxu (23.3 faizi) ilkin, 38 minə yaxını (76.7 faizi) isə təkrar qeydiyyata aiddir. Ötən ilin yanvar-mart ayları ilə müqayisədə ümumi qeydiyyat 11.1 faiz artıb.

Cari ilin yanvar-mart aylarında 35 mindən çox daşınmaz əmlaka texniki pasport tərtib edilib. 9 min ipoteka müqaviləsi, mindən çox yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb. Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 33 mindən çox məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 6 minə yaxın digər müxtəlif məzmunlu arayışlar verilib. 32 minə yaxın daşınmaz əmlak obyektinə müayinə aktı tərtib edilib. Ötən ilin yanvar-mart ayları ilə müqayisədə yüklülüyün qeydiyyatında 46.9 faiz, ipotekanın qeydiyyatında isə 2.0 faiz artım olub. Məhdudlaşdırmaya (yüklülüyə) dair dövlət reyestrindən arayışların sayında 6.8 faiz, əhaliyə xidmətlə bağlı müxtəlif arayışların sayında isə 26.5 faiz artma müşahidə edilib.

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 9 mindən çoxu fərdi yaşayış və bağ evi, 11 mindən çoxu mənzil, 27 minə yaxını torpaq sahəsi, 1 minə yaxını isə qeyri-yaşayış binası olub.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2015-ci ilin birinci rübündə ölkə üzrə aparılan daşınmaz əmlakın ilkin qeydiyyatı ümumi qeydiyyatın 23.3 faizini təşkil edib.

2015-ci ilin yanvar-mart aylarında ölkə üzrə 11 mindən çox mənzil üzərində mülkiyyət hüququ qeydiyyata alınıb. Ümumilikdə, özəlləşdirmə başlayandan 1 aprel 2015-ci il tarixinə kimi ölkə üzrə 508 mindən çox mənzil özəlləşdirilib.

Qeyd edək ki, mayın ayının əvvəlində dövlət başçısı tərəfindən Komitənin yeni Əsasnaməsini təsdiq edən Fərmanın imzalanması daşınmaz əmlakın qeydiyyatında mühüm sosial əhəmiyyətə malikdir. Belə ki, Fərman daşınmaz əmlakın qeydiyyatında, torpaqların istifadəsi və kadastr məsələlərində vahid idarəçilik prinsipini nəzərdə tutur. Yeni qanunvericiliyə əsasən, artıq vətəndaşlar yalnız bir ünvana gəlməklə daşınmaz əmlakını qeydiyyatdan keçirə, torpaq sahələrinə dair kadastr məsələlərini həll edə biləcəklər. Bununla da, qeydiyyat prosesində operativlik, şəffaflıq, rahatlıq və əlverişlilik daha da artacaqdır.

Eyni zamanda, qeyd edilməlidir ki, komitənin artıq 8 aydır ki, davam etdirdiyi “kütləvi çıxarış” kampaniyası da böyük kütlənin diqqətini cəlb etməklə əhalinin qeydiyyata olan marağını yüksəldib. Kampaniyanın mobil ofis xidmətləri vasitəsilə keçirilməsi, əlavə vaxt itkisinin qarşısının alınması, xidmətlərin yerlərdə birbaşa ünvanlara rahat və operativ şəkildə çatdırılması kampaniyanın mühüm sosial üstünlükləridir. Bu il kampaniya çərçivəsində bir sıra yeniliklər edilib. Bunlar çıxarışların təqdim olunması ilə yanaşı, həm də qeydiyyata dair ilkin sənədlərin qəbulu və fiziki məhdudiyyətli insanlara çıxarışların birbaşa onların evində təqdim olunmasıdır. Cari ilin I rübündə kampaniya Masallı, Zaqatala və Beyləqanda keçirilib. Bu dövrdə 600-ə yaxın vətəndaşa çıxarış təqdim olunub, 300-ə yaxın vətəndaşdan ilkin sənədlər qəbul edilib. İndiyədək kampaniyadan ümumilikdə 3300-ə yaxın vətəndaş faydalana bilib.

Son illərdə əmlakın qeydiyyatı prosedurlarının sayı və buna sərf edilən müddətlər azaldılıb. Paralel olaraq 2012-ci ildən etibarən tətbiqinə başlanan elektron xidmətlərin sayı indiyədək artaraq 31-ə çatıb. Bu xidmətlərin tətbiqi əmlakın qeydiyyatını faktiki olaraq elektronlaşdırmağa şərait yaradıb. İndiyədək 210 minə yaxın müraciət məhz elektron xidmətlər vasitəsilə təmin edilib. Cari ilin birinci rübündə isə 36 minə yaxın müraciət elektron xidmətlər vasitəsilə daxil olub.

Komitə tərəfindən əhali arasında aparılan mütəmadi maarifləndirmə kampaniyaları və daşınmaz əmlakın qeydiyyatının faydalarının vətəndaşlara çatdırılması qeydiyyata olan marağı artırıb.

Son vaxtlar Azərbaycanda iqtisadi fəallığın artması, kənd təsərrüfatı və sənayenin inkişafı, əhalinin sosial vəziyyətinin yüksəlməsi daşınmaz əmlak bazarını canlandırıb və əmlakla bağlı əməliyyatların sayının artmasına səbəb olub. Bunun nəticəsidir ki, ilin ilk rübündə regionlarda əmlakın qeydiyyatı 20%-dən çox yüksəlib.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın