Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Dərsə getməyən uşaq üçün valideynə 100 manat cərimə – əks reaksiyalar

Dərsə getməyən uşaq üçün valideynə 100 manat cərimə – əks reaksiyalar

Təhsil ekspertləri “dərsdən yayınmanın səbəbləri araşdırılmalıdır” deyirlər

Dərsə gəlməyən şagirdlərin valideynləri cərimələnəcək. “İnzibat Xətalar Məcəlləsi”nə əlavə edilən 51.1-1 maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən 1 ay ərzində 7 gündən çox buraxılmasına görə 100 manat miqdarında cərimə tətbiq ediləcək. 
 
Bu dəyişiklik barədə artıq  Milli Məclisdə keçirilən Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və Dini qurumlar və ictimai birliklər komitəsinin birgə iclasında müzakirə edilib və Milli Məclisin dekabrın 4-də keçiriləcək plenar iclasına tövsiyə ediləcək. 
“XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev cərimənin yaxşı metod olmadığını dedi: “Dərsə davamiyyət məsələsi orta məktəblərimizin ən ciddi problemlərindən biridir. Cərimə ilə bağlı layihənin hazırlanmasından əvvəl dərsdən yayınmanın səbəbləri araşdırılmalı idi. Cərimə yaxşı metod deyil. Niyə türk və ingilis dilli liseylərdə dərsə davamiyyət 100 faizdir,  bizim məktəblərdə isə bundan qat-qat aşağıdır? Bizdəki vəziyyət məktəblərdəki intizamsızlıqla bağlıdır. Valideynlər uşaqlarının məktəbdə keçilən dərslərə getməməsi üçün pul verirlər. Bu rüsvayçılıqdır. Axı məktəb əvvəl belə deyildi. Məktəbi belə gözdən salmaq olmaz. Onda valideynlər də övladlarının buraxılış imtahanlarından ”2″ qiymət almalarına görə məktəbdən pul tələb etməlidirlər. Yəni dövlət şagirdə vəsait ayırıb, amma yaxşı dərs keçilmədiyinə görə o, “2″ alıb. Məncə, məktəbin problemlərini cərimələr hesabına həll etmək doğru deyil. Məktəb rəhbərliyi bir uşağın belə dərsdən yayınmasına imkan verməməlidir”.
 
E.Əliyev valideynlərin çoxunun məktəb təhsilinin keyfiyyətinə inanmadığını və buna görə də övladlarını məktəbdən çəkindirdiklərini dedi: “Dərd burasıdır ki, valideynlərin böyük kəsimi məktəb təhsilinin keyfiyyətinə inanmırlar. Bu inamı bərpa etmək lazımdır.  Telekanallarda bütün günü mənşəyi məlum olmayan kursların, el arasında isə TQDK-nın bunker müəllimlərinin təbliğatı aparılır. Bunu eşidən valideyn uşağını məktəbdən çəkindirir. Bu cür təbliğatlar dayandırılmalıdır. Təhsil və tərbiyə məktəbdə verilməlidir”.
Təhsil eksperti Nabatəli Qulamoğlu isə mətbuata açıqlamasında cərimələri yaxşı oxuyan uşaqların təhsilinə yönəltməyin tərəfdarı olduğunu bildirib. Onun fikrincə, valideynlərin cərimələnməsi təhsilin inkişafı və yeniyetmələrin gələcəkdə düzgün istiqamətdə tərbiyə alması üçün müsbət addımdır: “Bu qayda keçmiş sovet təhsil sistemində var idi və müsbət hal kimi qəbul olunurdu. Müstəqillik qazandıqdan sonra fikirləşdilər ki, demokratik cəmiyyətdə təhsil azaddır, kim necə istəsə oxuya bilər. Burada termin dəyişikliyini ortaya atdılar. ”Məcburi təhsil” ifadəsini “icbari təhsil”lə əvəz etdilər. Yəni uşaqlar 9-cu sinfə kimi məcburi oxumalıdırlar. Əgər valideyn buna mane olarsa, ona cərimə sanksiyası tətbiq olunacaq. Bu qayda sivil ölkələrin böyük əksəriyyətində vardır.  Həmin cəmiyyətlərdə artıq savadsızlığın cəmiyyət üçün böyük bir bəla olduğu qəbul olunub”.
Bakının  Nardaran qəsəbəsində baş verən son hadisələrə toxunan N.Qulamoğlu bu cür halların funksional təhsilin olmamasından meydana gəldiyini vurğulayıb: “Əgər bir kənddə valideynlər uşağını məktəbə qoymayacaqsa, oradan gələcəkdə potensial xurafatçılar çıxacaq.  O baxımdan mən hesab edirəm ki, sivil ölkələrdə olduğu kimi şagirdlərin 9-cu sinfə kimi oxuması məcburi olmalıdır.  Yəni onlar ümumi dünyagörüşünə, minimum biliklərə sahib olmalı, cəmiyyətdə davranış qaydalarını öyrənməlidir. Hesab edirəm ki, bu cərimə sanksiyası bu gün üçün vacib addımdır. Bunu gərək əvvəldən tətbiq edərdilər. Mən yeni qərarı müsbət qarşılayıram. İnsanlar savadsız olduqca dinə meyl edirlər, xurafata yuvarlanırlar. Bunun qarşısını ancaq təhsillə almaq olar. Yeni dəyişiklikdə nəzərdə tutulan qaydaların tətbiqinin nəticəsini isə zaman göstərəcək”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın