Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Çörək tapanda yeyən Qarabağ əlili…

Çörək tapanda yeyən Qarabağ əlili…

“Uzun illər idi ki, azyaşlı övladlarımla qeyri-yaşayış sahəsinə sığınmışdım. Aylıq kirayə haqqını ödəyə bilmədim. Yayın əvvəlində qaldığımız yerdən çıxarıldıq. Bir mağazanın zirzəmisinə sığınmışıq. Çətin günlər yaşayırıq”.

Bunu “Azadlıq” radiosuna müraciət edən Qarabağ əlili Nizami Fərəcov deyir.

N.Fərəcov ailəsinin düşdüyü çətin durumdan danışır. Deyir ki, imkansızlıqdan övladlarını yeməklə təmin edə, məktəbə göndərə bilmir. Azyaşlı qızı Mədinə şəraitsizlikdən revmatizm xəstəliyi tapıb. Müalicəsinə pul yoxdur: “Laçın uğrunda döyüşlərdə əlil olmuşam. Özüm də, həyat yoldaşım da köçkünük. İki övladım var, biri gözdən əlildir. O biri də revmatizm xəstəliyinə tutulub. Özüm müharibədə II qrup əlil olmuşam, bu yaxınlarda keçirdiyim qəza nəticəsində sağlamlığımın qalan hissəsini də itirdiyimdən I qrup əlilə çevrilmişəm. Əmək qabiliyyətim yoxdur. Yoldaşım və iki xəstə övladımdan başqa heç nəyim yoxdur. Evsiz-eşiksizik. Çörək tapanda yeyirik, tapmayanda ac-susuz yıxılıb yatırıq. Hara qədər bu şəkildə sürünəcəyik – bilmirik. Mən övladlarımın nəinki gələcəyini qura, heç onların dərmanlarını ala bilmirəm”.

Şikayətçi deyir 15 ildir ki, ev növbəsindədir. Əlillər və şəhid ailələri üçün tikilən mənzillərin bölgüsü bir əlil kimi onu qane etmir. 15 ildir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Nərimanov Rayon İcra Hakimiyyəti ailə vəziyyətini, sağlamlıq durumunu və yaşayış şəraitini nəzərə almır. Respublika Tibbi-Sosial Ekspert Komissiyası onu get-gələ salıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Azadlıq”a bildiriblər ki, müharibə əlilləri və şəhid ailələri üçün tikilən binalardakı mənzillər növbəli qaydada paylanır. Bununla belə nazirlikdən Nizami Fərəcovun müraciət etməsini məsləhət görüblər və probleminin araşdırılacağını bildiriblər.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın