“Report” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Bakıda keçirilən “İslam Həmrəyliyi: Dini və mədəni müxtəlifliyin harmoniyası” adlı beynəlxalq konfransda deyib.

O bildirib ki, multikulturalizm, ardınca İslam Həmrəyliyi illərinin elan olunması Azərbaycan liderinin XXI əsrdə xüsusi bir missiya olaraq həyata keçirdiyi müdrik təşəbbüslər olub, Azərbaycanın beynəlxalq nüfuzu üçün yenilməz zəfərdir:“Müqəddəs dinimizin sülhsevər mahiyyətinin dünya miqyasında təbliği istiqamətində əməli səylər göstərən dövlət başçımız İlham Əliyevin İslam həmrəyliyi ili ideyası yalnız İslam dünyası daxilində olan həmrəyliyi deyil, İslam aləmi ilə digər dinlər, konfessiyalar arasında həmrəyliyin harmoniyasını ehtiva edir. İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi də bu məramın təzahürüdür”.

Şeyxülislam vurğulayıb ki, Azərbaycanın dövlət başçısının sülhsevər siyasətini dəstəkləyən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini, ədalətli sülhün bərqərarını istəyən Azərbaycan xalqı beynəlxalq səylər nəticə verməzsə, özü ədaləti bərpa etməyə qadirdir”.

O bildirib ki, ildönümü qeyd olunan Aprel zəfəri bunun bariz nümunəsidir: “Allah bütün şəhidlərimizə rəhmət etsin. Ali Baş Komandanın əmrinə müntəzir Azərbaycan ordusu bayrağımızı işğal altında olan bütün topraqlarımızda ucaldacaq, inşallah. Dədə-baba torpaqlarımıza qovuşub oradakı dini-mənəvi məkanlarımızı bərpa edəcəyik. Dövlət rəhbərimizin dəstək və yardımı ilə Cocuq Mərcanlıda ucaldılacaq məscid xalqımız üçün müjdə olacaq. Böyük qayıdışımızın, şanlı qələbəmizin şəninə veriləcək azanları eşidəcəyimiz zaman uzaqda deyil”.