Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Şou Biznes / Cavid Qurbanov: “İcra hakimiyyətləri dəmir yolu ətrafındakı əraziləri satıblar”

Cavid Qurbanov: “İcra hakimiyyətləri dəmir yolu ətrafındakı əraziləri satıblar”

“İcra hakimiyyətləri, bələdiyyələr Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolu xəttinin ətrafındakı əraziləri satıblar, yol qıraqlarında qanunsuz tikililər var”.

Bunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

C.Qurbanov bildirib ki, bütün bu amillər sözügedən dairəvi dəmir yollu xəttinin işə düşməsini çətinləşdirir. Onun sözlərinə görə, Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolu xəttinin istifadəyə verilməsi üçün müəyyən işlər görülməlidir: “Bakı-Sumqayıt qatar xətti düz istiqamətli deyil. Təsəvvür edin, Bakıdan çıxan Zabrata gedir, ordan Pirşağı, Novxanı, Corat və Sumqayıt stansiyasına keçir. Oradan fırlanır, Xırdalandan, Biləcəridən Bakıya keçir. Bu böyük dairədir. Bu dairənin bir xətli uzunluğu 91 kilometrdir, iki xətli uzunluğu 180 kilometrdir. Böyük yoldur. Bütün bu yolların da icra hakimiyyətləri, bələdiyyələr yolun ətrafını satıblar, yol qıraqlarında qanunsuz tikililər var. Yollardan kanalizasiyalar, qeyri-rabitə xətləri çəkilib. Bunların hamısını yeniləmək üçün xətti ayırmaq , mühafizə strukturunu qurmaq lazımdır ki, ora insanlar, heyvanlar çıxmasın, keçidlər olsun. Bu, böyük proyektidir. Bu proyekti Asiya İnkişaf Bankı 500-550 milyon dollar qiymətləndirirlər. Bu gün iqtisadiyyat zəifdir, o qədər imkanlarımız yoxdur”.

C. Qurbanov deyib ki, dairəvi dəmir yolu xətti reallaşsa, gün ərzində qatardan 20-40 min insan istifadə edəcək: “Hələlik Biləcəri, Xırdalan stansiyalarını istifadəyə verə bilməmişik. Hazırda iqtisadi gücümüz buna imkan verməsə də, gələcəyə planlaşdırırıq”.

QSC sədri qeyd edib ki, tariflərlə bağlı dəyişiklik olmayacaq.

Onun sözlərinə görə, bu məsələ onun sosial yönü nəzərə alınaraq nəzərdən keçirilmir: “Bununla belə, digər ölkələrlə müqayisədə bizim tariflər ucuzdur. Məsələn, Bakı-Sumqayıt xətti üzrə gediş haqqı 80 qəpik olduğu halda, Rusiyada eyni uzunluqda xətt üzrə gedişin qiyməti 6 dollar, Fransada isə təqribən 20 dollardır”.

C.Qurbanov Bakı Sərnişin Vağzalında təmir işlərinin plana uyğun davam etdiyini və artıq gələn il vağzalın istifadəyə veriləcəyini bildirib: “Vağzalın təmiri vaxtında tamamlanacaq. Artıq vağzalın görkəmi yaxşılaşıb. Köhnə tikintini yeniləmək üçün vaxt lazımdır. Əsas işlər binanın aşağısında aparılır, çünki orada qrunt suları olub. Onun qarşısını alırıq ki, binanın özülünə zərər olmasın”.

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …

Bir cavab yazın