Ana səhifə / Şou Biznes / “Cahangir Hacıyev indiki mərhələdə əfvlə azad oluna bilməz”

“Cahangir Hacıyev indiki mərhələdə əfvlə azad oluna bilməz”

Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin əfv olunması üçün ərizə yazması xəbəri yayılıb. Məlumata görə, sabiq bankir səhhəti ilə əlaqədar əfv edilməsini istəyir. C.Hacıyevin vəkili Aqil Layıcov yayılan məlumatları şərf edərkən demişdi ki, müvəkkili məhkəmənin istənilən mərhələsində əfv oluna bilər.

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Səadət Bənəniyarlı C.Hacıyevin əfv oluna bilməsi ehtimalını bölüşmür.

Hüquq müdafiəçisi deyir ki, məhkəmə qərarı apelyasiya instansiyasının qərarından sonra qüvvəyə minir. Hazırda Cahangir Hacıyevin işi üzrə apelyasiya instansiyasının qərarı yoxdur. Buna görə də onun əfv olunması ehtimalı çox azdır, mümkün deyil: “Ola bilər ki, iş üzrə apelyasiya instansiyası hökmü ləğv edilsin. Başqa bir qərar çıxarılsın. Düşünürəm ki, Cahangir Hacıyevin əfv məsələsi həllini tapmayacaq”.

O qeyd edib ki, əfv ərizələri vermiş məhkumların sağlıq, ailə vəziyyətləri nəzərə alınır. Cəzasını çəkdiyi dövrdə özünü necə aparması, cəzasının neçə ilini çəkməsinə diqqət yetirilir: “Azərbaycanda bu günə qədər barəsində məhkəmə hökmü qüvvəyə minməmiş təqsirləndirilən şəxsin əfv edilməsini xatırlamıram. Əgər belə president yaranarsa, bu gün məhkəməsi keçirilən sabiq MTN əməkdaşları da belə ərizələrlə müraciət etməyə başlayarlar”.

S.Bənəniyarlı Cahangir Hacıyevin amnistiya aktı imzalanacağı təqdirdə, azad oluna biləcəyini istisna etmədi: “Amnistiya aktı olanda xüsusi olaraq maddələr yazılır, əgər belə bir akt olarsa, Cahangir Hacıyevin müraciəti nəzərə alına bilər”

Əfv Komissiyanın üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Cahangir Hacıyevin əfv olunması üçün ərizə yazmaq kimi hüquqi əsasları yoxdur:

“Cahangir Haciyevin cəzası uzunmüddətli olduğu üçün o, əfvlə bağlı müraciət edə bilməz. Əfv Məsələləri üzrə Komissiyanın əsasnaməsinə görə, şəxs əfvlə bağlı o zaman müraciət edə bilər ki, onun cəzası əgər böyük ictimai təhlükəli törətməyən cəzadırsa, yəni ona texniki müddət nəzərdə tutulan cəza verilibsə, o dərhal müraciət edə bilər. Az ağır cinayətlərə görə məhkum olunmuş şəxslər də cəzasının üçdə birini çəkdikdən sonra, xüsusilə də ağır cinayətlərdə cəzasının yarıdan çoxunu çəkdikdə əfvlə bağlı müraciət edə bilər. Amma Cahangir Hacıyevin cəzası uzunmüddətlidir. Bu baxımdan onun əfvlə bağlı müraciət etmək hüququnun hələ əsasları yaranmayıb. Ona görə də o, müraciət etməyib. Yəqin ki əsaslar yaranmadığı üçün müraciət etməz. Xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər yalnız cəzasının yarıdan çoxunu çəkdikdən sonra onların əfv üçün müraciət hüququ yaranır. Komissiyanın əsasnaməsinə görə belədir. Bu səbəbdən indiki hallarda bu şəxslərin müraciət edəcəyini düşünmürəm”.

Qeyd edək ki, C.Hacıyev 2015-ci il dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. C.Hacıyev və digər 7 şəxsin – Mərkəzi filialın direktorları işləmiş Y.Ələkbərov və A.Sultanov, Mərkəzi filialın müdiri işləmiş İ.Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İ.Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş K.Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda “AFB Bank” ASC-nin Müşahidə Şurasının sədri olan M.Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş A.Cavadovun Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı yekunlaşaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri iş materialları ilə tanış edilmiş və iş üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iyulun 19-da təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hacıyev 15 il, Y.Ələkbərov 8 il 6 ay, K.Orucov 7 il 6 ay, İ.Hüseynov 7 il 23 gün, M.Cahangirov 7 il 6 ay, A.Cavadov 10 il 11 ay, A.Sultanov 7 il 6 ay və İ.Abdullayev 6il 6 ay müddətinə azadlıqdan məhrum edilib.(bakipost.az)

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın