Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / Cahangir Əsgərovun ailə üzvləri çeçen girovluğundan necə qurtuldu? – TARİX

Cahangir Əsgərovun ailə üzvləri çeçen girovluğundan necə qurtuldu? – TARİX

Azərbaycanda mövcud olan və insanlar tərəfindən müqəddəs hesab edilən ziyarətgahlardan biri də Həzrət Leyla xanımın xanəgahıdır. O, VII İmam Həzrət Museyi Kazım əleyhissəlamın qızıdır. Atasının və qardaşı İmam Rza əleyhissəlamın şəhadətə yetirilməsindən sonra IX əsrdə xəlifə Məmunun təqibindən yaxa qurtarmaq üçün ailə üzvləri ilə bərabər o da Azərbaycana pənah gətirmişdi.
Tarixi mənbələrdən məlumdur ki, Həzrət Əli övladlarının Hicaz bölgəsindən digər yerlərə köçü daha çox siyasi amillərlə bağlı olub. Belə ki, 661-ci ildə Həzrət Əlinin qətlə yetirilməsi ilə Müaviyənin hakimiyyətə yolu açılır və o, cəmi bir neçə ay içərisində xilafətə rəhbərliyi ələ keçirir. Beləliklə, sonradan “Əməvilər” adlandırılan Müaviyənin sülaləsi, təxminən, 90 il – 750-ci ilədək hakimiyyətdə olur.
Qeyd edək ki, xilafətdə sülalə dəyişikliyi – Əməvilərin (661-750) Abbasilərlə (750-1258) əvəzlənməsi İmam Cəfər Sadiqin dövründə baş verdi. Belə ki, 749-cu ildə ərəb xilafətinə qarşı mübarizənin əsas mərkəzinə çevrilən Xorasanda “Bəni-Haşim” qəbiləsinə mənsub iki nəslin başladığı qiyam Əməvi hökmdarı Mərvanın qətlə yetirilməsi ilə nəticələndi və xilafət soy etibarilə Peyğəmbərin (s.) əmisi Abbas ibn Əbdülmütəllibə gedib çıxan “Abbasilər”in əlinə keçdi.
Baxmayaraq ki, Abbasilər hakimiyyətə gəlmək üçün Həzrət Əli övladlarının tərəfdarlarının dəstəyindən yararlanıblar, ancaq onlar da seyidləri – İmamları və onların oğlanlarını öz səltənətlərinə ən böyük təhlükə sayaraq, təqib etməyə başladılar. Məsələn, tarixdən məlumdur ki, Abbasi xəlifəsi Mehdi VII imam Museyi Kazımın nüfuzundan ehtiyatlanaraq, onu Mədinədən xilafətin yeni paytaxtı Bağdada gətirtdirib və daimi nəzarətdə saxlayıb. Bəzi mənbələrin yazdığına görə, xəlifə Mehdi hətta onu öldürtmək də istəyib. Ancaq Museyi-Kazımın ölüm fərmanını verdiyi gecə yuxusunda Həzrəti Əlini görərək, fikrindən daşınıb, tövbə edib və Museyi-Kazımı yenidən Mədinəyə qaytartdırıb.
 Digər Abbasi xəlifəsi – Harun-ər-Rəşid İmam Museyi Kazımı təkrar Mədinədən Bağdada gətizdirərək, həbsxanaya saldırıb və 799-cu ildə zəhərlə öldürtdürüb.
 Tarixçilərin yazdığına görə, İmam Museyi-Kazımın 19 oğlu və 18 qızı dünyaya gəlib.
Qeyd edək ki, bizim araşdırmalarımıza görə, Azərbaycanda mövcud olan seyid ailələrinin əksəriyyəti də soy etibarilə ya İmam Zeynalabidinin, ya da İmam Museyi Kazımın övladlarına gedib bağlanır. İstər Azərbaycan, istərsə də Gürcüstan və Rusiya arxivlərində bunu təsdiqləyən təkzibedilməz dəlillər – xeyli sayda sənədlər, seyid ailələrinin şəcərələri mövcuddur.
Ötən yazılarımızda İmam Museyi Kazımın iki qızının –  Həkimə xanımın və Rəhimə xanımın həyat və fəaliyyətlərindən, eləcə də onların dəfn olunduqları ziyarətgahların tarixindən bəhs etmişdik. Bu yazımızı isə, həmin xanımların doğma bacıları Həzrət Leyla xanıma həsr edəcəyik. Öncə qeyd edək ki, bu Həzrətin şərif məzarını ziyarət ermək və məlumatlar əldə etmək üçün  Bakının Bilgəh kəndində oldum. Bu pirə el arasında Pirhəftəxar da deyirlər.
Burada dəfn olunan Həzrət Leyla xanım yuxarıda qeyd etdiyim kimi, VII İmam Həzrət Museyi Kazım əleyhissəlamın qızıdır. Atasının və qardaşı İmam Rza əleyhissəlamın şəhadətə yetirilməsindən sonra IX əsrdə xəlifə Məmunun təqibindən yaxa qurtarmaq üçün ailə üzvləri ilə bərabər o da Azərbaycana pənah gətirərək Azərbaycanın qədim kəndlərindən olan Bakının Bilgəh kəndində məskunlaşmışdır. Deyilənə görə Mirmahmud adlı şəxslə ailə qurub və ən azı bir övladı olub (düzünü tək olan Allah bilir). Əhli-Beytə sonsuz sayqı və məhəbbətləri olan yerli əhali Peyğəmbər nəvəsi Həzrət Leyla xanıma layiq olduğu hörməti göstərmiş, onu göz bəbəyi kimi qorumuşlar.
 İmam qızının sağlığında özü, dünyasını dəyişdikdən sonra isə, Bilgəh kəndində olan qəbri Azərbaycan xalqının ziyarətgahına çevrilmişdir. Dualarının Allah dərgahında qəbul olunmasını istəyənlər Həzrət Leyla xanımın mübarək ruhunu yad edərək, ondan şəfaətçi olmasını istəyirlər. Və bir çox hallarda duaları qəbul olunur. Zəvvarların danışdığı söhbətlər bunu deməyə əsas verir.
Onlardan bəzilərinin söhbətlərini oxucularına təqdim edirəm:
Quliyeva Hacı Ağabacı Əbdül qızı – Nardaran  kənd sakini:  
– İmam əleyhissəlamın qızı Həzrət Leyla xanımın ziyarətinə tez-tez gəlirik. Gözümüzü açandan görmüşük ki, bir problemimiz olanda valideynlərimiz əlimizdən tutub bizi buraya gətiriblər. Qədimlərdə bu pirin qarşısında tut ağacı vardı, qorxan adamları o ağacın başına dolandırar, üzünə bir sillə vurardılar, qorxusu keçib gedərdi. Bir gün qaynım maşında qəzaya düşmüşdü, bərk qorxu keçirmişdi. Sanki dəli kimi olmuşdu, tez-tez sayıqlayır, yuxudan diksinib qalxırdı. Götürdük gəldik bura. Qəbrin başında belə bir dua etdim ki, “Ya Rəbbim, çox adamlar Leyla xanımın ziyarətgahında mətləbinə çatıb, qaynım Rafiqin də şəfa tapmasına kömək ol”. Belə dua edib Rafiqi dolandırdım ağacın başına, axırda da üzünə bir sillə vurdum. Qaynımın qorxusu onunla da keçib getdi, bir daha diksinmədi…
– Bir dəfə də həyat yoldaşım onu sancmaq istəyən ilandan qorxub, eynən qaynım kimi olmuşdu. Atama dedim onu Həzrət Leyla xanımın ziyarətinə aparmaq istəyirəm, amma mənim yoldaşıma sillə vurmağım düzgün deyil. Atam dedi mən apararam. Gətirdik bura, dua elədik, sonra dolandırdıq ağacın başına, atam axırda onun üzünə bir sillə vurdu. Ondan sonra bütün qorxusu, diksinməsi keçib getdi.
– Adının çəkilməsini istəməyən müəllimə:    
– Bir şagirdim vardı, anadangəlmə həm əqli, həm də fiziki cəhətdən qüsurları vardı. Bir gün gördüm bu uşağın əqli normaldır, qüsur yoxdur. Anası məktəbə gələndə soruşdum ki, bu uşağı hansı xəstəxanada müalicə etdirdiniz? Dedi çox həkimlərin yanında olduq, heç birindən xeyir olmadı. Bu yaxında apardım Həzrət Leyla xanımın ziyarətinə. Ondan sonra fikir verdim ki, uşağın əqli qüsurları yavaş-yavaş aradan qalxır.
Oxucular üçün maraqlı olacağını nəzərə alaraq bir məqamı vurğulamaq yerinə düşər ki, Həzrət Leyla xanımın qəbrinin yerləşdiyi ziyarətgah kompleksi 2003-cü ildə “Azal” hava yolları şirkətinin Prezidenti Cahangir Əsgərov tərəfindən tikilmişdir. Kompleksin tikilməsinin maraqlı bir tarixçəsi vardır. Belə ki, 2002-ci illin 23 oktyabrında Moskvanın Dubrovka rayonunun “Nord-Ost” kinoteatrına terrorçuların hücumu olmuşdu. Salonda olan bütün tamaşaçılar girov götürülmüşdülər. Girovlar arasında Cahangir Əsgərovun ailə üzləri də vardı. Həmin çətin anda onlar Allaha sığınaraq kömək diləmiş və nəzir etmişdilər ki, buradan sağ qurtulsaq Həzrət Leyla xanımın qəbrinin üstündə ziyarətgah kompleksi tikdirərik. Nəticədə duaları qəbul olunmuş və girovluqdan xilas olan az sayda adamlardan biri də Cahangir Əsgərovun ailə üzvləri olmuşlar. Onlar əhdlərinə əməl edərək burada məscid və digər yardımçı binalar tikdirərək, ziyarətgahı abadlaşdırmışlar.
Bu ziyarətgahın kəramətinə dair şahidi olduğum bir əhvalatı da yazmaq istəyirəm. İmam Museyi Kazımın yuxarıda adlarını çəkdiyim üç qızının həyatından bəhs edən “Xanım övliyalar” kitabım çapa hazır olsa da  sponsor tapmadığımdan çapı ləngiyirdi. Bir çox qurumlara (həmçinin, 26 dəfə Həccə gedənlərə) müraciət etsəm də müsbət cavab almadım. Nəhayət, Leyla xanımın məzarı başından etdiyim dua Allah dərgahında qəbul olundu. Ramazan ayında nəşriyyat direktoru olan bir dostumla rastlaşdım. Yaradıcılığımın nə yerdə olduğu ilə maraqlananda belə bir kitabımın hazır olduğunu və vəziyyətin nə yerdə olduğunu danışdım. Dedi mən bu mübarək ayın və mübarək ruhların xatirinə həmin kitabı çap edəcəm, nə vaxt imkanın olar, ödənişin edərsən, tələsdirməyəcəm. Beləliklə, nəzir qutularının aylıq  dövriyyəsi fantastik məbləğdə olan bu ziyarətgahların kitabı nisyə (!) çap olundu. Maraqlıdır ki, Allah məni yaxşı adamlar qarşısında utandırmadı, gözləmədiyim yerdən  üzümə ruzi qapısı açdı və çox qısa bir vaxtda kitabın borcunu ödədim. Moderator.az

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın