Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Şou Biznes / Cəmiyyətdə daim qınağa çevrilən məsələ – BOŞANMIŞ QADININ 2-Cİ DƏFƏ AİLƏ QURMASI

Cəmiyyətdə daim qınağa çevrilən məsələ – BOŞANMIŞ QADININ 2-Cİ DƏFƏ AİLƏ QURMASI

“Filan qadın ərindən boşanıb, ikinci dəfə ərə getdi. Görürsünüz də, digər qadınlara necə pis nümunədir?!” Bu cür düşünənlərin təbirincə, boşanmış qadınlar cəmiyyətdə daş-qalaq olunmalıdır. Bu səbəbdən də Azərbaycan cəmiyyətində ailə qurmaq haqqında təsəvvürlər bir-birinə qarışıb.

Maraqlıdır, müasir zəmanədə boşanmış qadınların ikinci dəfə ailə qurması niyə ikrah hissi doğurur?

Məsələnin sosioloji və psixoloji tərəfləri necə izah olunmalıdır?

Musavat.com modern.az-a istinadən mövzu barədə sosioloq və psixoloqun fikirlərini təqdim edir.

Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, ailə məsələsində ikili yanaşmalar özünü göstərir.

“Ailə ilə bağlı ənənələr bərpa edilməlidir”

“Son 30 ildə dünyada gedən proseslər, qloballaşma, sosial şəbəkələr, serialların təsiri insanlarda çaşqınlığa gətirib çıxarıb. İndiki vaxtda ən böyük problemlərdən biri ailədə necə davranmaq mədəniyyətilə bağlıdır. Bu gün bəzi gənclər elə meyarlarla ailə həyatı qurur ki, burada daha çox maddi dəyərlərin rol oynadığı görünür. Halbuki, uzun illər boyu mənəvi dəyərlərə diqqət etmişik. Gəlinin, ya da bəyin üzünü toy günü görmək ənənəsi olsa da, ailədə mənəvi dəyərlər rol oynayıb. İndi isə maddi dəyərlər mənəvi dəyərləri üstələyib. Harada ki belə hal yaşanır, orada gərginlik aktiv olacaq. Sosial sistemin və cəmiyyətin qanunu budur. İndi isə fərqli formada ailə qururlar, bir yerdə yaşayırlar. Bir müddətdən sonra məlum olur ki, bunların maraq dairəsi eyni deyil. Biri maddiyyata, digəri isə mənəviyyata meyillidir. Ailə ilə bağlı ənənələrimizi çalışıb, bərpa etməliyik. Bunun yolları var. Sosial psixologiya elminin tövsiyələri var. Hansı məmura bu barədə nəsə deyirsən, amma eşitmək istəmir. Onlara nə sosioloq, nə də psixoloq sözü lazımdır”.

“Boşanmış qadın da insandır”

Sosioloqun sözlərinə görə, boşanmış qadının ikinci dəfə ailə qurmasında heç bir qəbahət yoxdur: “Boşanmış qadınların ikinci dəfə ailə həyatı qurmasına çox normal baxıram. Çünki insan birinci dəfə ailə həyatı quranda alınmaya bilər. Ona görə də boşanmış qadına fərqli gözlə baxmaq yanlış düşüncədir. O da insandır. Onun da xoşbəxt olmağa haqqı var. Kimsə ikinci dəfə ailə quran qadını daş-qalaq edə bilməz. İnsanların vəziyyətlərini nəzərə almaq lazımdır. Bəzi qadınlar sosial cəhətdən kimlərdənsə asılı vəziyyətə düşürlər. Ona görə də ikinci dəfə ailə qurması həm də sosial durumuna müsbət təsir edir”.

“Şəhid qadını da ikinci dəfə ailə həyatı qura bilər”

Əhməd Qəşəmoğlu boşanmalardan danışarkən, şəhid qadınlarının da ikinci dəfə ailə qurması məsələsinə toxunub: “Xüsusilə, həyat yoldaşı şəhid olan qadının ikinci dəfə ailə həyatı qurmasına müxtəlif cür don geyindirirlər. Bu, gülməli haldır. Bir misal çəkim. Məhəmməd peyğəmbərin həyat yoldaşlarının ərləri şəhid olublar. Peyğəmbərimiz şəhidin ailəsinə qayğı göstərilməsini müsbət hal kimi dəyərləndirib və həmin qadınlarla evlənib. Buna diqqət etməliyik. Şəhid xanımı ilə ailə quran insanın boynuna ikiqat məsuliyyət düşür. Həm ailə məsələsi həll olunur, həm də şəhidin ruhuna hörmətdir. Ailə qurmayan şəhid qadınlarının həm sosial problemləri olur, həm də cəmiyyətdə müəyyən xoşagəlməz hallar da ortaya çıxır. Ona görə də bunları nəzərə almaq lazımdır. Cəmiyyət həm də çox mürəkkəbdir”.

“Bu, bir qadına qarşı basqıdır”

Psixoloq Vəfa Rəşidova boşanmış qadınların psixoloji travma aldıqlarını bildirib: “Bu mövzu bir çox xanımları düşündürür. Boşanmış qadınların ikinci dəfə ailə qurması bir çox insanları narahat edən məqamdır. Təəssüflər olsun ki, 20-30 il bundan qabaq Azərbaycanda boşanmış qadınlara münasibət birmənalı olaraq neqativ idi. Bu gün buna münasibət dəyişsə də, hələ də boşanmış qadınlara pis nəzərlə baxırlar. Boşanmış qadınlar yaşadıqları travmanın dərdini çəkməkdənsə, insanların qınağından qurtulmağın yollarını axtarır. Bu, bir qadına qarşı basqıdır”.

“Boşanmış qadınlar dərin travma alır”

Psixoloq deyir ki, əslində, heç kəs hansısa hadisədən sığortalanmayıb: “Bir qadını boşamaq yaxşı hal deyil. Boşanmaq ən son addım olmalıdır. Boşanmaq ən alternativ hal kimi qəbul olunmamalıdır. Mental dəyərlərimiz, ailə bağlarımız xalqımızda çox yüksəkdir. Bunu yüksək qiymətləndirirəm. Boşanma prosesinə hərtərəfli yanaşsaq, heç də qınaq obyekti pis qəbul edilməməlidir. Bəzən ailələrin dağılmaması üçün boşanmaları qınaq obyektinə çevirirlər. Unutmayaq ki, boşanan qadın da bir insandır. O heç kimə söz verməyib ki, o, boşanmayacaq. Qadının da yaşamaq və xoşbəxt olmaq haqqı var. Məgər boşanmış qadının yaşamaq haqqı yoxmu?! Əlbəttə, var. Düşünün, bir qadın, yaxud da kişi boşandığı halda ciddi travma yaşayır. Heç bir qadın boşanan kimi gedib restoranda yemək yemir, ya da kef məclisində olmur. Təbii ki, sarsıntı, depressiya yaşayır. Hətta intiharlara da əl atır. O insanların psixologiyası fərqli olur. Üzdə özlərini yaxşı göstərsələr də, daxildə belə deyil. Psixoloq olaraq araşdırma aparanda boşanmış qadınların dərin sarsıntı yaşadıqlarını görürük. Bu halda onlara dəstək olmaq lazımdır. Çox vaxt dəstəkdən kənar basqı və qınaq özünü göstərir”.

Həmçinin oxuyun

“Qəlbim Azərbaycan xalqı ilə…” – Tarkan

Türkiyənin və dünyanın tanınmış müğənnisi Tarkan özünün “Instagram” hesabında oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən …

Bir cavab yazın