Ana səhifə / Şou Biznes / Buzovnadakı internatda oğlan uşaqlarını kim zorlayıb…

Buzovnadakı internatda oğlan uşaqlarını kim zorlayıb…

Azərbaycanda təhsilin qara günləri “Misir erasından” başlayıb. Məhz eks-nazirin fəaliyyəti dövründə süpürgə pulundan başlayaraq ali məktəblərə qədər uzanan rüşvət təhsili uçuruma yuvarlayıb. Buna görə də, əksəriyyət yeni nazirdən möcüzələr gözləyirdi. Amma müəllimlərin bilik səviyyəsinin yoxlanılması, dərs ilinin vaxtının uzadılması və bu kimi bir çox yeniliklərlə gələn yeni nazir təhsili uçurumdan xilas etməyi bacarmadı. Hətta əksinə, anormal vəziyyət müşahidə olunur. Əvvəllər təhsilin səviyyəsindən, qiymətlərdən danışan ekspertlər son vaxtlar daha çox məktəblərdə baş verən qalmaqalları, hansısa müəllimin şagirdi ilə münasibətini, zorlama hadisələrini müzakirə edirlər. Müzakirələr artdıqca isə təcavüz xəbərləri səngimir.

Tədris mövsümünün axırıncı zorlama xəbəri Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 8 saylı sanatoriya tipli internat məktəbdən gəldi. Məktəbin psixoloqu İmarət Mehdiyeva mətbuata açıqlamasında internatda yuxarı sinif şagirdlərinin azyaşlı oğlan uşaqlarını zorladığını, məktəbdə özbaşınalığın, nizam-intizamsızlığın baş alıb getdiyini deyib. “Mən 15 ildir orada psixoloq kimi işləyirdim. Bir il öncə Pəri Paşayeva bu məktəbə yeni direktor təyin olunub. Bundan sonra problemlər başlayıb, direktor məktəbi idarə edə bilmir”, – şikayətçi söyləyib.

Xəbər dərc ediləndən dərhal sonra Təhsil Nazirliyi araşdırmalara başladığını, faktın təsdiqini tapmadığını açıqladı. Psixoloq təhsil müəssisəsinə şər atmaqda ittiham edilərək vəzifəsindən azad olundu. Və beləliklə də, müammalı məqamlar və təbii ki, suallar ortaya çıxdı. Bu suallara cavab tapmaq üçün nazirliyin təklifi ilə bir neçə jurnalist internat məktəbinə baş çəkdi. Direktor ittihamları cavablandırdı, zorlamada ittiham olunan uşaq danışdı.

Sentyabrdan aprelədək təcavüz…

İmarət Mehdiyeva Təhsil Nazirliyinə ünvanladığı şikayətində sentyabrdan aprelədək bir neçə azyaşlının təcavüzə məruz qaldığını bildirb. İddialara görə, son hadisə martın 5-də baş verib, birinci sinif şagirdi 7-ci sinif şagirdi tərəfindən zorlanıb. Zorakılığa məruz qalan uşağın valideyni Xəzər Rayon Polis İdarəsinə şikayət edib.

Direktor Pəri Paşayeva isə deyir ki, martın 13-də valideyn övladını rayona aparmaq üçün müraciət edib: “Aprelin 1-də uşaq rayondan geri qayıtdı. Ana dedi ki, məktəbdə uşağıma qarşı təcavüz olub. Ana Xəzər Rayon Polis İdarəsinə şikayət etdi və ekspertiza keçirildi. Ekspertiza uşağın təcavüzə məruz qalmadığını təsdiqlədi. Mən də sinif rəhbərlərinin, müəllimlərin iştirakı ilə iclas keçirdim, onlar da ittihamın yalan olduğunu dedilər. Sonradan bəlli oldu ki, təcavüzlə bağlı anaya İmarət Mehdiyeva məlumat verib”.

Biz iddianın nə qədər doğru olub-olmadığını söyləyə bilmərik. Amma o da bəllidir ki, təcavüz hadisəsinin üstündən müəyyən müddət keçəndən sonra xəsarətin təsdiqlənməsi çətin olur. Əksər ölkələrdə belə ittihamlar psixoloqların köməyi ilə araşdırılır. Direktor isə deyir ki, ekspertizanın nəticələrindən sonra əlavə araşdırmalara ehtiyac qalmayıb.

Sentyabrda olan hadisə niyə indi açılır…

Sonuncu hadisənin üstündən 2 aydan çox vaxt keçib. Bəs, psixoloq iddia etdiyi kimi, təcavüz hadisəsi baş veribsə, bunula bağlı niyə vaxtında məlumat verilməyib? R.Paşayeva bunu psixoloqun qərəzi kimi izah edir: “Mən 2015-ci ildə direktor təyin edildim. Bundan sonra bir çox sənədləri, eləcə də kollektivin şəxsi işlərini yoxlamağa başladım. Psixoloqun əmək kitabçasında 1980-ci ilə aid məlumatların latın qrafikasında yazılması diqqətimi çəkdi. Məlum oldu ki, İmarət Mehdiyevanın əmək kitabçası saxtadır. Martın sonunda bununla bağlı özünə və Təhsil Nazirliynə məlumat verdim. Bundan sonra o, mənə məktəblə bağlı açıqlamalar verəcəyini söylədi. Dedi ki, sən saxta sənədlə bağlı nazirliyə məlumat vermə, mən də uşaqlara təcavüz edildiyini deməyim. Amma mən saxta sənədi gizlədə bilməzdim. Bundan əlavə, məktəbdə belə bir iyrənc hadisə baş veribsə, vaxtında aşkara çıxarılmalı idi. Mən həqiqəti öyrənib tədbir görməliydim. Buna görə də, onun dedikləri ilə razılaşmadım. Nəticədə, İmarət müəllimə mətbuata belə açıqlamalar verdi”.

Şikayətçi psixoloq işdən çıxarıldı

İmarət Mehdiyevanın saxta olduğu deyilən əmək kitabçası Xəzər Rayon Polis İdarəsinə göndərilib. Amma saxtakarlıqla bağlı nəticələr açıqlanmadan psixoloq vəzifəsindən kənarlaşdırılıb. O, Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndi ilə vəzifəsindən uzaqlaşdırılıb. Bu maddəyə görə qadın təhsil sahəsində işləyə bilməyəcək.

P.Paşayeva İ.Mehdiyevanın işdən çıxarılmasının səbəblərini açıqlayır: “Uşaqlar dedilər ki, İmarət müəllimə məktəbi dağıtmağı, avadanlıqları sındırmağı tapşırıb. Sonra bir neçə uşağa ərizə yazdırıb. Hətta uşaqlardan biri ərizəni niyə yazdıqlarını soruşub. İmarət xanım isə psixoloji iş olduğunu söyləməklə şagirdləri aldadıb. Sonra məktəbin şagirdi Murad Əliyevi döyüb. Şagirdin valideynləri Xəzər Rayon Məhkəməsinə müraciət ediblər. İmarət Mehdiyeva İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 500 manat cərimələnib”.

Daha sonra İmarət Mehdiyevanın oğlu Muradı döyüb. Direktor deyir ki, bununla bağlı “102” xidmətinə məlumat verilib: “Uşaq dərsdən çıxıb xalasıgilə gedirdi. Yolda İmarət müəlimənin oğlu ona yaxınlaşıb, uşağı döyüb. Xəzər Rayon Məhkəməsinin qərarı ilə oğlu da 500 manat cərimələndi. İmarət müəllimənin aqressiv davranışları mayın 24-də pedaqoji şurada müzakirə olundu. Onun işdən çıxarılması təklif edildi. Məktəbin həmkarlar təşkilatının sədri xəstə olduğu üçün biz Xəzər rayon həmkarlar təşkilatının sədrini məktəbə dəvət etdik. İmarət Mehdiyeva da iclasda iştirak edirdi. Onun məktəbə zərər verdiyi təsdiqini tapdı və biz belə bir insanla işləyə bilməzdik”.

Gecələr otaqların qapısı bağlanır, kameralar işə düşür

Sözügedən internat məktəbin paytaxtın ən böyük tibb müəssisələrindən biridir. Tədris korpusundan keçib uşaqların gecələdiyi korpusa keçirik. İkinci mərtəbədə sol tərəfdə qızlar, sağ girəcəkdə isə ibtidai sinifdə oxuyan oğlanlar qalırlar. Hər iki girişdə qapı qıfıllanır. Oğlanlar isə 3-cü mərtəbədə qalırlar. “Axşam saat 8-dən sonra qapılar bağlanır. Hər mərtəbədə nəzarətçilər, gecə tərbiyəçiləri var. Kameraalr daim işləyir”, – direktor məlumat verir.

Məktəbə qarşı ittihamlardan biri də natəmizliyin hökm sürməsi, hər mərtəbədə yalnız bir tualetin işləməsi, digərlərinin bağlı saxlanılması ilə bağlı idi. İnternat məktəbi tam təmirli olduğundan səliqə-səhman yerində idi. Direktor tualetlərin bağlı saxlanılmasının yalan olduğunu təsdiqləmək üçün 20-dən çox tualetə, hamamlara baxmağımızı təkid etdi.

Təcavüzdə ittiham olunan uşaq: “Müəllimə yalan danışır”

Bundan sonra uşaqlarla görüşmək istədiyimizi söylədik. Direktor və müəllimlərin iştirakı olmadan birinci sinif şagirdinə təcavüzdə ittiham olunan uşaq da daxil olmaqla hər sinifdən bir neçə oğlan çağırıldı. Şərtləşdiyimiz kimi onlara təcavüzlə bağlı suallar verməyəcəkdik. Amma uşaqlar yayılan məlumatlardan çoxdan xəbər tutmuşdular. “Biz həftəsonu evə gedəndə internatla bağlı yazılanları oxuduq. İmarət müəllimə yalan danışır”, – oğlanlardan biri danışır. Digər də söhbətə qarışır: “Biz heç o müəlliməni tanımırdıq. Keçmiş direktorun vaxtında bir-iki dəfə görmüşdük. Pəri müəllimə gələndən sonra məktəbə gəlməyə başladı. Bizi məktəblə bağlı şikayət yazmağa məcbur edirdi. Murad etiraz edəndə onu söydü”.

Uşağı zorlamaqda ittiham edilən 7-ci sinif şagirdi də eyni sözləri təkrarlamağa başladı. “İmarət müəllimə məktəbimizin adını ləkələməyə çalışır. Ona fikir verməyin. O dəhlizdə gülə-gülə gəzir. Elə bil birtəhər adamdır”. Amma bizim üçün xoş olmayan məqamlardan biri də görüşdüyümüz uşaqların İmarət Mehdiyeva haqqında xoş olmayan sözlər demələri idi. Bu məqamı direktorla görüşümüzdə də dedik.

Məktəbin müəllimləri də bir ağızdan İmarət Mehdiyevanı internat haqqında xoş olmayan məlumatlar yaymaqda ittiham etdilər. Qapının qarşısında övladını gözləyən valideynlər direktorun qayğısı haqqında bir neçə xoş sözlər söylədilər. Beləcə internatla tanışlığımız başa çatdı.

…Hələ sovetlər birliyi dövründən internatlarla bağlı mənfi imic formalaşıb. Son zamanlar təhsil müəssisələri təmir olunub, ərzaqla təminat yaxşılaşdırılıb. Amma uşaqlara qarşı zorakılıq və təcavüz xəbərləri internat evlərinin ətrafındakı mifin dağılmasına imkan vermir. Daxili İşlər Nazirliyinin araşdırmasından sonra yəqin ki, qaranlıq məqamlara aydınlıq gətirilər. Virtualaz.org

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın