Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Bunun adı Prezidentə qarşı sabotajdır!

Bunun adı Prezidentə qarşı sabotajdır!

Nə qədər deyirik, nə qədər yazırıq, xeyri yoxdur. Ölkə Prezidenti şəxsən bu problemləri dilə gətirir, durumun düzəlməsi üçün gecəli-gündüzlü çalışır, amma bu xain məmurlar düzəlmir ki, düzəlmir!

Azərbaycan iddialı dövlətdir. Haqsız da sayılmaz. Çünki bu dövlət dünya dövlətləri arasında həqiqətən ən iddialılardan biri olmağa layiqdir. Prezident İlham Əliyevin dünya prezidentlərilə bir araya gələn zaman özünü arxayın, rahat və inamlı hiss etməsi şəxsən məni – bir Azərbaycan vətəndaşını qürurlandırır. Amma bəzi yırtıcı məmurlar əlindən gələni edir ki, bu qürur uzunömürlü olmasın.

Sözümün canı var.

Azərbaycan e-hökumət quruculuğu sahəsində də iddialıdır. Bir sıra dövlət qurumlarımız bu yöndə yetərincə irəli gedə biliblər. Bəli, bir sıra. Yəni hamısı deyil. Elə isə, niyə hamısı deyil? Əgər bir sıra qurumlar bunu bacarıbsa, niyə digərləri bacarmayıb? Yaxud da bacarmaq istəməyib?

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün Facebook divarında oxuyuruq:

“Ölkədə elə sahələr var ki, elektronlaşma, elektron hökumət quruculuğu kifayət qədər yüksəkdir. Elə sahələr də var ki, mövcud duruma ancaq təəssüflənmək olar.

Təhsil sektorunda elektron xidmətlərin inkişafını, universitetlərimizin informasiyalaşma səviyyəsini və vahid elektron mühitə inteqrasiyasının səviyyəsini hazırda universitetlərin saytlarında və sosial media resurslarında dərc olunan aşağıdakı elanlardan görmək olar.

Elan: Ali məktəblərə qəbul olunanlar qeydiyyat üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. TQDK-nın müsabiqə nəticələri haqqında çap edilmiş vərəqi – 1 ədəd (bu informasiya TQDK-da elektron formada var).

2. Şəxsiyyət vəsiqəsinin surəti – 3 ədəd (bu informasiya digər dövlət qurumunda, TQDK-da, TN-də, DİN-də və s. elektron formada var).

3. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti – 2 ədəd; (bu informasiya da digər dövlət qurumunda var).

4. Əmək kitabçasının surəti (işləyənlər üçün) – 1 ədəd (bu informasiya da digər dövlət qurumunda var).

5. Təhsil haqqının ödənişi ilə bağlı qəbzin surəti – 1 ədəd.

Anlamaq olmur ki, bu qədər sənədlər, sənədlərin surətləri yenidən vətəndaşdan tələb olunacaqsa, onda elektron hökumət quruculuğuna çəkilən bu qədər xərclər, resurslar, əziyyətlər nəyə lazım idi?

Dövlət qurumunda olan informasiyanın digər bir dövlət qurumu tərəfindən vətəndaşdan tələb olunmasına dolayısı ilə imkan verməyən bir neçə hüquqi sənəd olsa da görünür ki, real vəziyyət başqa cürdür.

Normalda ali məktəbə qəbul olunan hər bir vətəndaş heç bir xərc, narahatçılıq və bu istidə əziyyət çəkmədən universitetin saytına daxil olaraq onlayn formada qeydiyyatdan keçə və elektron formada da ödəniş edə bilərdi.

Düşünürəm ki, vətəndaş haqqında hansısa dövlət qurumunda olan informasiyanın digər dövlət qurumu tərəfindən vətəndaşdan heç bir halda tələb olunmaması ilə bağlı ciddi bir hüquqi-normativ sənədin qəbuluna ehtiyac vardır”.

Şərhə ehtiyac varmı? Məncə yox. Niyə universitetlər bu məsələni həll etmir? Niyə valideynlər universitetə yeni qəbul olunmuş uşağını da yanına alıb yüzlərlə km uzaqdan Bakıya, Gəncəyə, Sumqayıta, Naxçıvana gəlməli, günün altında saatlarla gözləyərək hansısa 3-5 vərəq kağızı qeydiyyata aldırmalıdır? Bunun adı nədir? Sabotaj? Prezidentin e-hökumət quruculuğu, e-idarəetmə istiqamətində davamlı çalışmalarını gözdən salmaq? Yaxud kimlər üçünsə 3-5 manat da olsa rüşvət (şirinlik adı altında) almaq imkanının mühafizə edilməsi? Ümid etmək istərdik ki, bu problem haqqında bu yazı sonuncu olacaq…

Başqa və daha ciddi, anlaşılması çox çətin olan bir məsələ də diqqətimizi cəlb edir. Söhbət asan imzadan gedir. 3 il öncə bir çox insanlar qaçaqaçla asan imza sertifikatı əldə etmişdi. Əsəblər gərilmişdi onda da. Birincisi, bu sertifikatın əldə edilməsi, xidmətdən istifadə üçün tətbiq edilən rüsumlarla bağlı. İkincisi isə, sertifikatın əldə edilməsi üçün qoyulmuş son müddət öncəsi yaranan basabasa görə. Elə o zaman da suallarımızı dilə gətirmişdik. Amma təəssüf ki, kimsə nə cavab vermişdi, nə də ki, problemi həll etmişdi.

İndi aradan 3 il keçib. Bir çoxları üçün asan imza sertifikatı yenilənməlidir. Olsun. Amma yenə də anlamadığımız bir problem qalmaqdadır: simkart dəyişdirilməlidir! Niyə? Hansı səbəbdən? Hazırda istifadə etdiyimiz simkartın nə problemi var axı? Şəxsən mənim bu iş üçün istifadə etdiyim simkart sapsağlamdır, işlək nömrə daşıyıcısıdır və ötən müddət ərzində bir dəfə də olsun xidmətdən kənar olmayıb. İndi mən niyə bu simkartı dəyişməliyəm? Bu sualın cavabını bilmək istəyənlər uzağa getməli olmayacaq. Çünki simkartı dəyişərkən yenidən 18 manat ödənməlidir! Bax, sirr burda gizlənir!

2 il öncə də yazmışdım: ümumiyyətlə bu simkart və ondan istifadə üçün tutulan yığımların heç bir məntiqi əsası yoxdur! Hələ bunun 3 il sonra təkrarlanmasının isə ümumiyyətlə əsası yoxdur! Çıxsın birisi bunu izah etsin görüm, necə edir!

Bu işin başında duranlar şəxsən cənab Prezidentə qarşı sabotajla məşğuldur! Bəli, heç bir əsası olmayan bu cür əməlləri gerçəkləşdirənlərin davranışlarına başqa ad vermək olmaz!

Xatırladım ki, 18 manat verib simkart almaqla bərabər hər ay 50 qəpik xidmət haqqı da ödəyirik. Asan imza üçün. Əlavə olaraq hər imzalama zamanı PİN və PUK təsdiqi üçün də əlavə 3+3 qəpik pul ödənir. Üstəlik, asan imzanın istifadəsi də o qədər zəhlətökəndir ki, adam ümumiyyətlə informasiya-kommunikasiya texnologiyalarını icad edənə lənət oxumadan keçə bilmir. Hərçənd bu texnologiyaları icad edənlərin heç bir günahı yoxdur və onların ağlına da gəlməzdi ki, Azərbaycan adlı bir ölkədə hansısa geri zəkalılar ortaya çıxıb bunu da gözdən salacaqlar!

Məncə, bu məsələlər araşdırılmalıdır! Özü də ciddi şəkildə. Buradan korrupsiya iyi gəlir! Əsassız, heç bir məntiqi olmayan rüsumlar tətbiq edənlərin yəqin ki, özəl maraqları olmamış deyil. Bu isə o deməkdir ki, həmin adamlar şəxsən cənab Prezidentə qarşı sabotajla məşğuldur! Prezidenti, onun siyasətini, çalışmalarını gözdən salanlarsa təbii ki, uyğun “qiymətlərini” almalıdırlar!

Sözardı: Asan imzanın rəsmiləşdirilməsi Asan Xidmət mərkəzlərində gerçəkləşdirilsə də rüsumlar və bütün bu oyunların Asan Xidmətə heç bir dəxli yoxdur. Ona görə də bu yazımız Asan Xidmətə kölgə salmaq cəhdi kimi qəbul edilməməlidir. Bu Xidmət cənab Prezidentin strategiyasını vicdanla və heç bir süni əngəl törətmədən həyata keçirir.

Azər HƏSRƏT, [email protected]

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın