Ana səhifə / Şou Biznes / Bunu Heydər Əliyevə deyəndən bir həftə sonra… – Rüstəm Behrudi

Bunu Heydər Əliyevə deyəndən bir həftə sonra… – Rüstəm Behrudi

Tanınmış şair Rüstəm Behrudi ilə müsahibəni təqdim edirik.

– Rüstəm bəy, ardıcıl bir neçə əməliyyat keçirdiniz. Səhhətinizdə problemlər vardı. İndi necəsiniz?

– Əməliyyatdan əvvəl başımda duman vardı. Nə düşünə, nə də yaza bilirdim. İndi duman çəkilib. Amma ağrılarım əvvəlkindən daha çoxdu. Hər halda sevinirəm ki, heç olmasa düşünə bilirəm.

– Şairin başı həmişə dumanlı olmurmu?

– Hərdən ayılmaq da lazımdı(gülür). Ancaq mənim başımdan duman çəkilmirdi, ayılmırdım. Dağların başı da gah dumanlı, gah dumansız olur, düzdürmü? Amma dağ dumansız daha möhtəşəm görünür.

– Siz şeir yazanda yanınızda kimsə olur? Yəni şahidiniz varmı? Bəzən adamlar sizin şair olduğunuza inanmır.

– Nə qədər yekəxana çıxsa da, deyəcəm, mənim yaradıcılığım peyğəmbərlərin işinə bənzəyir. Özümü peyğəmbər elan eləmək fikrim-zadım yoxdur. Necə ki, peyğəmbərlə Allah arasındakı rabitəni təsdiq edəcək bir şahid yoxdur, heç kim şahid deyil ki, Allah onu peyğəmbər seçib, bax, mən də o cürəm.

18 yaşımdan şeir yazıram. Şahidim yoxdur. Əgər o dörvdəki şeirlərə şeir demək mümkünsə (gülür). Yazı elə bir prosesdir ki, nə olduğunu özüm də bilmirəm. Bu proses mənim üçün çox ağırdır. Uzaq yol gedəndə və ya sakit qalanda düşünürəm, sonra isə düşüncələrimi yazıya köçürürəm.

– Maraqlıdır, elə bir xüsusiyyətiniz varmı ki, onu başqa heç kimdə görməmisiniz?

– Ümumiyyətlə, yaradıcılığından başqa həyatının da qeyri-adi olması bir şairi şərtləndirən cəhətlərdəndir. Əgər o, adi adamlardan fərqlənmirsə, hansı yaradıcılıqdan, hansı istedaddan danışmaq olar?

Heç bir kəs tanımaz məni dünyada,
Dərd deyil, qoy olsun, sən tanı barı.
Bil ki, mən qəribi tanrı göndərib,
Göndərib, ovudum ayrılıqları…

Bu şeiri yaxınlarda yazmışam. Mən özümə böyük adam demirəm, amma fərqli adam deyə bilərəm.

– Böyük adam deyəndə nəyi nəzərdə tutursunuz? İnsanın böyüklüyünu, kiçikliyini ölçmək necə mümkündür?

– Ümumiyyətlə, yer üzündə böyük-kiçik adam yoxdur. Ya adamsan, ya yox. Ya şairsən, ya şair deyilsən.

– Yəqin oxuduqca özünüzü gördüyünüz şairləriniz var…

– Alman şairi Hardenberq və Kleisti deyə bilərəm. Elə düşünürəm, onların bütün həyatı mənimki kimi ötüb keçib. Dünyanı gəzmişəm, kef eləmişəm, 10 ilə yaxın həbsdə yatmışam, ac-susuz qalmışam. Xoş və bəd günlərim iç-içə olub. Nə qədər yaxşı günlər görmüşəmsə, o qədər pis günlər yaşamışam.

– Səhv eləmirəmsə, mərhum prezident Heydər Əliyev sizə sual vermişdi ki, üst-üstə neçə il həbsaxanda olmusunuz?

– Həbsxanada Şura hökumətinin vaxtında olmuşam. Bilirsiniz, mən Heydər Əliyevə niyə cavab vermədim? Çünki başqa şeylər danışmaq istəyirdim. Mənim 10 yaşımdan, yəni ağlım kəsəndən bütün həyatım Heydər Əliyevin hakimiyyəti illərində keçib. Həbsxanada yatdığım illər də onun dövrünə düşür. Sadəcə, o məndən soruşurdu ki, mən Moskvada olanda, yoxsa Azərbaycanda olanda həbs olunmusan?

– Heydər Əliyevlə öldürülən qardaşınız barədə də danışmışdınız…

– Hə… Qardaşımı iş yerində öldürmüşdülər. Qatili axtarırdılar, tapa bilmirdilər, heç tapmaq da istəmirdilər. Mən Heydər Əliyevə dedikdən bir həftə sonra o, Eldar Həsənovla Ramil Usubova göstəriş verdi. Və bir həftənin içində qatil tapıldı.

– Qatil kim idi?

– Biri prezident qvardiyasının keçmiş zabitlərindən idi, biri gürcüstanlı, biri tatar. Bir qrup quldur dəstə imişlər.

– Qardaşınızı niyə öldürmüşdülər, səbəb nə idi?

– Düşünürəm ki, pul üçün gəliblərmiş. Düzdür, qardaşım iş adamı olduğuna baxmayaraq, onun üçün pul-zad önəmli deyildi. Sadəcə, prosesi sevirdi: işləsin, pul qazansın, ətrafına, tanımadığı adamlara xərcləsin. Elə adamlar çox az olur. Həyatımda ondan yaxın dostum olmayıb. Ondan sonrakı dostlarım Türkiyədən Orxan Özcanlı, Əbülfəz Elçibəy. Ən sonuncu dostum isə Kəramət Böyükçöldür. Mən bunu hamının yanında deyirəm.

– Həyatınızda elə an olbumu, özünüzü ifadə edə bilməyəsiniz? Şeir yazmaq istəyəsiniz, amma yaza bilməyəsiniz.

– Həyatımda elə an olmayıb ki, özümü ifadə edə bilməyəm. Məsələn, dünən ağrılar içində qıvrılırdım. Kiçik qızıma beş misra şeir yazdım, özümü ifadə elədim, rahatlaşdım. Şeir yazanda düşünürəm ki, dünyadakı bütün işlərimi görüb qurtarmışam.

– Həmişə deyirsiniz ki, şair olub-olmamaq əlimdə deyildi. Türkçü şair olmamaq ki sizin əlinizdə idi. Elə deyilmi?

– Mən şair olamsam, avaranın biri olardım. Əlimdən başqa heç nə gəlmir. Şair olmasam, əllərdə qalıb ölərdim (gülür). Türkçü şair olmağımın da bir səbəbi var. Babamın danışdıqları. O türkü oxuyanda məni ağlamaq tuturdu. Naxçıvanda qaçhaqaç düşəndə ata-anasını gözünü qabağında öldürüblər, qardaşını da arxadan gülləylə vurublar. Yəqin azərbaycançılığımız Araz sərhədində yaşamağımızla bağlıdır. Amma Turançılıq yox.

1988-ci ildə “Şaman duaları” kitabı yazmışıdm . Türkiyənin bəzi universitetlərində dərslik kimi keçirlər. Ona Türkiyənin böyük alimi, türkçü Əhməd Bican Ərcilasun ön söz yazmışdı, məndən xəbərsiz həmin kitabı Türkiyədə böyük tirajla çap elətdirmişdi. O kitabda elə şeylər var ki, Əhməd Bican bir dəfə məndən soruşdu ki, bunları hardan bilirsən? Türkologiya ilə 40-50 il məşğul olan alimlər heç bunları bilmir. O yazmışdı ki, bunlar türk ruhunun şüuraltısıdır. Yəni Rüstəm Behrudi bu şeyləri özü də bilmir, amma yazıb. Mən kitabı və ön sözdə şeirlərimin izahını oxuayndan sonra gördüm ki, doğurdan da fərqli şeylər yazmışam.

– İlham pəriniz varmı?

– Ədəbiyyatda ilham pərisinə inanmıram. Boş və cəfəngiyyat bir şeydir. Kənardan insana heç nə gəlmir. Kim nə deyir desin, nə varsa insanın içindədir. Ən böyük imanımız içimizdən gələn səsdir.

– Bəs oxuduğun kitablar, baxdığın filmlər kənardan təsir etmirmi?

– Kənardakı hadisələrin təsiri ola bilər. Amma fəhmlə şeir yazdıra bilməz. Onda belə çıxır, şairlər yalançı peyğəmbərlərdir?

– Salam Sarvan Feysbukda bir status yazmışdı ki, “Salam, dar ağacı” şeirinizi sizdən əvvəl bir özbək şairi yazıb. Doğurdanmı belədir?

– Bu şeir türk dünyasında çox məşhurdur. Hətta deyirlər ki, türk dünyasında son yüz ildə türkcə yazılmış şeirlərin möhürüdür. Türklər elə bilirlər ki, Rüstəm Behrudi yüz il öncə ölüb getmiş bir şairdir. Bəzisi elə bilir özbəkdir, bəzisi deyir, uyğurdur, bəzisi deyir, Cənubi Azərbaycandandır.

Viktor Hüqo həmişə türkləri pisləyib, təhqir edirmiş. Hətta yazıb ki, türk atları keçən yerdən ah-nalə əskik olmur. Halbuki o, heç türkləri görməyib. Bir fransız müəllifdən Viktor Hüqonun niyə belə yazmaının səbəbini soruşdum. Dedi, Hüqo türklərə paxılıq edirdi, onların yerində olmadığına görə. Ümumiyyətlə, fransızlar türklərin yerində olmadığına görə onlara paxıllıq edirlər.

Sözü ona gətirirəm ki, “Salam, dar ağacı” şeirini kim yazsaydı, türk dünyasının ən məşhur şairi olacaqdı. Yəni mənim yerimdə olacaqdı. Bu yaxınlarda özbək bir ailm mənimlə görüşmək istəyirdi. O mənə dedi, sənin təkcə bir şeirin iyirmi ildir özbək gənclərinin içində bir atəş yandırdı və biz özümüzün kim olduğunu bildik. Əgər “Salam dar ağacı” şeirini vaxtilə bir özbək yazıbsa niyə özbək alim gəlir məni axtarıb tapır və bu sözləri deyir? O alim həmin şeiri mənə özbəkcə oxudu və dedi ki, on-on beş ilə əvvəl bir şair həmin şeiri özbək dilinə çevirib. Bundan başqa deyəcəyim heç nə yoxdur.

– Azərbaycanda bir sıra şairlər var. Musa Yaqub, Seyran Səxavət, Ramiz Rövşən, Vaqif Bayatlı, Rüstəm Behrudi və s. Amma bu şairlərin heç bir fəxri adı yoxdur. Problem nədir?

– Əslində, mən də o fikirdəyəm ki, dəyərləndirilməmək düzgün deyil. Kim nə deyir desin, yaradıcı adam təriflənməyi, təqdir olunmağı, qiymətləndirilməyi xoşlayır. Kim desə, təriflənməyi sevmirəm, demək, qeyri-səmimidir. Qoy bir əhvalat danışım sizə.

Nizami Xudiyev Azrəbaycan Televiziyasının sədir idi. Onunla yaxın münasibətlərimiz var. Bir dəfə məni tərif edirdi. Dedi, sən çox böyük şairsən-filan. Dedim ki, inanmıram. Böyük şair olsam, 10 ildir televiziyanın sədirsən, bir dəfə məni verilişlərinə dəvət eləməmisən…(Teleqraf.com)

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın