Ana səhifə / Şou Biznes / Bu il Novruzun “tonqal”ı niyə söndü? – Devalvasiya, yoxsa terror həyəcanı?

Bu il Novruzun “tonqal”ı niyə söndü? – Devalvasiya, yoxsa terror həyəcanı?

Hər il xüsusi şövqlə keçirilən Novruz bayramı bu il Azərbaycanda hiss olunacaq qədər sönük keçdi. Son günlərin əsas müzakirə mövzusuna çevrilən bu sönüklüyün səbəbləri barədə müxtəlif fikirlər var: bu bayram ötən illərdəki kimi əhəmiyyətli deyil, çoxları bayrama xüsusi hazırlaşmır, onun yolunu həsrətlə gözləmir… Tonqal üstündən tullanmaq, papaq atmaq, qulaq pusmaq kimi qədim adət-ənənələrimiz belə demək mümkünsə, əksər insanların maraq dairəsində deyil.

Bəs bütün bunların səbəbi nədir?

AzNews.az tanınmışların mövzu ilə bağlı fikirlərini təqdim edir.


Fazil Mustafa:
“Doğru müşahidədir. Bunu yalnızca əhalinin maddi durumu ilə əlaqələndirmək olmaz. Əslində Novruz Bayramı dövlət səviyyəsində ögey münasibətlə üzləşdiyi vaxtlarda insanların daha səmimi qeyd etdiyi bayram kimi yadda qalıb. Bu gün isə dövlət özü xüsusi olaraq bayram tədbirləri keçirir və xalq üçün artıq rəsmiləşdirilmiş bir hadisə kimi məsafəli yanaşma müşahidə olunur. Digər tərəfdən dəyərlərin dəyişməsi prosesi də öz təsirini göstərir. Kimisi dini inancları baxımından, kimisi virtal məkana aludəçiliyə görə praktik adətin tətbiqinə maraq göstərmir. Müşahidələrim onu göstərir ki, daha çox qürbətdəki insanlarımız bu bayramı xüsusi şövqlə qeyd edirlər. Bir məqamı da vurğulaya bilərəm ki, baharın gəlişi biz azərbaycanlıların əksərində xüsusu bir canlanma yaratmır, gənciylə, yaşlısıyla nə qədər dünyadakı yenilikləri kopylasaqda, düşüncə olaraq biz qocalmış cəmiyyətik, vaxtın iradəsinə tabeyik və fəsil dəyişimi çoxluğumuz üçün mexaniki xarakter daşıyır. Novruz Bayramının əslində mesajı xeyirli və gözəldir, dinimizlə ziddiyyət təşkil etmir, insan haqlarına, həmrəyliyə yönəlik çağrışları var”.


Qəşəm Nəcəfzadə:
“Novruzu təkcə təbiətlə deyil, adam öz canı ilə hiss edir, duyur, damarlarında qan coşur, ruh, can təzələnir. Can da təzələnəndə, yeni arzular doğulur. Novruz bayramı olmasaydı, insan köhnələrdi, ürəyini kif basardı, canı ağrıdan dincəlməzdi. Elə ki, Novruz gəldi, insanı sevinc, dirilik suyunda, arzuların işığında cimizdirib gedir.
İlk şeirimi Novruzda yazdım, ilk dəfə Novruzda sevdim, ilk maaşımı Novruzda aldım.

Fevralın ayının sonlarında, kiçik çillə girəndə və xüsusən, mart ayının əvvəllərində adamın burnuna çərşənmə tonqalının qoxusu gəlir, özü də bu ətri külək gətirir, təyin edə bilmirsən ki, bu iy haradan gəlir, axı heç harda hələ tonqal yandırılmayıb. Bu iy təbiətin özündən, torpaqla günəşin təmasından, havadan, sudan gəlir. Təbiətin bu gizli xəbəri insan ahvalı-ruhiyyəsini qaldırır.

Anam həmişə yaz ağzı evdəki bütün yorğan-döşəkləri çölə atardı. Hökmən onlara günəş dəyməliydi. Sonra anam axşama yaxın həmin yorğan-döşəkləri, gəbə və kilimləri çırpıb evə yenidən yığardı, pəncərələri açardı, evə günəş şüaları ilə birgə xəfif külək dolardı. Anam səhər saat altıdan durub həyətimizi su çiləyib süpürərdi. İşini bitirəndən sonra evə girərdi. Biz bacı-qardaşlarımızla şirin-şirin yatardıq. Amam nə qədər bizi çağırsa da, bal kimi yaz yuxusundan ayılmaq istəməzdik. Novruzda biz yalan danışmaqdan qorxardıq, tez-tez çimərdik, təmiz paltarlar geyərdik. Novruz bayaramı yaxınlaşdıqca, bu, xüsusi bir həvəslə həyata keçirilirdi. Bayram axşamı süfrəyə hər cür nemətlər düzülürdü, şamlar yandırılırdı. Biz həvəslə ata-anamızın nə edəcəyini gözləyirdik…

Zaman keçdikcə ola bilər sosial problemlərlə bağlı olaraq, bəzən də heç səbəbi bilinmədən bayram kimlər üçünsə maraqsız, əhəmiyyətsiz olsun, ancaq bir şeyi anlamaq lazımdır ki, Novruz təbiət hadisəsdir, təbiətin dəyişməsidir… Novruz təkcə şəkərburadan, paxlavadan, papaq atmaqdan, qulaq pusmaqdan, tonqal üstündən tullanmaqdan ibarət deyil”.

Qan Tural:
“Novruz bayramı çox əski, hətta feodalizmdən də əvvəlki dövrlərin bayramıdı. Bu barədə yazılı məxəzlər e.ə. III əsrə qədər gedib çıxır. O zamandan çox sular axıb, çox şey dəyişib. Ona görə də qeyd etdiyiniz tendensiyanın olması labüddür. Müasir dövrün ruhu başqadır. Lakin bununla belə Novruzun ruhu yaşayır. Əsas da budur”.


Vüsal Məmmədov:
“Urbanlaşmışıq. Bakıda faktik olaraq ocaq qalamaq imkanı yoxdur ki, üstündən tullanaq. Seyf qapılarına bənzəyən qapıların o üzünü dinləyə bilməzsiniz. Hər tərəf kamera və domofondursa, papaq atmaq da çətinləşir. Paxlava, qoğal və şəkərburanı sifarişlə bişitdirmək indi qadınlara daha çox sərf edir. 100 kilometr raduisda su üzərində bitən salxım söyüd görməmişəm…

Digər tərəfdən, bizim yaş nəsli artıq Novruz oyunlarını oynamacaq qədər yaşlanıb, yeni nəsil uşaqlar üçün isə bu ənənələr sadəcə, folklora aid bilgilərdir. Novruz adətlərinin çoxu heç vaxt indiki uşaqların həyatının bir parçası olmayıb. Onlardan sonrakı nəsil üçün isə ümmumiyyətlə, nəzəriyyə olacaq”.

Azər Qaramanlı:
“Mən elə düşünmürəm. Sadəcə böyüklər bayrama başqa cür hazırlaşır, uşaqlar başqa cür. Biz uşaq vaxtı bayramı tonqala, havaya yanan lopa atmağa, təzə paltar geyəcəyimizə, papaq atmağa və nəhayət çoxlu fındıq qoz yeyə biləcəyimizə görə həsrətlə gözləyirdik. Hesab edirəm ki, indi uşaqların böyük hissəsi Novruz bayramını buna görə həsrətlə gözləyirlər və biz böyüklər onların bu həsrətinin anlaya bilmədiyimizə görə bəzən həsrətlərini yaşaya bilmir və xəyal qırıqlığına uğrayırlar.

Böyüklərə gəlincə, Novruz bayramı bütün dönəmlərdə böyüklər üçün problem olub. Xərcin artdığına görə təbii ki… Bayram günü böyüklər o qədər yorgun və gərgin olurlar ki, bayram öz əhəmiyyətini ititrir və sadəcə bayram yorğunluq gününə çevrilir. Bu da təbii yolla uşaqlara təsir edir.

Ümumilikdə isə Novruz hər kəsin içində əhəmiiyətini qoruryub saxlayır. Və mən əminəm ki, heç bir iqtisadi böhran Novruz bayramına kölgə sala bilmir. Sosial şəbəkələrdə Novruzla bağlı yayılan fikirə gəlincə isə, bu kiminsə uğursuz şəxsi fikridi. Bu fikrə qoşulanlar isə daha çox məsələnin məntiqinə varmadan köhnələrdə hər şey yaxşıydı fikri ilə yanaşanlardı. Və mən sizə deyim ki, eyni fikir 10 il, hətta 30 il əvvəl də səsləndirilib, 10 il sonra da, 30 il sonra da səsləndiriləcək. Ona görə də hesab edirəm ki, əhəmiyyətsiz fikirlərdi”.


Əyyub Qiyas:
“Bunun bir səbəbi var, əhalinin maddi vəziyyətinin son iki devalvasiya nəticəsində aşağı düşməsi. Artıq gündəlik həyat qayğıları ilə əzilən sadə təbəqə bayram ovqatına köklənə bilmədiyi üçün bayram ab-havası az hiss olunur. Bir başqa səbəb də Türkiyədə baş verən silsilə terrorla bağlıdır. Qardaşı yas içinmdə olan millət bayram ovqatında ola bilməz”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın