Ana səhifə / Şou Biznes / Bu gün şortiklə, sabah da maykasız? – Professordan etiraz

Bu gün şortiklə, sabah da maykasız? – Professordan etiraz

Azərbaycan Universitetinin tələbələrə dərs zamanı şortik geymə qadağası və bu qadağaya qarşı gənclərin sosial şəbəkələrdə etirazına professor Fərhad Mehdiyev də reaksiya verib.

Axar.az xəbər verir ki, yerli və xarici universitetlərdə müəllim kimi böyük təcrübəyə malik olan F.Mehdiyev tələbələrin universitetdə qısa şortik geyinmələrinin tərəfdarı olmadığını bildirib.

O, ali təhsil müəssisəsində olan bəzi prinsipləri qruplaşdırıb:

“1. Ali təhsildə akademik azadlıq prinsipi var, amma bu prinsip geyim tərzinə deyil, tədqiqat mövzusuna və tədqiqat metodlarına aiddir.

2. Ali təhsildə analitik və skeptik düşüncə xoş qarşılanır.

3. Ali təhsilə siyasət qarışmamalıdır.

4. Ali təhsil tələbəyə sərbəst və analitik düşünməyi, yaradıcılığı öyrətməli, ixtisasın təməl sütunlarını və prinsiplərini aşılamalı və ən əsası, biliyi hardan necə təmin etməli olduğunu öyrətməlidir.

5. Ali təhsil tələbəyə estetikanı, sosial aktiv vətəndaş, tolerant olmağı, müxtəlifliyi öyrətməlidir”.

Beynəlxalq hüquq üzrə professor olan və müxtəlif ölkələrin universitetlərində dərs verən F.Mehdiyev müşahidələrini də bölüşüb:

“2008-ci ildə Kanzas Universitetində idim, kampusda qalırdım. Yaz gəldi, qızlar qazonlarda günəşlənirdilər. Bir müddət sonra buna alışıb, normal qarşıladım. Şortiklə gələn vardı, hətta ayaqyalın da. Hüquq məktəbində 20 müəllimdən 1 nəfər şortiklə gəlirdi. Hüquq tələbələri içərisində də dizdən aşağı şortik geyinən vardı. Qızlar isə şortik geyinmirdi.

Qızların geyim tərzi universitetdə sadə idi, cins və köynək dəbdə idi. Amma bir “vayn tastinq parti” olduqda, hamısı gecəlik geyinərdi və gözəlliklərindən onları tanımaq olmurdu.

Amerikada nisbətən sərbəst geyinmək, ölkədəki ümumi mühitin tərkib hissəsi kimi, çox da diqqət çəkmirdi.

Şəxsən mən oğlanların universitetdə qısa şortik qeyinmələrinin tərəfdarı deyiləm. Qızların da. Səbəbini deyirəm – oğlanlarda bu estetik görsənmir, qızlarda isə tərsinə, diqqət çəkir. Bu gün şortiklə, sabah da maykasız gələcəyik? Şortiklə universitet həyətində futbol oynaya bilərsiniz, fitnes zalında idman edərsiniz. Hovuzda isə daha da çox soyunub üzərsiniz. Amma auditoriyada bəzi sərhədləri qorumaq lazımdır.

Universitetdə müəyyən hədlər daxilində dress-kod gətirilə bilər və diqqət etsəniz, dress-kodun yuxarıda sadaladığım o 5 prinsipə zidd olan heç bir tərəfi yoxdur”.

Qeyd edək ki, Azərbaycan Universitetinin rəhbərliyi tələbələrin şortiklə ali məktəbə gəlməsinə qadağa qoyub. Bu qadağa tələbələr arasında birmənalı qarşılanmayıb. Onlar bu qadağa ilə hüquqlarının pozulduğunu iddia edərək, sosial şəbəkədə etiraz kampaniyaları aparır.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın