Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Şou Biznes / Bu gün Azərbaycan dilinin və ədəbiyyatının inkişafı hansı səviyyədədir?

Bu gün Azərbaycan dilinin və ədəbiyyatının inkişafı hansı səviyyədədir?

9 avqust 2001-ci ildə ümummilli lider Heydər Əliyev “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən, hər il avqustun 1-də Azərbaycanda “Azərbaycan əlifbası və Azərbaycan dili Günü” qeyd olunur.

Bu gün Azərbaycan dilinin və ədəbiyyatının inkişafı hansı səviyyədədir, şifahi və yazılı dildə hansı yeniliklər və neologizmlərdən istifadə olunur, dildə tez-tez hansı səhvlərə yol verilir və bunu necə düzəltməli?

Sputnik Azərbaycan xəbər verir ki, bu məsələlər barədə avqustun 1-də Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində tədbir keçirilib.

Tədbirdə mövzu ilə bağlı “Sputnik”in radio proqramlarının redaktoru, yazıçı Natiq Məmmədli, “Kaspi” qəzetinin baş redaktorun müavini, tərcüməçi Əli Seyidov, şair Fərid Hüseyn və yazıçı Tural Cəfərov (Qan Turalı) danışıblar.

Yazıçı Natiq Məmmədli bildirib ki, bu gün “Azərbaycan əlifbası və Azərbaycan dili Günü” kimi qeyd olunur: “XX əsrin 30-cu illərindən onun sonlarına qədər Azərbaycanda 3 dəfə əlifba islahatı həyata keçirilib. 1929-cu ilə qədər ərəb, 1929-1939-cu illərdə latın, 1939-1991-ci illərdə isə kiril qrafikı Azərbaycanda tətbiq olunub. 1991-ci ildə isə yenidən latın qrafikinə keçilib. Kiçik xalq olduğumuza görə, xüsusilə Azərbaycan dilinin üzərində çoxlu eksperimentlər aparılıb. Nə yaxşı ki, Azərbaycan xalqı öz dilini qoruyub saxlayıb. Azərbaycan dili ədəbi dil kimi çox zəngindir. Ana dilində mütailə etmək lazımdır. Düşünürəm ki, bizim dilimizin imkanları hələ tam şəkildə açılmayıb”.

Tərcüməçi Əli Seyidov tərcümə sahəsində mövcud olan problemlərdən danışaraq deyib ki, böyüyən nəslin söz ehtiyatının azalacağından qorxur: “Digər bir problem isə Azərbaycanda elektron lüğətin demək olar ki, olmamasıdır. Azərbaycan dilində elə sözlər var ki, onların hələ izahlı lüğətləri yoxdur. Tərcüməçilikdə çətinlik ona görə var ki, ilk növbədə tərcüməçilər azdır. Azərbaycan ədəbiyyatı xarici dillərə tərcümə olunmalıdır. Azərbaycan dilini inkişaf etdirmək lazımdır. Təəssüf ki, bəzi yazıçılar əsəri yazırlar amma tarixə istinad etmirlər”.

Şair Fərid Hüseyn bildirib ki, Azərbaycanın indiki şeir, qəzəl dili 20-30-cu illərin dilidir və müasir dildə yazan çoxluğu görəndə özünü kimsəsiz hiss edir: “Azərbaycanın şeir dilində bu gün daha çox türk poeziyasından təsirlənmələr müşahidə olunur. Ondan əvvəlki dövrlərdə yazılan şeirlər rus poeziyasının təsiri altında olub. Və yaxud 19-cu əsrin Azərbaycan şeiri son dərəcə fars dilli ədəbiyyatın təsiri altında olub. Dildə kalkalar var. Yalnız kalkalar dildə əsrlərnən sınmadan yaşaya bilir. Yerdə qalan ifadələr parçalanır. Yazıçı nə qədər gözəl ifadə işlətsə, bir başqa yazıçı onu başqa cür ifadə edir. Və yaxud onun işlətdiyi, gətirdiyi söz ola bilir ki, başqa əsrə keçmir. Aforizmləşmiş fikirlər növbəti əsrə keçir”.

Yazıçı Tural Cəfərov deyib ki, dil daima inkişaf edir, dəyişir: “Bu mənada Azərbaycan dilinin yad təsirlərdən qorunması mümkün deyil. Azərbaycan dili ən böyük yazılı tarixə malik olan dildir. Dilin özünəməxsus təbii qanunayğunluqları var və dil onlar ilə inkişaf edir”.

O, Azərbaycan dilinin inkişafı, işlənməsi ilə bağlı problemlərdən də danışıb. Qeyd edilib ki, mətbuatda Azərbaycan dilinin işlənməsi çox aşağı səviyyədədir. Televiziyalarda bu, ümumiyyətlə problemdir. Bədii ədəbiyyat mütailəsi aşağı səviyyədə olanda söz ehtiyatı da aşağı olur. Cəmiyyətdə kitab oxunması artmalıdır. Azərbaycan dilinin əsas problem ondan başlayır ki, bu dili məktəbdə doğru tədris etmirlər. Şagirdlərə qrammatikanı əzbərlədirlər amma necə danışmağı, cümlə qurmağı öyrətmirlər.

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın