Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / Qaxda bu bulağın suyu insanlara şəfa verir

Qaxda bu bulağın suyu insanlara şəfa verir

Azərbaycanın əsrarəngiz təbiəti ilə məşhur olan Qax rayonunda möcüzəvi bulaqlar da mövcuddur. Bunlardan biri də, rayonun Qaratala kəndindəki ziyarətgahda yerləşən “Qarabulaq”dır. Adı ilə məşhur olan bu sudan yerli əhali müqəddəs su — tutya kimi istifadə edir. Xəstələr bu sudan içməklə şəfa tapacaqlarına inanarlar. Onun yerləşdiyi ziyarətgahla bağlı niyyətlər tutar, qurbanlar kəsərlər. Bu bulağın qəribə tarixçəsi var. Kəndin ən yaşlı ağsaqqallarından biri olan İsmayıl Abdullayev bu bulaqlıa bağlı danışıb.

“Məndən də yaşlı adamların dediyinə görə, bu su heç vaxt nə çoxalıb, nə də azalıb. Uzun illərdir ki, sabit vəziyyətdə qalıb. Qədim zamanlarda bu yana bu kəndə yalnız axar çaylar — “Kürmük” çayı və kəndin Şimal-Şərq hissəsindən axan Qara çayın kiçik qolları vasitəsilə su gətirərlərmiş. Sellər gəlib sular bulananda, içməli su tapılmayanda və ya yayda quraqlıq dövründə insanlar susuzluqdan əziyyət çəkərlərmiş. Rəvayətlərə görə, kəndə qonaq gəlmiş bir Şeyxə əhali susuzluqdan əziyyət çəkdiklərini söyləyiblər. Bu Şeyx həmin Qarabulağın olduğu yerə əsasını möhkəm vuraraq “buyurun, bu da sizə su” deyib. Onun əsasını vurduğu yerdən su fışqırmağa başlayıb. Elə həmin gündən həmin yerdə kiçik su gölməçəsi yaranıb. Bu gölməçəyə başqa yerdən su gəlib tökülmür və onun suyu başqa yerə axmır. Amma bolluca yağışlar yağanda belə bu bulağın suyu çoxalmır, yayada havalar isti olanda da suyu azalmır” – deyə kənd ağsaqqalı bildirir.

Kənd sakininin sözlərinə görə bu bulağın suyundan insanlar bəzi xəstəliklərdə məlhəm kimi istifadə ediblər: “Dərisində yarası olanlar həmin sudan yaraya sürtürlər, yara sağalır. Göz xəstəliklərində də ondan istifadə olunur. Adamlar gözə sürtəndə bu suyun gözə işıq gətirdiyinə inanırlar.” İnsanlar bu sudan içməli su kimi də istifadə edirlər. Amma onu təbii yolla başqa yerə aparmaq çətindir. İ.Abdullayev bu barədə danışır: “Bir ili quraqlıq olub. Əkin sahələri susuzluqdan alışıb yanırmış. Əhali istəyib ki, əkin sahələrini suvarmaq üçün bu bulaqdan istifadə etsinlər. Kolxozçular ekskavatorla gölməçənin yanına kimi arx qazıblar. Gölməçəyə yaxınlaşdıqda isə suyun birdən — birə yoxa çıxdığını görüblər. Günah işlədiklərini başa düşən əhali həmin arxı doldurmağa qərar veriblər. Su yenidən öz qaydası ilə qaynamağa başlayıb. O vaxtdan heç kəs bu su ilə bağlı başqa fikrə düşməyə cəsarət eləməyib. Biz də uşaqlıqdan onun müqəddəs olduğuna inanmışıq və onu qorumağı özümüzə borc bilmişik”.
Qarabulağın suyu o qədər məhşur olub ki, Azərbaycanın digər rayonlarından, eləcə də Gürcüstandan, Rusiyadan gəlib bu sudan “məlhəm” kimi istifadə ediblər, onun yerləşdiyi yerə nəzir deyib, qurban kəsiblər. Nə qədər adam bu bulağın arzuları yerinə yetirdiyinə inanıb.

İ.Abdullayev deyir ki, övladı olmayan gənc ailələri bu ziyarətgaha gətirirlər. “Suyun yanındakı nadir ağac sayılan dağdağanın toxumları bura tökülür. Adamlar ürəyində arzu tutub, əlini uzadaraq gözüyumulu həmin ərazidən bir ovuc qarışıq götürürlər. Əgər əllərinə dağdağan gəlirsə, bu, həmin adamların övladının olacağına işarədir.” – deyə kənd sakini bildirir. Onun sözlərinə görə, insanların inanaraq niyyət etdiyi bu ziyarətgahda möcüzələr çox olub. “Hətta güclü külək əsəndə belə yaxınlıqdakı ağaclardan bu suyun üzərinə qırılmış budaqlar və yarpaq düşmür. Bunun özü də bir möcuzədir. Sanki bu suyu fövqəlqüvvə özü qoruyur” — deyə Abdullayev bildirir. Qarabulaq tarixi abidə kimi dövlət tərəfindən qorunub saxlanılır. (Sputnik)

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın