Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Bizi niyə cəzalandırıb və niyə bağışlayırlar?

Bizi niyə cəzalandırıb və niyə bağışlayırlar?

Taleh Qasımzadə, 

Müsavat Partiyasının Almaniyada mühacirətdə olan üzvü

Afrikada filləri əhilləşdirmək üçün qəribə metoddan istifadə ediblər. Yerli əhali öncə hər yerlərini ağ parça ilə örtərək heyvanları dərin quyuya salıb o ki var döyər, sonra ağ parçaları kənara atıb təbii görkəmlərində quyuya yaxınlaşıb filləri xilas edərlərmiş. Ondan sonra xortumlular qaradərili adamları xilaskar sayıb  onların əmrlərinə tabe olublar. 

Bunu təsadüfən xatırlatmadım.

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə 137 məhbusun vaxtından əvvəl azadlığa buraxılmasına dair əfv sərəncamı imzalayıb. Azad olunanların sırasında tanınmış məhbuslar az deyil.

“İnsan hüquqları” klubunun rəhbəri Rəsul Cəfərov, jurnalist Pərviz Həşimli, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı, Müsavat Partiyası başqanın müavinləri Tofiq Yaqublu və Yadigar Sadıqov, müsavatçı gənc Sirac Kərimli, NİDA-nın üzvləri Məmməd Əzizov, Rəşadət Axundov, Rəşad Həsənov, Ömər Məmmədov, Prezident Administrasiyasının işlər idarəsinin keçmiş rəhbəri Akif Muradverdiyev, hüquq müdafiəçisi Hilal Məmmədov, Taleh Xasməmmədov, “Demokratiyanın Tədrisi Mərkəzi”nin həmtəsisçisi və sədri Anar Məmmədli həbsdən azad edilənlər sırasındadır. Son illər ilk dəfədir ki, prezident bunca siyasi məhbusu birdən azadlığa buraxılır. 

Arzu edərdik ki, tanınmış hüquqşünas İntiqam Əliyev, politoloq İlqar Məmmədli, AXCP üzvləri Seymur Həzi, Asif Yusifli, Fuad Qəhrəmanlı və digər siyasi məhbuslar da azadlığa buraxılaydılar. 

Bütün hallarda prezidentin bu sərəncamı təqdir olunmalıdır.

Azadlığa çıxmaqdan gözəl nə ola bilər.

Hər bir normal insan bu sərəncama, daha doğrusu insanların ailələrinə qovuşmalarına sevinməlidir. Amma buna görə sərəncamı imzalayan şəxsin, onu icra edən hökumətin şəninə təriflər yağdırmaq, ləbbeyk demək ictimai düşüncəni azdırmaqdır.

Nəzərə almaq lazımdır ki, 1993-cü ildən sonra Azərbaycan həbsxanaları bir gün də olsa siyasi məhbussuz qalmayıb.

Siyasi məhbus problemi nədən yaranır və nədən xəbər verir? Əsas səbəb hakimiyyətin mahiyyətində, onun avtoritarizmə meyl etməsindədir. Tənqidə, müxalif fikirə qarşı dözümsüzlük, mətbuat, söz və ifadə, sərbəst toplaşmaq kimi fundamental azadlıqların pozulması ilə müşaiyyət olunur. Azadlığa qovuşmalarına sevindiyimiz şəxslər də məhz bu hüquqlarından istifadə etdikləri üçün həbs edilmişdilər. Məgər, hər kəs onların həbsinin sifarişli, qanunsuz olduğunu bilmirdimi? Bilirdiksə, nə üçün onların azadlığa buraxılmasına görə kimlərəsə sağ ol deməliyik? 

Ən əsası heç kəs təminat vermir ki, bu gündən sonra insanlar siyasi fəaliyyətlərinə görə həbs edilməyəcəklər. Sabah yenə də fəalları günahsız yerə həbs edib sonra bağışlamaqla ictimaiyyətin “təşəkkürü”nü qazanacaqlar. Bu cür qərarlardan sonra çoxları düşünür ki, hakimiyyətdə yumuşalma var, demokratiyaya, insan haqlarına dəyər verməyə başlayıblar. Gəlin özümüzü aldatmayaq. Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycan həbsxanaları bir gün də olsun siyasi məhbussuz qalmayıb. Deməli, arzuolunmaz adət davam edəcək.

Bizə pislik edən şəxslərin sonradan maskalanaraq etdikləri “yaxşılıq”lara inanmayaq. Unutmayaq, bizə “yaxşılıq” edənlər, bizi “bağışlayanlar” elə bizi günahsız yerə cəzalandıranlardır. 

Nə etməli?

Biz ölkədə normal hakimiyyət, sivil cəmiyyət qurmaq yolunda mübarizəmizi davam etdirməliyik. Bunun üçün hər kəsin Azərbaycanda demokratuya uğurunda mübarizə aparan insanlara dəstək verməsi lazımdır.

mia.az

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın