Ana səhifə / Şou Biznes / “Bizi günahlandırmaq doğru deyil” – Məleykə Abbaszadə

“Bizi günahlandırmaq doğru deyil” – Məleykə Abbaszadə

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəaliyyəti dövründə komissiyaya hər il dövlət tərəfindən 7 milyon manata yaxın vəsait ayrılırdı. Bunun 5 milyona qədəri imtahanların keçirilməsi üçün idi.

Bunu Dövlət İmtahan Mərkəzinin direktoru Məleykə Abbaszadə qəbul imtahanlarının ödənişli olacağı haqda sualı cavablandırarkən deyib. O bildirib ki, yeni yaradılmış Dövlət İmtahan Mərkəzi büdcədən maliyyələşdirilməyəcək.

“Bizə sifariş verən tərəf ödəniş etməlidir. Hər bir abituriyentə 25 manat pul xərclənirdi. Bu pulu dövlət ödədiyindən normal qəbul edilirdi. Lakin imtahana gəlməyib məsuliyyətsizlik edənlər olurdu. Sınaq imtahanlarına görə isə 3 manat ödəniş edilirdi. Lakin həmin sınaq imtahanlarına da hər abituriyent üçün 25 manat xərclənirdi. Regionlarda sınaq imtahanlarının təşkili daha çox xərc tələb edirdi. Sınaq imtahanlarına qeydiyyatdan keçib gəlməyənlər çox olurdu. Eləcə də, bugünkü imtahanda 715 nəfər buraxılış fərəqəsini götürməyib. Bundan əlavə imtahana gəlməyənlər də olacaq”.

M.Abbaszadə bildirib ki, buraxılış imtahanları ödənişsiz həyata keçiriləcək: “Digər imtahanlara çəkilən xərci dövlət ayıracaq, ya yox, bunu bilmirik. Bu imtahanları dövlət sifariş verməsə, ödənişli ola bilər. Həmin imtahanlarda iştirak vacib deyil. Bizim üçün fərqi yoxdur ki, ödənişi kim edəcək. Biz sifariş qəbul edirik. Əslində imtahanlar üçün müəyyən etdiyimiz vəsait digər ölkələrdən çox aşağıdır”.

DİM rəhbəri onu da vurğulayıb ki, qəbul imtahanlarının ödənişli olması ilə bağı Tarif Şurasına müraciət ediləcək: “Hansı qərarın qəbul ediləcəyi bizdən asılı deyil. Külək əsdiyinə görə, bizi günahlandırmaq doğru deyil. Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının əməkdaşları dövlət qulluğuna qəbul olunmuş şəxslərdir. Dövlət İmtahan Mərkəzi yeni yaranmış qurumdur və büdcə müəyyən edilməyib. Artıq həmin işçilərin maaşı yenidən müəyyən ediləcək. Biz həmin mütəxəssisləri itirmək istəmirik. Onların maaşlarını təmin etməliyik”.

M.Abbaszadə imtahanların ödənişli olmasının qəbul imtahanlarında iştirak edəcək şəxslərin sayına təsir etməyəcəyini vurğulayıb: “Ödəniş imtahanın növündən asılı olaraq dəyişəcək. Məsələn, rezidentura imtahanına əlavə professor və müəllim heyəti cəlb olunur. Ekspertlər səhər saat 08:00-dan imtahana gəlirlər. Biz istəyirik ki, həmin şəxslər ədaləti təmin etsinlər. Ədaləti təmin etmək üçün onlar maaş almalıdırlar. Ödənişli təhsilin pulunu verə bilən valideyn, yəqin həmin imtahanın da pulunu verəcək”.

Həmçinin oxuyun

Əməkdar artist toyda aş gətirmək üçün 10 min dollar tələb edib

Ötən gün Azad Azərbaycan Telelviziyasında (ATV) yeni şou veriliş başlayıb. “Üçümüz” adlanan verilişin ilk qonağı …

Bir cavab yazın