Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Şou Biznes / “Bir gün çəkilməyə görə 500 manat alıram” – Arif Quliyev

“Bir gün çəkilməyə görə 500 manat alıram” – Arif Quliyev

Kommersiya filmlərində oynamamağımın xüsusi bir səbəbi yoxdur. Bilirsiniz ki, o tip filmlər çəkildiyi zaman hər kəsin öz komandası olur. Düzdür, əvvəllər bu proses başqa idi. Ancaq hazırda hər şey dəyişib. Belə ki, indi beş nəfər yığılıb tanıdıqları insanları çəkir. Bunun özü də yaxşı bir şeydir. Hesab edirəm ki, komediya filmi olsa, məni də dəvət edərlər.

Bunu Oxu.Az-a müsahibəsində Xalq artisti Arif Quliyev deyib.

“Komediya seriallarından dəvət gələndə qəbul edirəm. Amma hələlik təkliflər yoxdur. Sonuncu dəfə 2014-cü ildə dövlətin çəkdiyi “Axırıncı dayanacaq” filmində oynamışam. Hazırda iki film təklifi gəlib. Birinin ssenarisi hazırdır. Hələlik təklifləri dəyərləndirirəm. Ssenari yaxşı olsa, qəbul edəcəyəm.

İndiyə kimi 10-15 özəl filmdə çəkilmişəm. Verilən qonorarlar da məni qane edir. Bir gün çəkilməyimə görə 500 manat alıram. Məsələn, son oynadığım serialda günə 100 manat alırdım. Bu normaldır”.

“Teatrlara gedən tamaşaçıların sayında azalma səbəbi nədir?” sualına Arif Quliyev bu barədə deyilənlərlə razılaşmadığını qeyd edib:

“Onu deyənlər öncə teatrlara gedib baxsın. İnanın ki, teatrlara getsələr, o sözləri deməzlər. Məsələn, bu yaxınlarda bir tamaşaya baxmağa getdim. İnanın ki, zal dolu idi. Bəzən görmədikləri bir şey haqqında fikir bildirirlər. Bu, düzgün deyil”, – deyə Xalq artisti əlavə edib.

“Gənc aktyorların daha çox seriallara üstünlük verməsi nə ilə bağlıdır?” sualına “Əlavə iş kimi bunu etmələrində qəbahətli bir şey görmürəm. Teatrlarda hər şey yaxşıdır. Sadəcə aktyorlar seriallarda da oynayırlar. Boş vaxtlarında bunu etmələri heç də pis deyil. Onlar işdən qaçmırlar. Əsas baza və məktəb teatrdır.

Bəzən deyirlər ki, aktyor teatrda işləyirsə, həmişəlik elə orada da qalmalıdır. Əsla, bu belə olmamalıdır. Aktyor işsiz dayana bilməz. O, teatrda, kinoda, seriallarda, tədbirlərdə, televiziyalarda iştirak etməlidir. Aktyor paslana bilməz, daim axtarışda və üzdə olmalıdır”, – deyə cavab verib.

“İndiki komediya filmlərini bəyənirsiniz?” sualına aktyor həm komediya aktyorlarını, həm də filmlərini bəyəndiyini deyib:

“Bir söz var, “dama-dama göl olar”. Mən də birdən-birə Arif Quliyev olmamışam. Əziyyət çəkdikdən sonra bu səviyyə gəlib çatmışam. Hər aktyorun arzusu məşhur olub sevilməkdir. Sevilmək Allaha bağlıdır.

Gündəmə öz şəxsi həyatları ilə gələnlər özləri bilər. Bəzən bu, rejissordan asılıdır. Aktyora nə deyilirsə, onu da edir. Çox vaxt isə özlərinin xoşuna gəldiyi üçün bunu edirlər. Demokratiyada hər şey labüddur.

Məsələn, mən bir maşını 20 il sürmək, 45 il bir evdə yaşamaq istəyirəm. Amma başqası hər il maşını dəyişib, villa və ya bağ evinin olmasını istəyir. Ancaq mənim bağ evim yoxdur. Heç o barədə fikirləşmirəm.

Ümumiyyətlə, hər kəs məşhur olmaq istəyir. Amma hərənin öz tamaşaçısı var. Məsələn, Rasim Balayevin, Nəsibə Zeynalovanın, Zeynəb Xanlarovanın, Afaq Bəşirqızının öz zirvəsi var. Bu həyatda nəsə gözləmədən həmişə hər şey özü gəlib məni tapıb”.

“Son vaxtlar həmkarlarınızın estetik əməliyyatlar etdirməsinə münasibətiniz?” sualına cavab olaraq, aktyor yeniliyə yaxşı baxdığını deyib:

“Etdirdikləri yeri bilmirəm. Yoxsa gedib mən də elətdirərdim (gülür). İnsan olduğu kimi görünməli, göründüyü kimi olmalıdır. Yunan filosofu Heraklit deyib: “Hər şey təmizlənib, hər şey inkişaf edir”. Onlar da xaricdə bu prosesləri görüb dəyişmək, gözəlləşmək istəyirlər. Bu, təbii bir şeydir”.

Həmçinin oxuyun

Nigar Camal Solovyovun doğum gününü təbrik etdi

“Eurovision” 2011 qalibimiz Nigar Camal ermənipərəst rus aparıcı Vladimir Solovyovun doğum gününü təbrik edib. Yenisabah.az xəbər …