Çərşənbə , İyul 17 2019
Ana səhifə / Şou Biznes / Belə də olur: hamilə qadın onu öldürmək istəyən ərini bağışladı

Belə də olur: hamilə qadın onu öldürmək istəyən ərini bağışladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməyə cəhddə ittiham olunan Məhəmməd Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi məlumata görə, prosesə hakim Səbuhi Hüseynov sədrlik edib.. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Məhəmməd Əliyev 16 aprel, 2015-ci ildə qeyri-rəsmi həyat yoldaşı Ayşən Gülüşova ilə barışmaq üçün baldızının yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Tağıyev küçəsindəki mənzilinə gedib.

Ər-arvad arasında yaranan münaqişə qansız ötüşməyib. A.Gülüşova onunla barışmayacağını bildirdikdə Məhəmməd bıçağa əl atıb. O, cibindən çıxardığı bıçaqla hamilə arvadının baş-boyun nahiyəsinə ardıcıl zərbələr endirib.

Hadisə A.Gülüşovanın  8 yaşlı bacısı oğlunun gözləri önündə baş verib. Vurduğu zərbələrin təsirindən arvadının öldüyünü zənn edən Məhəmməd Əliyev daha sonra əlindəki bıçaqla özünə xəsarət yetirib. Səs-küyə gələn qonşular hər iki yaralını 3 saylı şəhər klinik xəstəxanasına çatdırıblar.

Həkimlərin səyi nəticəsində Ayşən Gülüşovanın həyatını xilas etmək mümkün olub.

Təqsirləndirilən şəxs qismində dindirilən Məhəmməd Əliyev ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində Ayşəni öldürmək niyyətində olmadığını göstərib: “Ayşənlə küsülü idik. Evdən küsüb getmişdi, bacısının evində qalırdı. Barışmaq istəyirdim. Həmin gün də baldızımgilin evinə məhz bu məqsədlə gəlmişdim. Onu qorxutmaq istəmişəm, öldürmək yox.”

Zərərçəkmiş şəxs qismində dindirilən Ayşən Gülüşova həyat yoldaşından şikayətçi olmadığını dedi: “2014-cü ilin oktyabr ayında toyumuz olub, rəsmi nikahımız yoxdur. Üç ay olardı ki, ayrılmışdıq. Məhəmməd arabir gəlir, barışmaq istədiyini deyirdi, mən razı olmurdum. Çünki işləmirdi, qısqanc idi, mənə göz verib işıq vermirdi.

Hadisə baş verən gün bacımın oğlu da yanımda idi. Məhəmməd yenə barışmaq üçün gəlmişdi. Ona “çıx get burdan, onsuz da barışmayacağam” dedim. Bu vaxt cibindən bıçaq çıxartdı, üzümə, boynuma bıçaq atdı. Qanı görüb özünü itirdi. Məhəmmədin məni öldürmək niyyəti olmayıb, qorxutmaq istəyib”.

Zərərçəkmiş A.Gülüşova istintaqa verdiyi ifadəsində Məhəmmədin onu öldürmək istədiyini, başını kəsməsinə imkan vermədiyini, özünü ölülüyə vurduğuna görə sonuncunun onu ölmüş bilib uzaqlaşdığını göstərib: “Həmin vaxt həyəcanlı olmuşam, Məhəmmədə qarşı qəzəbli və əsəbi idim. Ona görə elə ifadə vermişəm. O, mənim övladımın atasıdır. İstintaqa verdiyim ifadəni təsdiq etmirəm”.

Zərərçəkmiş barışıq ərizəsi yazaraq məhkəməyə təqdim etdi.

Həmçinin oxuyun

“Şəbnəm Tapdıq mənə deyir ki, adını ya Şəbnur, ya da Şəbtac qoy” – Şəbnəm Tovuzlu

“Şəbnəm Tapdıq mənə deyir ki, adını ya Şəbnur, ya da Şəbtac qoy”. Mia.az xəbər verir ki, …

Bir cavab yazın