Ana səhifə / Şou Biznes / Bayraq Meydanının sabiq rəhbəri Bakı sakinini evsiz qoyub – FOTOLAR

Bayraq Meydanının sabiq rəhbəri Bakı sakinini evsiz qoyub – FOTOLAR

İslam Abbasov: “Qanuni evimi söküb, kompensasiya da vermədilər…”

Bakı sakini İslam Aslan Abbasov oğlu, Xətai Rayon İcra Hakimiyyətindən şikayətçidir. Şikayətçi bildirir ki, icra nümayəndələri başda olmaqla bir qrup məmur, onun qanuni evini sökərək lazımı kompensasiyanı ödəməyiblər. O, müxtəlif instansiyalardan cavab ala bilmədiyi üçün “Yeni Müsavat” qəzetinə müraciət etmək zorunda qaldığını bildirib.
Şikayətçi başına gələnləri belə nəql edib: “27 mart 2015-ci il tarixində Xətai Rayon İcra hakimiyyətinin nümayəndələri Yusif Səfərov küçəsində parkın davamının tikintisi adı ilə mənim Sabit Orucov küçəsindəki ümumi sahəsi 150 kvadrat metr olan tam təmirli 5 otaqlı mənzilimizi ailə üzvlərimin gözü qarşısında traktorla uçurdular. Bundan öncə isə heç bir sənəd təqdim etmədən kommunal xətlərimizi kəsmişdilər. Xətai rayon icra nümayəndələri dedilər ki, evdən çıxsanız da, çıxmasanız da sökəcəyik. Beləliklə, evimizi söküb həmin ərazini hasara aldılar. Mənzili sökən zaman əşyalarımıza da xeyli zərər dəydi. Manatın son devalivasiyasından qabaq sökülən daşınmaz əmlakımın qiymətləndirməsini çıxarmışam və bütün sənədlər də əlimdədir. Qiymətləndirməyə görə, mənzilin maddi dəyəri 240 min 100 manat  olduğu halda, icra hakimiyyəti mənə 140 min 100  manat konpensasiya təklif edir. Deyirdilər ki, sökülən ərazi parka qatılacaq. Bəs nə üçün əlavə olunmayıb?”
Şikayətçi iddia edir ki, onların mənzilinin olduğu ərazini hazırda barəsində həbs-qətimkan tədbiri seçilən Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov alıb: “Pulu buraxan “Azimport”un rəhbəri Rəşad Məmmədov olub. Baş verənlər Rəşadın şirkətinin işləridir. Ancaq güc kimi də Xətai Rayon İcra Hakimiyyətindən istifadə ediblər. Ərazidə evləri sökdülər, hasarlama apardılar. Sonra Rəşad saxlanıldı, indinin özündə də orada heç bir tikili inşa edilməyib. Elə hasarın içərisində qalıb. Orada mən iki uşağım, yoldaşımla birgə 10 il idi ki, yaşayırdım. Bütün sənədlərim də yerində olub. Onu da deyim ki, evi sökən zaman sarsıntı yaşayan bütün ailə üzvlərimin halı pisləşdi. Bu səbəbdən təcili yardım da çağırdıq. Əlimdə bunu da təsdiqləyən sənədlər var. Qısası, faciə yaşadıq. Gəlib  qeyri-iş günü evimizi sökdülər və kənarda qalmam üçün də cəmi 3 ay kirayə haqqı verdilər. Sonra isə bunu da verməkdən imtina etdilər. Məsələ ilə bağlı lazımı instansiyalara müraciət etsəm də, problemin həlli istiqamətində heç bir müsbət addım atılmayıb”.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışdıq. İcra başçısının birinci müavini Rafiq Quliyevlə dəfələrlə telefon əlaqəsi qurmağa çalışasaq da, o zənglərimizə cavab vermədi.
P.S. Qarşı tərəfin də mövqeyini dərc edə bilərik. 
Musavat.com





Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın