Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Bakıya gönderilen 18 milyardın mistik taleyi – Hemid Herisçinin daha bir ses-küylü araşdırması

Bakıya gönderilen 18 milyardın mistik taleyi – Hemid Herisçinin daha bir ses-küylü araşdırması

Sasani hökmdarı Xosrov Pərvizin, deyilənlərə inansaq, yüz xəzinəsi varmış. Bunlardan səkkizindən o, guya heç vaxt ayrılmazmış. Niyə? Bunun sirrini, darıxmayın, sizə söhbətimizin lap axırında açıb deyərik. Hələlik həmin bu səkkiz xəzinənin salnamələrdəki nadir təsvirləriylə tanış olaq:
1. Gəlin xəzinəsi ( 7 ildən bir Hind, Çin hökmdarları Xosrov Pərvizə bac-xərac göndərər, üzərinə bir kəniz əlavə edərmişlər. Nizaminin “Yeddi gözəl”i məhz həmin mövzudan qaynaqlanır).
2. Küləyin gətirdiyi xəzinə (   Xosrov Pərviz, 616-cı ildə Misirin İskəndəriyyə şəhərini fəth edərkən, Bizans əskərləri burdakı xəzinəni götürüb yükləyirlər gəmiyə. Ancaq əsən səmt küləyi bu gəmini götürüb gətirir sahildəki Xosrov qoşunlarının düz hüzuruna).
3. Xosrovun zərli paltar xəzinəsi.
4. Xosrovun tapdığı əfsanəvi Əfrasiyaba aid xəzinə.
5. Yanan xəzinə (tərkibindəki parlaq daş-qaşlara görə belə adlanırmış).
6. Öküz xəzinəsi ( şum zamanı öküzün tapdığı yüz küp qızıl, ləl-cəvahirat).
7. Gizli xəzinə ( yalnız şahın özünə məxsus xəzinə).
8. Daşları qırmızı yaqut, zümrüddən ibarət şahmat taxtası və nərdtaxta.
***
Xəzinə ovçularının yuxusuna yüz illər boyu haram qatmış bu xəzinələri əlinə külüng götürüb hələ də axtaranlar var. Gecəykən Şəki, Şirvan, Lənkəran tərəflərdə bir gəzişin, dağlarda yanan uzaq məşəllərə, tonqallara bir fikir verin, görəcəksiz ki, həəə…xəzinə ovçuları bir an belə dinc durmur bu bədbəxt ölkədə. Gecəni-gündüzə qatıb qədim abidələrin ya ətrafını qazırlar, ya əsas özülünü. Bir köpəkoğlu da yoxdur desin bu gədələrə ki, ay balam, bəsdir qədim abidələri dağıdıb sökdüyünüz.
Ancaq Azərbaycanda xəzinə mövzusu təkcə elə qədim dövrlərlə bağlı deyil. Müasir dövrə aid bir neçə müdhiş, misilsiz xəzinə də mövcuddur ölkəmizdə. Belə xəzinələrin biri yaxın günlərə qədər Binə hava alanında, anqarların birində qalıb öz sahibini səbirsizliklə gözləyirmiş. İlk dəfə həmin xəzinə barədə müdhiş nəlumatları aşkarlayıb mətbuata ötürən kəsi indi bütün ölkə tanıyır. Əvvəllər Xüsusi İdarərədə çalışmış bu şəxsin çiyinlərindəki poqonlarda polkovnik ulduzları parıldayır. Həmin bax bu şəxs- Tofiq Rəcəbov, son zamanlar dinc durmur. Yerli mətbuata maraqlı, inanılmaz məlumatlar ötürür. İddia edir ki, Heydər Əliyev adına Binə hava limanı ərazisində son zamana qədər  18 milliard avro pul sahibsiz qalıbmış. Ağlasığmaz xəzinə, guya bir xarici təyyarənin içindəymiş. Guya xarici şər qüvvələr, bizim bəzi oliqarxlarla bu pul ətrafında sıx birləşib ölkədə inqilab etməli, hakimiyyəti devirməliymişlər. Tofiq bəyin bütün bu mülahizələrini bomboş şaiyə, yalan da saymaq olardı, bəli, əgər ortada bəzi çox mühüm sənədlər olmasaydı. Mətbuatda artıq işıq üzü görmüş həmin sənədlərdə göstərilir ki, bəli, 6 fevral 2012-ci il tarixində gecə yarısı Bakının Binə hava limanı ərazisinə qəribə bir yük təyyarəsi enir. Görünür elə belə enmir. Hansısa bir razılaşma, sövdələşmə çərçivəsində Bakıya gəlib burda öz sahiblərini gözləyir. Yükün sənədləriylə elə ilk tanışlıq bəs edir ki, adamın gözləri çıxsın kəlləsinə. Təyyarənin sirli yükü, inanın, Xosrov Pərvizin o səkkiz xəzinəsinə barəbərmiş. Sənədlərdə göstərilir ki, şah xəzinələrinə layiq bu dəyərli yük Almaniyanın “Deutsche Bank”ından Azərbaycana göndərilibmiş. Tərkibində 168 palet-yəni xüsusi qutu olan bu təyyarə, Frankfurt-Mayn şəhərindəki aeroportdan uçub gəlibmiş bizim yazıq Bakıya. Paletlərin hər biri elə bil qızıldanmış- hər birinin içində 100 milyon avro pul varmış. 168 paletdəki həmin pulu bir yerə yığsaq, ortada ağlasığmaz bir məbləğ- 18 milyard avro pul kütləsi yaranar, hə, ay mənim kasıb bacı-qardaşlarım. Bu isə elə belə məbləğ deyil, inanın…
Bakıya gətirilmiş bu nəhəng nəqd pul kütləsi barədəki mühüm sənədə indi gəlin bir də diqqətlə baxaq. Sənədi, Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyev, onun müavini Rəşid Qasımov imzalayıb. Yəni, biz bu nağd pulu götürüb öz bankımıza mədaxil etdik. Gülməlidir, elə deyilmi? Sənədi bir də götürüb diqqətlə nəzərdən keçirirəm. Aşağıdakı digər isimlər fikrimi özünə cəzb edib, bir də sakit buraxmır məni. Zərrəbini götürüb həmin sətirləri bir də oxuyuram- “Mister Seyid Saleh Hüseyni oğlu Seyid Əbdülhəsən. Passport nömrəsi B 19424909”…
Hə…bu günün Xosrov Pərvizi, xəzinə sahibi görünür məhz bu müəmmalı İran vətandaşı olub. Yük onun adına Almaniyadan Bakıya gəlibmiş. Həmin Seyid Əbdülhüseynin icazəsi, imzası olmadan bu nəhəng nağd pul kütləsini nə Cahangir Hacıyev özünə götürə bilərdi, nə müavini Rəçad Qasımov. Sadə camaat billməsə də, mütəxəssislər yaxşı bilir- böyük pullar öz sahibini dəyişərkən bu vaxt təkcə pasportlarla kifayətlənmirlər. Pula iddialı şəxsdən xüsusi bir telefon nomrəsi, kod kəlmə də tələb edirlər.
Təhvil-təslim zamanı bütün bu incəliklər axıracan gözlənilmişdimi görəsən? Yoooxxxxsaaaaa…
Nəysə…mövzunun mətbuata təqdimatı azca şübhəli göründü mənə. Qəhvəni qəhvə ardıca götürüb içdim ki, beynim bir az da açılsın özüyçün. Baxıb görüm dünyanın digər ölkələrində, hava limanlarında oxşar hadisələr qeydə alınıbmı görəsən nə vaxtsa?
İçimdə səksəkəliydim. Qorxurdum araşdırmalarım zamanı kor dalanlara dirənib qalım. Lakin, tezliklə Moskvadan aldığım müsbət cavab əhvalımı dəyişdi. Bəlli oldu ki, pulla dolu oxşar müəmmalı təyyarələr təkcə Bakıda deyil,  Moskva, Qazaxstan, Özbəkistan, Türkiyyə və s.i. ölkələrin hava limanlarında da mövcuddu. Sənədləri də təxminən eynidir. Demək olar tam oxşardır.
Çiyinlərimi soyuq divarlara söykədim. Yaxşı-yaxşı dərindən düşünməyin deyəsən tam zamanı yetişmişdi mənimçün. Ovuclarımın içiylə yorğun alnımı təkrar-təkrar ovuşdurdum. Dəhlizdəki güzgüdə özümə xeyli baxdım, baxdım, baxdım…Bildim ki, xəzinə mövzusu adamı hara istəsə götürüb apara bilər. Daxili səsim mənə deyirdi ki, Bakıda axtardığım sualların cavabı, ipucu burda deyil, hardasa başqa uzaq yad ünvanlardadır. 18 milyardlıq xəzinənin sirrini Moskvada, Rusiya mətbuatında tapmaq qərarına gəlib, tez cumdum şəhərmizdəki aviakassaların birinə. Bilet satan gözəl qızla zarafat edə-edə sənədlərimi masa üzərinə tulladım. Sabahları axşam tərəfi Moskvada olmalıydım.
***
Moskvaya enincə özümü çox sakit apardım. Taksi sifariş verib, əl telefonumu açdım. Mövzu ətrafında mənlə danışmağa razılıq vermiş müəmmalı kəsin nömrəsini yığdım. Gözlədim bir ara. Dəstəyi çox gec qaldırdılar:
– Şükür, sevindim. Sağ-salamat gəlib yetişdizmi Moskvaya? “Ukrayna” otelinə gəlib oranın dəhlizlərində bir gəzişin. Sizi özümüz taparıq. Əlavə daha heç nə demirəm. Görüşənədək.
Taksiyə minərkən özümü xarici iş adamlarına oxşatdım. Sürücüylə yol boyu sıx ünsüyyətdən çəkindim. Verdiyi suallara çox qısa cavablar qaytarıb yazığı özümdən küsdürdüm. Mənə də elə bu lazım idi-pencərədən tanış Moskva mənzərələrini, abidələrini salamlayıb qayıtdım daxilimdəki şək-şübhələrə- “Hara gedirəm görəsən? Kimdi axı mənlə danışmaq istəyən bu naməlum şəxs?”
“Ukrayna” otelinin tanış qüllələrini çox-çox uzaqlardan seçib nəhayət rahat nəfəs almağa başladım. Hiss edirdim irəlidə məni çox maraqlı söhbətlər gözləyir.
***
Otelin birinci mərtəbəsində sırayla düzülmüş bahalı dükanlarda bir o qədər də müştəri yoxdu. Dəhlizləri bəzəyən bahalı xalçalar addım səslərini boğurdu deyə ətrafımda tam sakitlikdi. Otel işçilərindən biri bu vaxt utana-utana mənə yaxınlaşıb restorandakı tək müştərini göstərdi:
–  Sizi şam yeməyinə dəvət edirlər. Buyurun.
Bir neçə saniyədən sonra mən artıq masa arxasında əyləşib nimçəmdəki qızartma əti bıçaqla doğramağa çalışırdım. Səylərim uğurluydu. Bu, təzə tanışımın diqqətindən qaçmadı.
– Maşallah, restoran menyularından görürəm yaxşı baş açırsız.
– Kömək etsəz, inşallah, bizim hava limanındakı o müəmmalı puldan da baş açaram yəqin ki… – deyib, bıçağımı bir kənara qoydum. Baxışlarımı sancdım həmsöhbətimin dərin ala gözlərinə.
– Deyəsən bu müəmmalı yükün mənasını açmaq vaxtı indi tam yetişib. Pulun nakam müştəriləri sırasında kimlər olmadı…Mövzuyla əlaqədar müxtəlif qurumların nümayəndələriylə az görüş keçirmədim. Ancaq bu pullardan hələ də heç kim istifadə edə bilməyib. – Söhbətinin müqəddiməsini “O” çox təntənəli başladı deyəsən. Söhbətimizə qətiyyən mane olmurdum.
– Bilirsiz, 60-90-cı illərdə İran əvvəlcə İsraillə, sonra Amerikanın özüylə gizli neft alveri aparıb. Sonuncu İran şahı Məhəmmədrza, 60-cı illərdə İsraillə birgə “Asian Petrol” adlı tam məxfi müştərək şirkət qurur. İsrailin Qırmızı dəniz sahillərinfdəki Eylat limanından Aralıq dənizi sahillərindəki Aşkelon şəhərinədək neft borusu çəkilir. Sonra İsrail götürüb qonşuluğundakı Sues kanalını qapayır. Ərəblər öz neftlərini dünya bazarına çıxarmaqda çətinlik çəkməyə başlayırlar. İsraillə İran isə, keyf çəkirlər-başlayırlar “Asian petrol” vasitəsiylə qeydiyyatsız, sənədsiz İran neftini Eylatdan Aşkelona, oradan Avropa bazarlarına nəql etməyə. Elə bil göydəki pul kisəsinin ağzı açılır bu vaxt. İranla İsrail  dünyanın pulunu yığıb ağıllarını itirirlər. Başlayırlar daha Amerikanı saymamağa. Prezident Cimmi Karter bunu görüb əks hərəkətlərə əl atır. Kemp-Devid danışıqlarına start verir. Sues kanalını açaraq Eylat-Aşkelon neft kəmərini səmərəsiz edir. Son nəticədə İranla İsrailin neft pulları tükənir, şahənşah məmləkətində islam inqilabı sürətlənir.
Restoranın gur işiqları bu vaxt öləziyib zəiflədi. Ağır mahud pərdələr yuxarı qalxdı öz-özünə. Estrada səhnəsi üzərinə cizibədar, yarıçılpaq qadın qalxlb əlini atdı gümüşü rəngli mikrofona. Söhbətimizdə  kiçik fasiləyə ciddi ehtiyac yarandığını görüb, ikimiz də eyni anda bütün diqqətimizi müğənni qadına yönəltdik. Dinlədiyimiz zənci blüzü bir ara ikimizi də susdurdu.
Bir-iki dəqiqəlik musiqi fasiləsindən sonra söhbətimiz qayıtdı öz əvvəlki ritminə. “O” bahalı qədəhdəki al şərabdan ləzzət alıb sözünə davam etdi.
   –  Amerikanın növbəti respublikaçı rəhbərliyi bu gizli neft alverini bir başqa cür davam etdirir sonralar. Fəqət iranlıların nəğd pul tələbi işləri azca qəlizləşdirir. Amerikalılar bu vaxt oyunun şərtlərini dəyişirlər. Federal Rezerv Sisteminin iki məxfi əməkdaşı dollar çap edən dəzgahla birgə Tehrana gələrək İranın nağd pula təlabatını ödəməyə başlayırlar. Bir müddət həmin çap makinası İranda sürətlə işləyir. İranın atom projesi ortaya girincə əvvəlki qaydalar pozulur. Vaşinqton öz əməkdaşlarına əmr verir ki, bəs pul makinasını sökün, klişeləri məhv edin, özünüz də dönün geri. Küllü miqdarda çap edilmiş pul kütləsi isə ortada qalır. Sem əmi deyir ki, bəs bu pulların sıra nömrələri bəllidir. Cürətiniz varsa bu pul kütləsini tədavülə buraxın. Hamısını müsadirə edəcəyik.
Səhnədəki yarıçılpaq qadın bu vaxt ikimizə də müştəri gözüylə baxdı. Cavab gözlədi elə bil bizdən. Ancaq gözləntiləri əbəsdi. Bunun acısı, gördüm, ifa edilən blüzə də təsir etdi. Kədəri, qüsəsi artdı göz görə-görə elə bil ki, bu zənci mahnısının. Söhbətimiz özünün ən maraqlı məqamlarına gəlib çatdı.
–  İki il iranlılar susdular. 2000-ci illərin əvvəlində həyəcan zəngi çalıb Amerikadan satılmış neftə görə hesab sordular. Əslində, İranın atom dosyesi ətrafında gedən uzun müzakirələrdə həmişə bu nağd pul kütləsi də dartışdırılıb, biləsən. Söhbətə Rusiya, İtalya, Almaniya qoşulduqdan sonra, necə deyərlər tonnelin axırında işıq ucu göründü. Ölkələr qərara gəlirlər ki,  pul kütləsini Tehrandan Almaniyaya gətirsinlər. Orda bu pul kütləsi yenicə kəsilmiş 500 avroluq əskinazlarla əvəzlənir. Əməliyyatı həyata keçirən “Deutsche Bank” lap əclaflıq edir bu vaxt- qərar verir ki. bəs bu pullar 24 saat ərzində Almaniya ərazisindən çıxarılmalıdır. Bilirsən, dünyada böyük məbləğ nəğd pullları lazımı ünvanlara müşayət edəcək təkcə bir şirkət mövcuddu- “Brinks” şirkəri. Bax həmin şirkət İranın bu neft pullarını götürüb 27 ölkədəki müxtəlif ünvanlara gətirib çatdırır. O cümlədən Rusiyaya, Ukrayna, Qazaxstan, Azərbaycana. Həmin pullar indi də hava limanlarındakı tranzit ərazilərdə qalıb qorunur. Pulun bir qismi yerli bankların depozit hesablarındadır.
– Rusiyada da?
– Elədi ki, var. İstəyirsiz sizi sabah Şeremetyeva hava alanına gəzintiyə aparım. Pulların bir qismi-150 milyard avro, öz gözlərinizlə görəcəksiz, Rusiyada qalıb qorunur.
Sasani hökmdarı Xosrov Pərvizin səkkiz xəzinəsi vaxtiylə çoxlarına rahatlıq verməyib. İndi bu qədim mövzu azca müasirləşib. Cənub qonşumuz həmin pulları vətənə qaytarmaqdan ötrü dəridən-qabıqdan çıxır, müxtəlif qüvvələri araya qatır. Ancaq xəzinə vətəninə qayıtmır ki, qayıtmır.
Bunun səbəblərini biz Moskvanın bir başqa vacib ünvanında- Çeremetyevo hava alanında ayırd etməyə çalışdıq.
***
 Şeremetyevo hava alanı, al ulduzlu Moskvanın ən çox qorunan ünvanıdır desəm bəlkə də yanılmaram. Ancaq  sabahısı gün ora gəldikdə biz bunu əvvəlcə…bəli, əvvəlcə qətiyyən hiss etmədik. Mühafizəçilərlə qısa söhbətdən sonra qarşımızı kəsən dəmir darvazalar anında aralanıb bizi içəri buraxdı. Adını, rütbəsini deməyən bir nəfərin müşayəti ilə biz xeyli yol gedib axırda bir nəhəng anqarın qarşısında gəlib dayandıq.
–   Yadda saxla bu anqarı. Pulun 20 milyardı gördüyün qapıların arxasındadır. Bu da sənədləri.
Sənədlər, bəli, Bakıda gördüklərimizin eyniydi. Sənədlər deyirdi ki, bəs Moskvadakı pulların ixtiyarı Fərzin Koroorian Motlang adlı cənaba həvalə olunub. Bakıda isə bu pullar  ancaq və ancaq B 19424909 nömrəli İran pasportunun sahibi  Seyid Əbdülhəsən tərəfindən bir başqasına verilə bilərdi.
–  Yoxxx…üçüncü bir kəs də var bu sırada. Azərbayvanlıdır. Bakıdandı. Sovet vaxtları Azərbaycan SSR KQB-ində şöbə müdürü vəzifəsində çalışıb. Adını şərti olaraq Əli İsayev qoyaq bu müəmmalı şəxsin. İran hökuməti bu şəxsin adına xüsusi etibarnamə verməkdən belə çəkinməyib. “O” çox zəkalı birisidir-20 dildə danışır. 1953-cü il doğumlu bu şəxs 195371015882 saylı Rusiya pasportunun daşıyıcısı, “İnternational İnvestmend Danato Swiss AG” maliyyə şirkətinin sahibidir. Rusiyada o həm də “Respekt 2000” tikinti şirkətinin bossu kimi də tanınır.
Müasir dövrün Simsim mağarası önündə dayanmışdım elə bil ki…Sehirli lampa sahibi Əlləddindən bircə fərqim vardı indi- qarşımdakı yük anqarının kodunu bilmirdim. Qapı qarşısında bir az gəzişib sonra əl telefonumdan internetə Əli İsayev barədə sorğu göndərdim. Aldığım cavab məni lap çaşdırdı, vallah.
Kürəyimi anqarın…yox…müasir simsim mağarasına söykəyib bir də telefonumun ekranına baxdım. Gördüm yoxxxx…gözlərim məni aldatmır…Ekrana şah dövrü İranının rəmzi, məşhur “Şire-Xurşid” təsviri həkk olunmuşdu.
Bunun isə bircə yozumu vardı.
***
Belə çıxırdı ki, Xosrov Pərvizin bu müasir mirası uğrunda gedən döyüşlərdə hətta köhnə şah biznes-elitası da iştirakçı qüvvələrdən biriymiş…
Ağzımı açıb şübhələrimi deməyə moskvalı dostum imkan vermədi:
–   Aldanmayın, pulu götürmək elə də asan deyil. Sənədlərə bilə-bilə səhv rəqəmlər, kodlar yazılıb. Məqsəd də odur ki, qoy bu pullar hələ dünya bazarına çıxmasın. Taleyi göydən, müasir dünya siyasətindən asılı qalsın. Paletlərin hər birində məxfi siqnal mayakları mövcuddur. Palet yerindən tərpənincə bu barədə lazımı ünvanlara gizli siqnal ötürülür. Ötən illərin birində mən sizin həmyerliniz Əli İsayevlə İsveçrədəki “JBS” bankına getmişdim. Əli, əlindəki etibarnamə ilə bu bankdan 10 milyard 700 milyon pul götürməliydi. Arzumuz gözümüzdə qaldı. Bank sahibi mənə dedi: “İvan sən qəhvəni iç. Siz isə Əli bəy, tez buranı tərk edin- 5 dəqiqə sonra polis bura gəlib biləklərinizə qandal vuracaq.
***
Yaxşı, Moskvadakı sərgüzəştlərimizi burda bitirək. Qayıdaq doğma Bakımıza. Sual verək özümüzə. Bəs necə olub ki, 2012-ci ilin 9 fevralında bizim bankirlər Cahangir Hacıyev, Çingiz Əsadullayev bu kodları qırıb pulları öz bank hesablarına mədaxil etməyi bacarıblar? Necə olub ki, “JBS” bankın hesabına hər gün “Azəriqazbank”dan 50 milyon pul keçirilib?
Hə…bax burda necə deyərlər totbada pişik var. Daha doğrusu sirr var- son dövrdə Azərbaycanda baş verən bəzi hadisələrin sirri.
Nəticəm belədir.
İndi istintaqa ifadə verən bankirlərimiz görünür həmin 168 paletdəki 18 milyard nəğd pulu birtəhər götürüb mənimsəyiblər. Ancaq bilməyiblər ki, bəs bütün bu əməlləri İsveçrə polisi tərəfindən dinməzcə qeydə alınır. Lazımı məqam yetişəndə gizli əməliyyata start verilib. İsveçrəlilər sabiq nazir Eldar Mahmudovu bu işdə şübhəli bilib onunla təmasa keçməyiblər. Ölkəmizdəki daha sambalı qüvvələrlə əlaqiyə girib bizim “xəzinə ovçularını” sakitcə nəzarətə götürüblər.
Sonra isə ölkəmizdə məlum hadisələr, həbslər baş verib.
Ancaq bir başqa ehtimal da var bu barədə ürəyimdə. Deyirəm bəlkə…bəlkə bu pullar, bilməmişik,  o qədim Xosrov Pərviz xəzinələrindən biriymiş elə, hə? Bəlkə bu xəzinələr uğrunda döyüşlər, məcaralar hələ bitməyib heç?
Kim bilir? Bəlkə bu səkkiz xəzinə uğrunda amansız sərgüzəştlər hələ də davam edir?
Həmid Herisçi


Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın