Bazar , Noyabr 29 2020
Ana səhifə / Şou Biznes / Bakıdakı kimsəsiz yəhudi, xristian və müsəlmanların dəfn olunduğu ərazi niyə polis nəzarətindədir?- VİDEO

Bakıdakı kimsəsiz yəhudi, xristian və müsəlmanların dəfn olunduğu ərazi niyə polis nəzarətindədir?- VİDEO

Adından da göründüyü kimi, qocalar evində dünyasını dəyişənlərin, həbsxanada ölən qatı cinayətkarların, imtina edilmişlərin dəfn olunduğu yerdir “Kimsəsizlər qəbiristanlığı”… Burada dəfn olunanları ziyarətə gedənlər o qədər azdır ki, ünvanı  çətinliklə tapdıq.
Öyrəndik ki, kimsəsizlərin son mənzili Xocahəsən yolunun üzərində yerləşir. Qəbiristanlığa daxil olub, kimsəsizlər məzarlığının harada olmasını soruşduq. Qəbir daşları düzəltməklə məşğul olan şəxs tozlu əllərini üstünə çırpa-çırpa, qəribə baxışlarla bizi süzdü. Çox güman ki, kimsənin ayaq basmadığı bu məzarlığı axtarmağımız ona qəribə gəldi: “Bu yolla gedirsən, yolun qırağında görəcəksən. Bu mərmərlər bitəndə… Sol tərəfdədir”.
Qəbiristanlığın arası ilə 3-4 kilometr irəlilədikdən sonra dəbdəbəli məzarlar bitdi. Buranın kimsəsizlər qəbiristanlığı olduğunu təxmin edib ayaq saxladıq.
Üstündə taxta lövhələr, müxtəlif hərf birləşmələri yazılan, baş daşı olmayan məzarlar ucsuz-bucaqsız çöldə göz gəzdikcə uzanır. Ərazinin kimsəsizlər məzarlığını sübut edən hər hansı bir işarə yoxdur.
Əksər məzarların üzərində “NKM” və “NQM” yazılıb. Öyrəndik ki, bu yazıların mənası naməlum kişi meyiti və naməlum qadın meyiti deməkdir.
Qəbiristanlığın girişində, yerdə bir neçə taxta parçası üzərində nömrələnmiş, üzərində “Mayısov” yazılmış paslı dəmir lövhələrinə rast gəlirik. Bir qədər irəlilədikcə bu lövhələrin sayı çoxalır. Ətrafda yüzlərlə məzarlar var. Qarğaların səsindən qulaq tutulur. Hər tərəfi ot-alaq basıb. Bəzi qəbirlərin lövhəsində isə ad və soyad yazılıb. Lakin məzarlar baxımsızlıqdan bərbad vəziyyətə düşüb, qəbirlər çöküb, yerində oyuq yaranıb.
Xristian, yəhudi və müsəlmanlar bir yerdə…
Kimsəsizlər qəbiristanlığında dini ayrı-seçkiliyə yol verilməyib. Yəni xristian, yəhudi və müsəlmanlar eyni yerdə dəfn olunub. Məzarların üzərində dəmir xaçların çox olması bu qəbiristanlıqda xristianların daha çox olduğunu göstərir.  Ehram şəklində olan qəbir daşları isə burada yatanın yəhudi olduğuna işarədir. Bu məzar yeri yoxa çıxsa da, dəmirdən, daşdan ucaltdıqları abidələr buranın qəbir yeri olduğunu göstərir. Müsəlmanların dəfn olunduğu qəbirlərə baş daşı əvəzinə sadəcə taxta lövhələr qoyulduğundan, sonradan həmin taxtanın itməsi ilə məzar yeri də itir.
Kimsəsiz məzarlara qoyulan kiçik başdaşları torpağa qarışaraq  itib. Yalnız diqqətlə baxanda burada nə zamansa qəbir olduğu anlaşılır. Qəbirlərin üzərinə qoyulan lövhələr isə demək olar ki, itib. Məzarlar o qədər dayaz qazılıb ki, hətta heyvanlar meyitləri asanlıqla çıxara bilərlər. Ucsuz-bucaqsız və kimsənin olmadığı qəbiristanlıq insanı vahiməyə salır.
Kimsəsiz çinlinin məzarı…
İmkanlı şəxslərin qəbirlərinin olduğu məzarlıqla kimsəsizlər qəbiristanlığını kiçik bir yol ayırır. Kimsəsiz ölülərə baxanda adı, soyadı, bahalı başdaşı, ətrafında ziyarətçiləri olan ölülər şanslıdır deyə düşünürsən. Bəzi imkanlı insanlar var ki, qohumlarının məzarına qulluq etmək üçün xüsusi adam tutub və aylıq maaş ayırır. Qəbiristanlıqdakı belə işçilərdən biri ilə həmsöhbət olduq. Məlum oldu ki, o, hansısa generalın dünyadan köçmüş əzizlərinin qəbrinə nəzarət edir və aylıq maaş alır.
Həmsöhbətim kimsəsizlər qəbiristanlığı haqqında bizə məlumat verdi. Qəbiristanlığın nə zamandan salındığını bilməsə də, son vaxtlar kimsəsiz məzarların  sayının çoxaldığını dedi: “Bu məzarlıqda hər millətdən insan var. Xristianlar daha çoxdur. Kimsəsizlər qəbiristanlığı olsa da, bəzən ziyarətə gəlirlər. Digər millətlər bizim camaatdan daha çox canıyanandırlar. Bir dəfə bir çinlinin qəbir üstündə ağladığını gördüm. Düşüb bir-bir qəbirləri gəzib, deyəsən öz qohumunu, ya da dostunu axtarırdı. Tapa bilmədiyi üçün ağlayırdı. Heç bir nişanə qoymadan torpağa basdırmışdılar”.
 
Təbriz adlı həmsöhbətimiz  bildirdi ki, məzarların üzərində ad olmasa da, nömrə qeyd  olunur və həmin məzarın kimə məxsus olduğu bu cür müəyyənləşdirilir: “Hər məzarın üzərində lövhə olur və onun üzərində də nömrə qeyd olunur. Çinlinin lövhəsi itmişdi. Hələ məndən də kömək istədi. Onu birtəhər başa saldım ki, belə tapa bilməyəcəksən. Qəbiristanlığın girişində müdiriyyət əyləşir. Kimsəsizlər qəbiristanlığında dəfn olunanların siyahısı onda var. Orada məzarların hər birinin xüsusi kodu yazılıb. Bu kodları morqda verirlər. Yalnız onun vasitəsi ilə tapmaq olur. Çinlinin axtardığı məzarı bu yolla tapdıq. Çinlinin bu qədər qayğıkeş olması məni təəccübləndirdi. Sizi inandırım ki,  adam var illərlə əzizinin qəbri üstünə gəlmir. Baxırsan ki, minlərlə manat xərc çəkib, bahalı mərmər düzəltdirib, ancaq gəlib ziyarət etmir”.
Kimsəsizlər qəbiristanlığından ayrılarkən o məlum oldu ki, gözdən-qulaqdan kənar olan bu ərazi cinayətkarlar üçün də əlverişli görüş yeridir. Belə ki, qəbiristanlığın içərisində 3-4 nəfər olan avtomobil qarşımızı kəsdi. 
Gəlib bizdən avtomobildən düşməyimizi xahiş etdilər.  Özlərini Cinayət Axtarış İdarəsinin əməkdaşları kimi təqdim edən bu şəxslər kimsəsizlər məzarlığına nə məqsədlə gəldiyimizlə maraqlandılar. Onlar narkotik satışı həyata keçirdiyimizi düşünüblər. Yolu soruşduğumuz başqa bir avtomobili isə bizim “ortağımız” sanıblar. Avtomobilimizdə bir neçə dəqiqə axtarış apardıqdan, sənədlərimizi yoxladıqdan və uzun sorğu-sualdan sonra jurnalist olduğumuza inanmağa başladılar. Bildirdilər ki, ərazi şəhərdən kənarda yerləşdiyi üçün cinayətlərin baş verdiyi əsas yer hesab olunur.  Burada ən çox narkotik satışı həyata keçirilir. Bu səbəbdən də kimsəsizlər qəbiristanlığı hüquq-mühafizə orqanlarının ciddi nəzarəti altındadır…
 
Məğrur MƏRD
Fotolar müəllifindir








Həmçinin oxuyun

Ata yurdu işğaldan azad olunan sənətkar: “O torpağın üstündə iməkləyəcəyəm”

“Ağdama biz bir toplu formasında gedəcəyik. Mən də bir əsgər kimi gedəcəm ora. Allah qismət …

Bir cavab yazın