Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Şou Biznes / “Bakıda varlılar çox varlı, kasıblar çox kasıbdır, orta təbəqə yoxdur” – Lorenso

“Bakıda varlılar çox varlı, kasıblar çox kasıbdır, orta təbəqə yoxdur” – Lorenso

“Zirə”nin portuqaliyalı futbolçusu Migel Lorenso ölkəsinin mətbuatına müsahibə verib.
O, ölkəmizdə yaşamasından, bura gəlişindən danışıb.
Migel öncə Azərbaycana transferi haqqında fikirlərini bildirib: “Mənim Azərbaycana getmək variantım çoxdan var idi. Lakin Azərbaycan klubu ilə Portuqaliyanın “Setubal” klubu arasında danışıqlar yaxşı olmadı. Bir neçə həftə sonra isə müzakirələr yenidən başladı və hər şey ürəyimiz istəyən kimi baş verdi. Nəhayət Bakıya gəldim. Amma burada zədə aldım və üzüldüm. İndi hər şey qaydasındadır”.
Futbolçu ölkəmizə gəlməzdən öncə Azərbaycanın harada yerləşdiyini belə bilmədiyini deyib: “Azərbaycan haqqında heç nə bilmirdim. Ümumiyyətlə, belə ölkə tanımırdım. İnternetdə axtarış apardım və gördüm ki, asan olmayacaq. Mədəniyyət, yemək fərqlidir. Əvvəlcə Bakıda yalnız yaşayırdım. Sonra isə sevgilim yanıma gəldi. O özünə iş tapdı və burada qalır. Hər şey indi ürəyimizcədir”.
Lorenso Bakı haqqında fikirlərini də bölüşüb: “Bakı gözəl şəhərdir. İnkişaf etmiş paytaxtdır. Gözəl binalar və parklar mövcuddur. Lakin təzadlı şəhərdir. Çünki varlılar çox varlıdır, kasıblar isə çox kasıbdır. Orta təbəqədən insanlar yoxdur. Bu şəhərdə əla restoranlar var. Çoxlu toyuq yeyirlər. Bu da mənim üçün yaxşıdır. Rusdilli insanlar çoxluq təşkil etsə də, klubda tərcüməçimiz var”.
Portuqaliyalı oyunçu ilk dəfə Azərbaycana gələrkən müsəlman ölkəsi olduğuna görə narahatlıq keçirdiyini də etiraf edib: “İlk dəfə bura gələndə narahat idim. Çünki müsəlman ölkəsində oynayacaqdım. Düşünürdüm ki, qadınlara çoxlu məhdudiyyətlər qoyulub, azadlıq demək olar ki, yoxdur. Amma tamam fərqli şeylər gördüm. İnsanlar heç də ərəb ölkələrindəki kimi yaşamırlar. Lakin yenə də Portuqaliyaya nisbətən qapalıdırlar. Bu, normaldır”.
Lorenso həmyerlisi, “Kəpəz”də çıxış edən Serjio Koşta ilə münasibətlərinin yaxşı olduğunu dilə gətirib: “Bakıda səhərlər sevgilimlə gəzməyə çıxırıq, yemək yeyirik. Vaxt olanda bazarlığa gedirik. Planlarımız da hava şəraitinə görə dəyişir. Hava yaxşı olmayanda yatıram. Serjio Koşta ilə görüşürük. O, bizim dili bilir və birlikdə gəzirik”.
Migel Azərbaycan futbolunun inkişaf etmədiyini deyib: “Orada futbol çox fərqlidir. Taktiki və texniki cəhətdən Portuqaliyadan geri qalırlar. “Qarabağ” və “Qəbələ”ni çıxsaq, futtbol keçmişdə qalıb”.
Sonda futbolçu komanda yoldaşlarının namaz qılmasına toxunub: “İlk dəfə “Zirə”də çıxış edəndə hakim fasilə fitini verən kimi futbolçular hərəsi bir tərəfə qaçdı. Qayıdanda meydanda mən və yalnız əcnəbi futbolçular var idi. Çox qəribə idi. Sonra aydın oldu ki, onlar namaz qılmağa gediblər. Hər şey mənə yad gəlirdi. Çünki futbolda fasilə ikinci hissədəki strategiyanı müəyyənləşdirmək üçündür. İndi isə hər şey təbii gəlir”.(Qafqazinfo)

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın