Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / Bakıda salfet satan 10 yaşlı Fidan: ‘Təzə paltar istəyərdim, ayaqqabı da…’ – REPORTAJ

Bakıda salfet satan 10 yaşlı Fidan: ‘Təzə paltar istəyərdim, ayaqqabı da…’ – REPORTAJ

Bu dəfəki qəhrəmanımızın 10 yaşı var. Yaşının az olmağına baxmayaraq, balaca çiyinlərində bir ailənin böyük yükünü daşıyır.
Fidan səhərin sübh çağında yuxudan oyanır, yaşıdları məktəbə gedəndə o, çörək pulu dalınca Suraxanıdan İçərişəhərə gəlir. Səhərdən axşama qədər qədim şəhərin küçələrində ac-susuz o baş-bu başa gəzib salfet satır. Daha doğrusu, satmağa çalışır.
Lent.az xəbər verir ki, balaca Fidanı tele-aparıcı İlhamiyyə Rzanın təşəbbüsü ilə “SOS” uşaq kəndinin sosial işçiləri və bir neçə könüllülərlə birlikdə ziyarət edib.
Balaca qəhrəmanımızın ən böyük arzusu məktəbə getməkdir. 10 yaşı olsa da, bir gün belə məktəbə getməyən Fidan cəmi bir söz yaza bilir. Ondan yazmağı xahiş edirik. Bloknotu dizinə qoyur, qələmi sol əlinə alır, belini büküb ağ vərəqə o bildiyi tək sözü yazır: ATA!
Fidan adını sevərək yazdığı atasını həbsdə bilir. Deyir, az qalıb. Atam 1-2 ilə çıxacaq. Və həsrətlə o günü gözləyir. Əslində… Əslində isə atası həbsdən çoxdan çıxıb. İki ilə yaxındır, iki balası ilə bir damın altında tək yaşayan Xəyalə xanım övladlarını bu yalanla ovundurur.
Hüseynova Fidanın atasıyla anası Gəncədə tanış olub evləniblər. Raminin anası evləndikləri ilk gündən gəlinini qəbul etməyib, ta bu günə qədər. İki ilə yaxındır ki, Ramin iki balasını Bakıda atıb anasının yanına qayıdıb. Bunları balaca Fidanın anası danışır.
Atası gedəndə körpə olan 5 yaşlı Rəhman bu gün atasını yaxşı tanımır. Ona “Fidanın atası” deyə xitab edir.
Uşaqlarda atasına nifrət oyanmasın deyə Xəyalə belə bir yalan uydurub: “Atanız həbsdədi”. Hərdən zəng edib uşaqları atası ilə də danışdırır. Daha əvvəl də atasının həbs olunduğunu bilən Fidan üçün bu yalan lap inandırıcı olur.
Xəyalə təkbaşına işləyib uşaqlarını da saxlayırmış. Ta ki, Balakənə qonaq gedəndə yanana qədər.
– Kəndə getmişdim. Ayağım ilişdi yemək qazanının üstünə yıxıldım.
Əsas işlək qolu – sağ qolu demək olar ki, başdan ayağa  yanıb. Hadisə bir ay olar baş versə də, bu gün də yanıqların yeri sağalmayıb. Qəza baş verənə qədər xadiməlik edib balalarını saxlayan ana yaralarının tez sağalacağına və özünə yeni iş tapacağına ümid edir. Çünki qəzadan sonra köhnə işini itirib.
Fidanın küçələrdə salfet sataraq qazandığı gündəlik 5-10 manatdan artıq ailəyə gəlir gəlmədiyindən ödənməyən işıq, qaz və kirayə pulları üst-üstə yığılıb. Suraxanıda çiy kərpicdən tikilmiş daxmanın aylıq yüz manat kirayə haqqını da verə bilməyib. Üstəlik qonşu dükana da xeyli borcu toplanıb.
Arxa otaqda Fidanla söhbətləşirik. Deyir, kaş əlimdə çox pulum olaydı, evi dolandıraydım.
– Anama, qardaşıma baxardım. Evimiz olaydı, məktəbə gedəydim, namaz qılaydım. Bir də…
Əlləriylə bədənini göstərib:
– Bir də qəşəng don istəyərdim. Həmişə bu paltarı geyinirəm.
Sonra nəsə düşünüb həyəcanla düzəliş edir:
– Arada yuyuram haaa!
Gözlərini süzdürə-süzdürə:
– Təmizdilər. Hə, təzə paltar istəyərdim. Ayaqqabı da. Özü də çəhrayı rəng…
Sonra qulağıma pıçıldayır:
– Anam bayaq sizə nə dedi? Atam çıxıb dedi?
– Yox, qızım, səhv başa düşmüsən. Atan əvvəl də tutulubmuş. Anan onu deyirdi ki, bir dəfə tutulub çıxıb.
– Hə, deyirəm axı, atam çıxsaydı, yanıma gələrdi.
İkimiz də susuruq.
Fidangili ziyarətə tele-aparıcı İlhamiyyə Rzanın təşəbbüsü ilə “SOS” uşaq kəndinin sosial işçiləri və bir neçə könüllülərlə birgə getmişdik. Getməyə hazırlaşdığımızı görən Fidan dərhal yerindən sıçradı, divanın başında duran salfet torbasını əlinə alıb qapıda hazır oldu:
– Sizinlə şəhərə qayıtmalıyam. Evdə yağ, qənd yoxdu. Bu gün də alverim olmayıb. Cəmi bir manatlıq.


















Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın