Bazar , Noyabr 29 2020
Ana səhifə / Şou Biznes / Bakıda məmurlar üçün dini mövzuda seminar keçirilir – FOTOLAR

Bakıda məmurlar üçün dini mövzuda seminar keçirilir – FOTOLAR

Bakıda ölkəmizin şəhər, rayon icra hakimiyyəti başçısı aparatlarının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavinləri-dini qurumlarla işin təşkilatçılarının seminar-müşavirəsi fevralın 13-də işini davam etdirib.

“Azərtac” xəbər verir ki, seminar-müşavirənin ikinci günü Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev “Azərbaycan multikulturalizminin inkişaf perspektivləri” mövzusunda çıxışı ilə başlayıb.
Kamal Abdullayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev son dərəcə uzaqgörən siyasi həssaslıq nümayiş etdirərək, 2016-cı ili “Multikulturalizm ili” elan edib. Bunun böyük əhəmiyyəti var. Bu, yalnız Azərbaycan üçün deyil, həm də beynəlxalq aləm üçün böyük önəm kəsb edir. “Azərbaycan Prezidentinin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi dünya ictimaiyyətinə, intellektual qüvvələrə bir çağırışdır. Dövlətimizin başçısı düşünülmüş bu addımı atmaqla Azərbaycan xalqının indiyə qədər yaşatdığı və bundan sonra da yaşadacağı dəyərləri bəyan edib. Bu multikultural dəyərlər hansılardır? Mərhəmət hissi, başqasının halına acıma hissi, başqasını özündən seçməmək hissi. Bu, bizim xalqımıza xas dəyərlərdir”, – deyə K.Abdullayev vurğulayıb.

“Dövlət-din məsələlərinə milli təhlükəsizlik kontekstindən baxış” mövzusunda çıxış edən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat Baş İdarəsinin rəisi İsmayıl Bağırov Xidmətin yerli icra hakimiyyəti orqanları ilə birgə fəaliyyətini dini radikalizmə qarşı mübarizənin ən səmərəli üsulu kimi dəyərləndirib. Nardaran hadisələrinə toxunan İ.Bağırov bildirib ki, bəzi qüvvələr din pərdəsi altında öz siyasi və digər məqsədlərini həyata keçirməyə çalışırdılar. Nardaran qəsəbəsində yerli camaatın tanımadığı, özünü dindar adlandıran bir qrup təxribatçının inanclı, mömin sakinlərə heç bir aidiyyəti olmayıb. Hazırda Nardaranda həyat normal axarı ilə davam edir.
Bu gün İŞİD terror qruplaşmasının bütün dünya üçün ciddi problemlər yaratdığını qeyd edən idarə rəisi Azərbaycanda bu kimi ekstremist təşkilatların ciddi sosial dayağının olmadığını vurğulayıb. Bildirilib ki, mütəmadi olaraq həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində İŞİD və digər terrorçu təşkilatların, eləcə də başqa qanunsuz silahlı birləşmələrin tərkibində fəaliyyət göstərən şəxslər cinayət məsuliyyətinə cəlb olunurlar.

İsmayıl Bağırov dövlətimizin başçısı tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan olunmasını hazırkı ictimai-siyasi şəraitdə, eləcə də dünyada baş verən etnik və dini zəmində qarşıdurmalar fonunda çox uğurlu addım kimi dəyərləndirib.
Daha sonra seminar-müşavirədə akademik Vasim Məmmədəliyevin “Azərbaycanda İslam: tarixçilik və müasirlik” adlı çıxışı dinlənilib. İslamın tarixi, milli mənəvi dəyərlərimizdə yeri, dövlət-din münasibətləri barədə iştirakçılara ətraflı məlumat verən V.Məmmədəliyev bildirib ki, dini dəyərlər Azərbaycan xalqının da milli mənəvi dəyərlər sisteminin mühüm tərkib hissəsini təşkil edir. Mədəniyyətimizin tarixi keçmişi və bu günü həmin dəyərlərlə bilavasitə bağlıdır. Dinlə elmin vəhdətinin vacibliyinə toxunan akademik İslamda elmə yüksək dəyər verildiyini diqqətə çatdıraraq qeyd edib ki, İslamın tanınmış nümayəndələri cərgəsində Azərbaycan alimləri və dinşünasları da dünya elminə böyük töhfələr veriblər.

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …

Bir cavab yazın