Ana səhifə / Şou Biznes / Bakıda insanları “iş var” adı ilə aldadırlar – FOTOLAR

Bakıda insanları “iş var” adı ilə aldadırlar – FOTOLAR

Ölkəmizdə maddi böhran hökm sürür. Bir çox iş yerləri ya bağlanıb, ya da ixtisarlara gedib. İnsanların çoxu işsiz qalıb. Bu da bəzi fırıldaqçılara öz çirkin əməlləri üçün münbit şərait yaradıb. 
Belə ki, musavat.com-a daxil olan çoxsaylı şikayətlərdən məlum oldu ki, özünü Aqil kimi təqdim edən şəxs, iş elanları yerləşdirilən saytlarda “İşçi axtarılır” adı ilə elan verir və bunun sayəsində iş axtaran insanları “tələ”yə salır.
Həmin elanda müxtəlif peşələr üzrə işçiyə ehtiyac olduğu, iş istəyənlərin verilən telefon və e-mail vasitəsi ilə əlaqə saxlamaları barədə təklif yazılıb. Bu elana aldananlardan biri olan şikayətçimiz (redaksiya adını gizli tutmağa qərar verib-red.) özü haqda məlumatı həmin şəxsə göndərib.
Bir müddət sonra həmin nömrədən, whatsapp vasitəsi ilə belə bir cavab gəlib: “MR-AZƏRİŞ MMC təmir-tikinti və yaşıllaşdırma şirkətinə sürücü işi üçün müraciət etmisiniz. Özünüz haqda bizə göndərdiyiniz məlumatlar işə uyğundur. Müraciətiniz təsdiq olunur. Fevralın 10-u işə çağrılırsınız. İşiniz sürücü, pikap avtomobil, 700 AZN əməkhaqqı, 09:00-18:00-a qədər iş saatı, bazar günləri istirahət… Nahar və geyim şirkət tərəfindən verilir”.
Keçək, əsas məsələyə… Buraya qədər yazılanlar qurbanın başını aldatmaq üçün idi. Artıq əsl məqsəd bu cümlələrdə yer alır: “Əmək sığortalıdır. Yeni qəbul olunan işçilərin və əməyin sığortalanması məqsədi ilə Milliön ödəmə terminalından 19 AZN sığorta köçürməsi etməlisiniz. Bu, minimum 6 ay ərzində bizim şirkəti tərk etməyəcəyinizə dair sığorta ödənişidir. Əgər ödəniş etməsəniz, sizin yerinizə başqası işə götürüləcək”.
Göndərilən mətndə ödəmənin necə aparılması, hesab nömrəsi də qeyd edilib. Bununla yanaşı, mr-azeris.weebly.com adlı sayt da yazılıb. Bu haqda kiçik bir araşdırma da apardıq.
Göstərilən sayt ünvanı mövcuddur. Amma…
Sayt pulsuz, hər kəsin rahatlıqla bloq yarada biləcəyi weebly.com domaini üzərində qurulub. Ana səhifədə göstərilən fotolar başqa şirkətlərin projelərindən və ya internetdən götürülüb.
Yəni, MR-AZƏRİŞ MMC təmir-tikinti və yaşıllaşdırma şirkətinə aidiyyəti yoxdur. Ümumiyyətlə, belə bir şirkət mövcud deyil.
Burada xüsusi qeyd edək ki, verilən elanlarda belə bir cümlə var: “Nömrəyə zəng çatmasa, whatsapp-la əlaqə saxlayın”.
Həqiqətən də həmin nömrəyə ya zəng çatmır, ya da cavab verən olmur. Özünü “Aqil müəllim” kimi təqdim edən şəxs heç kimlə telefonla belə bağlantı qurmur.
Üstəlik, müxtəlif saytlarda verilən elanlarda onun adları da fərqlidir. Məsələn, bir saytda eyni nömrə “Aqil müəllim”, digərində isə, “Anar müəllim” adı ilə qeyd edilib.
Musavat.com saytı olaraq, oxucularımızın diqqətinə çatdırırıq ki, belə fırıldaqçılarla ünsiyyətdə ehtiyatlı olsunlar.



Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın